AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Sumbatzadə Əlisöhbət Sumbat oğlu
Akademik Əlisöhbət Sumbatzadənin elmi yaradıcılığı barədə danışarkən bir məsələni xüsusilə qeyd etmək lazımdır. O, sanballı tarixçi alim olmaqla yanaşı, həmçinin Azərbaycanda iqtisadi tarix elminin əsas və ilk yaradıcılarından biri sayılmalıdır. iqtisadi tarix elminin formalaşması, bu sahədə görkəmli alimlərin yetişdirilməsi, Azərbaycanın iqtisadi tarixinin ən çətin və mürəkkəb sahələrinin öyrənilməsi Əlisöhbət Sumbatzadənin, onun yaratdığı elmi məktəbin adı ilə bağlıdır.
Respublikada iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli şəraitin yaradılması, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur. 1907-ci ildə Bakının Əmircan kəndində anadan olmuş Əlisöhbət Sumbat oğlu Sumbatzadə 85 illik kəşməkeşli həyatının yarım əsrdən də çoxunu zəngin tariximizin, ictimai-iqtisadi və fəlsəfi fikrimizin müxtəlif problemlərinin araşdırılmasına həsr etmiş, bu sahədə xalqımıza fundamental monoqrafiyalar bəxş etmişdir. Azərbaycan xalqının imperiyaya qarşı ilk milli-azadlıq hərəkatına həsr edilmiş "1837-ci il Quba üsyanı" (Bakı, 1961), Azərbaycanın kapitalizm formasiyasını keçməməsi, xalqımızın isə feodal-patriarxal uklada, adət-ənənələrə malik olması kimi "elmi" böhtanlara tarixi faktların dili ilə cavab verməsi, bu tezislərin qeyri-elmi, əsassız ittihamlar olduğunu təsdiq etməsi "XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı" (Bakı, 1958), məhz XIX əsrdə Azərbaycanın Rusiya imperiyasında zəngin sənaye potensialına malik olmasına həsr etdiyi "XIX əsrdə Azərbaycan sənayesi" (Bakı, 1964) kimi fundamental monoqrafiyaları da yola saldığımız əsrdə yazılmış, ərsəyə gətirilmişdir.
Akademik Ə.Sumbatzadənin xalqımız qarşısında böyük xidmətlərindən biri də Azərbaycan xalqının köçəri olması, həm də Bakı müstəsna olmaqla ümumilikdə Azərbaycanın kapitalizm formasiyasını keçməməsi fikirlərinin qeyri-elmi olmasının tarixi faktlarla əsaslandırılmasıdır. Bu problemlərə alimin "XIX əsrdə Azərbaycanın kənd təsərrüfatı" adlı əsərində cavab verildi. Azərbaycan qəzalarının timsalında kənd təsərrüfatının demək olar ki, bütün sahələrini tədqiq edən müəllif, qətiyyətlə sübut etdi ki, Azərbaycanda tarix boyu üzümçülük, əkinçilik, ipəkçilik, pambıqçılıq, tütünçülük və digər aparıcı sahələrdə əmtəə istehsalı və muzdlu əmək üstünlük təşkil edib. Bu isə kapitalizmin kənd təsərrüfatında əsas və başlıca göstəricisi demək idi.
Adı çəkilən əsərdə elmi həllini tapan digər problem Azərbaycan xalqını köçəri adlandıranlara cavabın verilməsidir. Maldarlıq təsərrüfatının xarakterini təhlil edən müəllif, Azərbaycan maldarlarının yaz və yayda yaylağa, qışda isə qışlağa köçmələrini əsas götürüb, azərbaycanlıları köçəri adlandıran XIX əsr müəlliflərindən fərqli olaraq, bunu köçərilik əlaməti deyil, düzgün olaraq Azərbaycanın təbii-coğrafi şəraiti ilə izah etmiş,bununla da azərbaycanlıların köçəri xalq olmaması ınəticəsinə gəlmişdir. Deməli, adı çəkilən hər iki problemə tarixşünaslığımızda elmi cavab vermək də məhz Ə. Sumbatzadənin adı ilə bağlıdır.
XIX əsrdə Azərbaycanın ictimai-iqtisadi tarixinin bütün mənzərəsinin elmi təhlilini vermək üçün onun sənaye həyatının öyrənilib tədqiq edilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Bu vacib, ümdə problemin elmi həlli də tarixşünaslığımızda yenə böyük alimin adı ilə bağlıdır. 1964- cü ildə "Elm" nəşriyyatı tərəfindən buraxılan "XIX əsrdə Azərbaycan sənayəsi " adlı əsəri ilə müəllif tarixşünaslığımızda yeni bir elmi istiqamətin - iqtisadi tarixin əsasını qoydu.
1970 - ci ildə Leninqradda (Sankt Peterburq), 1974-cü ildə Budapeştdə iqtisadi tarix üzrə keçirilən Beynəlxalq konqreslərdə akademik Əlisöhbət Sumbatzadənin və onun başçılıq etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyətinin səmərəli fəaliyyətini iqtisad elmimizin yadda qalan nailiyyətlərindən hesab etmək olar.
Cəsarətlə demək olar ki, hər iki monoqrafiya keçmiş Sovetlər məkanında yüksək səviyyədə yerinə yetirilmiş, Azərbaycan xalqının iqtisadi fəaliyyəti, vətənimizin inkişaf potensialı barədə zəngin və dərin tədqiqatlar idi. Əlisöhbət Sumbatzadə dünyanın ən nüfuzlu elmi məclislərində sübut edirdi ki, Azərbaycan özünün iqtisadi inkişaf səviyyəsinə görə XIX əsr, XX əsrin əvvəllərində geridə qalan diyar sayıla bilməz, burada gedən ictimai-iqtisadi proseslərə dünyanın inkişaf kontekstindən yanaşılmalı və qiymət verilməlidir. XIX əsr və XX əsrin əvvəllərlndə Azərbaycanın inkişafı barədə reallıqların beynəlxalq elmi aləmə çatdırılmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur.
Cəfakeş alimin bir çox elmi əsərləri Azərbaycandan kənarda çap olunmuşdur. Əlisöhbət Sumbatzadə öz məruzə və çıxışları ilə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfranslarda respublikamızı, onun ictimaiyyətşünaslıq elmini ləyaqətlə təmsil etmiş,xalqımıza baş ucalığı gətirmişdir. O, sözün həqiqi mənasında elm fədaisi və təşkilatçısı idi. Azərbaycan tarixi və iqtisadiyyatında bu gün əzmlə çalışan yüzlərlə yüksək ixtisaslı alim-tədqiqatçılar məhz Ə. Sumbatzadə şinelindən çıxanlardır, Əlisöhbət müəllimin adı ilə bağlı məktəbin yetirmələridir.
Əlisöhbət Sumbatzadənin elmi, pedaqoji irsindən söz açarkən onun elm tariximiz haqqında yazdığı onlarca dərin məzmunlu məqalələrini unutmaq olmaz. O hələ 50-ci illərdən başlayaraq respublikada ictimai elmlərin, əsasən Azərbaycan tarixşünaslığının, iqtisad elminin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir, bu sahənin respublika hüdudlarından kənarda da tanınması sahəsində əlindən gələni əsirgəmirdi. Azərbaycan tarixinin öyrənilməsi, tədqiqi və bu sahədə qarşıda duran ümdə vəzifələr haqqında yazdığı sanballı məqalələri təkcə Azərbaycanda və keçmiş İttifaqda deyil, həmçinin xarici ölkələrdə də çap olunmuşdur. 1958 -ci ildə Azərbaycan EA Şərqşünaslıq İnstitutu təşkil olunduqdan sonra Ə.S.Sumbatzadə həmin elm mərkəzində öyrənilən "Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı" probleminin rəhbəri olmuşdur.
Akademik Ə.S.Sumbatzadəni respublikamızda və ondan kənarda həm də bacarıqlı elm təşkilatçısı kimi tanıyırdılar. 1957-1959 - cu illərdə Azərbaycan EA-nın vitse-prezidenti, sonra Yaxın və Orta Şərq Xalqları İnstitutunun direktoru və İctimai elmlər bölməsinin akademik-katibi vəzifəsində işləyərkən, onun təşkilatçılıq fəaliyyəti özünü daha bariz şəkildə göstərmişdir. Onun rəhbərliyi altında aparılan tədqiqatlar xaiqımızın milli tarixi, arxeologiyası, etnoqrafiyası, memarlığı, incəsənəti, dili, ədəbiyyatı, iqtisadiyyatı, fəlsəfi fikri və şərqşünaslığının ən ümdə problemlərinin araşdırılmasına yönəldilmişdir.
Bu gün respublikanın bir çox görkəmli iqtisadçı alimləri Ə. Sumbatzadə məktəbindən çıxmaqlarıyla Əlisöhbət müəllimin adı ilə bağlı olan elm məktəbinin, daha doğrusu, akademiyasının üzvləri olmalarıyla fəxr edirlər. Öyünürlər ki, onlar da onun elm ocağında isinmiş, ondan elmi məsləhətlər alaraq, qarşılarına qoyduqları elmi problemlərin həllində iştirak etmiş, bir sözlə, Azərbaycanda Sumbatzadənin adı ilə bağlı elm karvanının adi üzvləri sayılırlar.
Akademik Ə. Sumbatzadə dünya görmüş, zaman yaşamış şöhrətli alim idi. Düşüncəsi dərin, fikri aydın, məntiqi güclü, erudisiyası geniş, hafizəsi qibtəedici idi.
XX əsr haqqında düşünərkən onun xalqımızın tarixində, mədəni həyatında hansı izlər buraxdığı istər-istəməz gözümüz önündə canlanır. Azərbaycanın iki dəfə müstəqillik qazanması, elm, təhsil ocaqlarımızın yaranıb inkişaf etməsi, respublikamızın dünyada tanınması və onlarca yadda qalan digər hadisələr məhz bu əsrlə bağlıdır. Lakin bütün bunlarla yanaşı, XX əsr həm də xalqımızın yaddaşında neçə-neçə elm xadimlərimizin yaşayıb-yaratması, tarixə çevrilməsi ilə yadda qalacaqdır. Onların sırasında elmi irsi, neçə-neçə sanballı monoqrafiyaları ilə yanaşı, həm də xüsusi görkəmi, ali elmi məclislərdə özünəməxsus çıxışları, çoxlarına nəsib olmayan hazırcavablığı, müdrik ıməntiqi və natiqlik məharəti ilə seçilən Əlisöhbət Sumbatzadə adlı bir elm cefakeşinin də olması şübhəsizdir.
1992-ci ildə dünyasını dəyişmişdir.
Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır