AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

“Ən güclü nəzarət vicdandır”

 “Ən güclü nəzarət vicdandır”

 

Elşad Səmədzadə,

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini,

iqtisad üzrə fəlsəfə doktoru

 

Azərbaycan İqtisadçılar İttifaqı adından bütün tədbir iştirakçılarını salamlayıram və öncə ardıcıl, tezliyi artan və Azərbaycana yeni intellektual  əlaqələr bəxş edən Vahid Novruzova və onun rəhbərlik etdiyi Azərbaycan Auditor Palatasına təşəkkürümü bildirirəm.  

Qonaqlarımızı salamlayıram. Gidemenis dağının əzəmətini Bakıya hiss etdirən və “Allah üçlüyü sevir” fəlsəfəsini auditə gətirən xanım Kristina Bernotaiteni salamlayıram. Burda Aİ-nin nümayəndəsi iştirak edir. Onu salamlayıram. Bu gün burda çox maraqlı müzakirələr gedir.

Burada Mərkəzi Bankın nümayəndəsinin maraqlı çıxışını dinlədik. Vahid müəllimin qeyd etdiyi kimi, doğrudan da, auditin inkişafında bank sisteminin böyük rolu vardır. İstər xarici bankların Azərbaycanda nümayəndəliklərinin açılması, istərsə də Azərbaycan banklarının xarici ölkələrdə nümayəndəliklərinin açılması, yəni beynəlxalq iqtisadi mühitlə sırf təmas bank ictimaiyyətini audit qaydalarını tətbiq etməyə sövq edir. Onlar bu işi müvəffəqiyyətlə həyata keçirir. Şübhəsiz, bu Mərkəzi Bankın sistemli fəaliyyəti nəticəsində mümkün olmuşdur. Elə auditlə bağlı ötən tədbirə İqtisadi İnkişaf Nazirliyinin icazeler.gov.az saytının prezintasiyasında ishtirakdan gəldim. İqtisadi İnkişaf Nazirliyinin bu sahədə şəffaflığın artırılması, beynəlxalq inteqrasiya sahəsində gördüyü işlər çoxdur. Bu, şəffaflığın artması istiqamətində mühüm hadisədir. Vergilər  Nazirliyinin rəsmi internet səhifəsi isə müstəqil ekspertlər tərəfindən innovativ iqtisadiyyatın nümunəsi kimi qiymətləndirilir. ARDNŞ-nin bu sahədə işi göz qabağındadır.

Bu yaxınlarda biz Ərzurumda Türkiyə-Azərbaycan münasibətlərinin 20 illiyi ilə bağlı geniş tərkibli tədbirdə iştirak edirdik. Orda belə bir fikir səsləndi ki, Azərbaycan Türkiyəyə daha çox sərmayə yatırıb, nəinki Türkiyə Azərbaycana. Bu da birinci növbədə ARDNŞ-nin  İzmirdə istifadəyə verdiyi neft emalı zavodu ilə bağlıdır. Əlbəttə, bu proseslər neft şirkətinin beynəlxalq şəffaflığının artması nəticəsində baş verir.  Yəni neft şirkətinin şəffaflığı və beynəlxalq standartlara uyğunluğu göz qabağındadır, təqdirəlayiqdir.

 

Azərbaycan dinamik inkişaf edir. Bu inkişaf ilk baxışdan xarici mühitdə infrastrukturda görünürsə, 3 dəfə dahi sayılan Hermesin “xaricdə nədirsə, daxildə də odur“ fəlsəfəsinə uyğun institusional dəyişikliklər də baş verir. Beynəlxalq aləmlə, ilk növbədə, Avropa İttifaqı ilə səmərəli kontakt, inteqrasiya davam edir, münasibətlər dərinləşir, sağlamlaşır. Burada auditin və bu gün söhbət açdığımız,  onun nüvəsi sayıla bilən daxili auditin böyük rolu var. Xronologiyaya nəzər yetirək. Azərbaycanda müstəqillik qazanıldıqdan sonra auditin inkişafı beynəlxalq aləmə istiqamətlənmiş, xarici auditlə bağlıdır. Çünki ölkənin müstəqilliyinin ilk dövrlərində Azərbaycanın potensialının qiymətləndirilməsi və ictimai əhəmiyyətli qurumlara, digər böyük təşkilatlara,  istər BVF, istər Dünya Bankı, istərsə də başqa potensial investorlar tərəfindən maraq göstərilməsi ilə bağlı olmuşdur.  Beləliklə, əvvəl xarici audit stimullaşdırılırdı, amma getdikcə Azərbaycanda qeyri-dövlət sektoru inkişaf etdikcə, daxili audit inkişaf edirdi. Bu gün Azərbaycanda istehsal olunan  5 məhsul vahidinin təqribən 4-ü qeyri-dövlət bölməsinin payına düşür.  Bu inkişaf sahibkarların - təsisçilərin  menecmentdən bir qədər kənarlaşması və cari, sistemli nəzarəti digər struktur vahidinə, yəni daxili auditə verməsi ilə nəticələndi. Ümumilikdə götürsək, dünyada da daxili auditin 3-cü minilliyin əvvəlindən yeni yüksəliş dövrünə qədəm qoyduğu qəbul edilib. Bu da böhran dövründə xarici auditin hadisələri görməsi və qabaqlayıcı proqnozlarda olan problemlərlə əlaqəli oldu.  Azərbaycan  üçün bu institutun inkişafına baxanda maraqlı  məqamlar əmələ gəlir. Daxili audit həm xarici auditlə, həm də bizim keçmiş sistemdən miras qalan nəzarət təftiş idarələri ilə təmasdadır. Səmərəli inteqrasiyadan söhbət gedəndə deyə bilərəm ki, bu gün beynəlxalq siyasi təşkilatlar bunu önə çəkməsələr də, iqtisadi təşkilatlar mütləq daxili auditin olmasını önə çəkir. Digər tərəfdən, daxili audit təşkilatı nəzarət-təftiş idarələrinin funksiyalarını təkrarlamır. Əgər nəzarət-təftiş idarələri retrospektiv baxışla məşğuldursa, “nə olub, necə olub” sualına cavab verirsə, daxili audit nə etməli sualına cavab verir və gələcək inkişafı müəyyən edir. Burda da 80-nin 20-yə nisbətinin qorunması məsləhət görülür. 80 faiz zəmanətlərin, obyektiv informasiyanın  verilməsi, 20 faiz isə məsləhətlərin verilməsi. Burda maraqların toqquşması ola bilər ki, daxili auditlə məşğul olan təsisat bu gün məsləhət verir, bir ildən sonra isə həmin məsləhətin gerçəkləşməsi yoxdur. Onda maraqların toqquşması məsələsi olur, yəni bu məsələni də diqqətdə saxlamaq lazımdır.

Ümumi şəkildə onu demək istəyirəm ki, bu institutun əhəmiyyəti cəmiyyət tərəfindən daha güclü dərk olunmalıdır. Bu institutun əhəmiyyəti cəmiyyət tərəfindən dəstəklənməlidir. İqtisadiyyatda  əsas məsələ var – məhdud resurslarla artan tələbatları təmin etmək. Bax, daxili audit vasitəsilə bu məsələnin həllinə kömək etmək olar. Çıxışımı belə bir fikirlə  ümumiləşdirmək istəyirəm.   “Ən güclü nəzarət vicdandır ”. Vicdan da ən əsas daxildə olmalıdır ki, bu da korporativ vicdan anlayışını  ortaya çıxararaq daxili audit üçün böyuk imkanlar açır.

Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır