AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
28.12.2016

7 dekabr 2016-cı ildə Azərbaycan Tibb Universitetində iqtisad elmləri doktoru, professor Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransın kitabı nəşr olunmuşdur.  Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, ADİU-nun dosenti, BMA-nın müxbir üzvü, i.f.d. Elşad Səmədzadənin həmin kitabda dərc olunduğu məqaləsini diqqətinizə çatdırırıq.


 

 

Qlobal çağırışlar və Azərbaycan iqtisadiyyatı

Dünya XXI əsrin II onilliyini tamamlamağın astanasındadır. Dövrümüz dünya siyasətinin dünya iqtisadiyyatına güclü təsiri ilə xarakterikdir. Hazırda planetdə siyasi gərginlik 1961-ci ildəki Karib böhranından sonra ən yüksək həddə çatmışdır. ABŞ-ın Türkiyədə, SSRİ-nin isə Kubada yerləşdirdiyi raketlərlə bağlı baş verən və Xruşov-Kennedi qarşıdurması adı ilə tarixə düşən bu böhrandan sonra bəşər yarım əsr ciddi nüvə xofu olmadan yaşamışdır.

Günümüzdə hərbi xərclərin, qeyri-müəyyənliyin artması fonunda ümumi iqtisadi artım sürətinin azalması baş verib. Neftin qiymətinə ümumi iqtisadi tənəzzüllə yanaşı, bu sərvətin qiymətinin azalmasına yönəldilmiş kompleks qeyri-iqtisadi amillər təsir edib. Son on ildə bu sərvət ciddi qiymət tərəddüdü dövrünü yaşayıb. Belə ki, 4 iyul 2008-ci il tarixində 1 barrelinin (159 litr) qiyməti 146,3$-a çatmış neft (brent markası) 20 yanvar 2016-cı ildə 26,6$-a eniş nöqtəsinə düşüb. Düzdür, indi müəyyən sabitləşmə var. 2016-cı ilin 3 avqust-11 oktyabr ayları məlumatlarını götürsək, qiymət 41-53,1$ arasında olub (ən aşağı və yüksək qiymətlər).

Bu kəskin dəyişikliklər dünyanın bir sıra neft ixracatçı ölkəsində ciddi  iqtisadi, sosial, siyasi fəsadlar yaradıb. Azərbaycan da neft ixracatçısı kimi dünyəvi problemlərlə üzləşib. Milli iqtisadiyyatımıza əlavə mənfi təsir həm də əsas iqtisadi tərəfdaşlarımızdan olan Rusiya Federasiyasına qarşı yönəldilmiş Qərb sanksiyaları olub. Həm qonşu ölkədə əməkçi-miqrant kimi çalışan soydaşlarımızın vətənə göndərdiyi vəsaitin kəskin azalması, həm də rublun ABŞ dollarına nəzərən ucuzlaşması nəticəsində Rusiya mallarının ölkəmizə artan idxalı və sair amillər milli iqtisadi sistemimizin dayanıqlığına təsir edən amillər kimi çıxış edir.

Amma Azərbaycan dünyanın bu təlatümlü dövründə belə öz strateji dayanıqlığını qorumuşdur və bu mövqeyin daha da güclənməsi üçün ciddi tədbirlər görür. Çünki dünyanın tərəddüdlü inkişafının yüksəlişindən tənəzzül dövrünədək ölkəmiz böyük hazırlıq görmüşdür.

Ümummilli lider Heydər Əliyevin yeni dövlətçilik strategiyası nəticəsində ölkənin iqtisadi, sosial, siyasi cəhətdən sıçrayışla irəli atılması, maliyyə sabitliyi və böyük həcmdə ehtiyatların yaradılması, institusional quruculuq, infrastruktur layihələrinin uğurlu icrası Azərbaycanı dünyaya yeni simada təqdim edib. 1991-2015-ci illərdə dünya iqtisadiyyatının təqribən 4 dəfə artdığı dövrdə (72 trilyon$, 2015) milli iqtisadiyyatımız  21.7 dəfə böyüyərək (53 milyard$, 2015), artım sürətinə görə bəşəri liderlərdən birinə çevrilmişdir.

Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədr olması, mötəbər beynəlxalq təsisatların tədbirlərinə ev sahibliyi etməsi ictimai həyatın bir çox sahələrində inkişaf etdiyimizi cahana bəyan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət quruculuğu ənənələrinin davam etdirilməsi ölkəmizin dünya birliyində daha layiqli yer tutacağından xəbər verir. Bu, çox mürəkkəb prosesdir. Çünki dünya maraqları vətənimizdə cəmlənmişdir. Bunun səbəblərindən biri də Azərbaycanın irəlidəki sxemdə göstərilən nüfuzlu qlobal xətlərin kəsişməsində dayanmasıdır.

Qlobal xətlərin ölkəmizə istiqamətlənməsində, heç şübhəsiz, Azərbaycan dövlətinin apardığı siyasətin rolu böyükdür. Dünyadakı mürəkkəb şəraitə çevik cavab vermək üçün Azərbaycan da islahatlar aparır. Düşünürəm, zəruri məqsəd, alət (vasitə) və resursları qisaca belə ifadə etmək olar:

 Məqsədlər:

Ali məqsəd

  • Davamlı inkişafın təmin edilməsi: iqtisadi, sosial və ekoloji amillərin uzlaşdırılması / İnsan İnkişafı İndeksinin yaxşılaşdırılması (əsas güc nəyə yönəldilməli?)

Aralıq məqsədlər: (ardıcıl olaraq ifadə olunub)

  • Layiqli məşğulluğun təmin edilməsinə (bunun üçün nə etməli?)
  • ÜDM-in artırılmasına səy etmək (ÜDM necə olsun?)
  • İqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə; dayanıqlı, şaxələnmiş, tarazlı, modernləşən, dərin emala, innovativ istehsala, idxal əvəzlənməsinə, daxili tələbin böyüməsinə, ixraca istiqamətlənən iqtisadiyyata əsaslanan (bunun üçün nə etməli?)
  • Sahibkarlıq mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşunun artırılmasına səy edilməsi

Məqsədlərə çatmaq üçün alətlər (vasitələr)

-  vergi

-  gömrük

-  sosial tədiyyə

- rüsum

- tarif

- bank, valyuta

- sığorta

- qiymətli kağızlar

- dövlət satınalmaları

- dövlət əmlakının özəlləşdirilməsi

- təhsil

- elm.

Resurslar:

- insan resursları;

- maddi resurslar;

- təbii resurslar;

- infrastruktur;

- dövlət fondlarının vəsaiti;

- maddi-texniki baza.

İnstitusional resurslar:

  • dövlət qurumları;
  • qeyri-hökumət təşkilatları.

Mənəvi resurslar:

  • milli-mənəvi dəyərlər.

Məruzədə bu məsələlər haqqında ətraflı danışılır. Əlbəttə, bu vacib istiqamətləri müzakirə etmək, artırmaq, çağırışlara uyğun yeniləmək mümkündür.

Bütün bu istiqamətlərin güclənməsi üzrə Azərbaycan dövləti böyük işlər görür. Elmi ictimaiyyətin isə rolu ondan ibarət ola bilər ki, dünya təcrübəsi və fərdi nəticələri ilə bu istiqamətləri dəstəkləsinlər, gücə güc qatsınlar.

Sürət amilinin bəşərin inkişafı boyunca artdığını və bunun tərəddüd dövründə şiddətləndiyini zərurət kimi qəbul edir və bunu obrazlı ifadə etmək üçün bir Afrika atalar sözünü misal gətiririk: “Fərq etməz: Sən aclığını dəf etmək üçün ova çıxan şirsən, ya da şikar olmaq istəməyən ceyran, günəş çıxdı, qaçmalısan”. Eyni zamanda, qeyd etməliyik ki, islahatlarda sürət amili ilə yanaşı, düzgün ardıcıllığın gözlənməsi də vacib şərtlərdəndir. Görkəmli rus alimi i.e.d., professor Qeorqiy Kleyner islahat səmərəliliyinin artırılması üçün üzvü bağlı olan 3-lük təklif edir: iqtisadi nəzəriyyə, iqtisadi siyasət, təsərrüfat praktikası.

Qlobal çağırışlar çoxdur. Bəs, kim təzadlara layiqli cavab verə biləcək?

T.e.d., professor Kəmaləddin Hacıyevin fikri ilə desək: “Yəqin ki, XXI əsr o xalqlar və mədəniyyətlərin yüzilliyi olacaq ki, şəxsi və ictimai maraqların, habelə Qərb və Şərq ənənələrinin səmərəli vəhdətini təmin etməyi bacaracaq”.

Ümidvarıq ki, dövrün bu çağırışlarına da ölkəmiz layiqli cavab verə biləcək!

 

Elşad Səmədzadə

Azərbaycan İqtisadçılar İttifaqınınsədrmüavini,

ADİU-nun dosenti, BMA-nın müxbir üzvü, i.f.d.

 

 

Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır