AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri
Hadisələr
04.07.2018

“Azərbaycan iqtisadiyyatı qlobal dünya iqtisadiyyatında dəyişikliklər dövründə” mövzusunda Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini,Beynəlxalq Menecment Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, i.f.d.  E.Səmədzadənin beynəlxalq elmi konfransa təqdim etdiyi məqalə


 Azərbaycan iqtisadiyyatı yeni müstəvidə

Siyasət iqtisadiyyatın təmərküzləşmiş ifadəsidir.

Bu təlatümlü zamanda hər bir ölkə özünü xarici, pozitiv olmayan təsirlərdən qorumağa çalışır. Amma bu da mütləq həqiqətdir ki, evin istisinə ətraf mühitin havası təsir edir. Qapalı məkanda temperaturu sabit saxlamaq üçün əlavə enerji sərf etməyə gərək olur. Evin yer örtüyündən hündürdə tikilməsi, divarların qalınlığı, dam altında gil qatının olması, ümumilikdə, uyğun tikinti materiallarından istifadə evin temperaturunun sabitliyinə və enerji qənaitinə, sakinlərin sağlamlığına səbəb olur. Bu təsviri ölkə səviyyəsinə də köçürmək olar.

Bu, inkaredilməz həqiqətdir ki, milli iqtisadi sistem daxilindəki vəziyyətə xarici amillər də təsir edir. Lakin razılaşaq ki, milli iqtisadi sistemin dayanıqlı olması bu təsirləri azaldır. Eyni zamanda, xarici təsirlərin, meqatrendlərin müntəzəm olaraq qiymətləndirilməsi onlardan qorunmaq və verdikləri üstünlüklərdən istifadə üçün çox vacibdir. Dünya iqtisadiyyatında son zamanların əsas iqtisadi şoku neft qiymətlərinin dəfələrlə aşağı düşməsidir. Bu iqtisadi şokun kökündə, heç şübhəsiz, dünya siyasətindəki gərginlik, xüsusilə də bu günə qədər davam edən ABŞ-la Rusiya arasındakı qarşıdurma dayanır.

Hələ ABŞ-ın sabiq prezidenti Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə müşaviri (1977-1981), əslən polyak olan Zbiqnev Kazimir Bzejinski 1997-ci ildə nəşr olunmuş “Böyük Şahmat lövhəsi: Amerikanın üsünlüyü və onun geostrateji əmrləri” əsərində yazırdı ki, Qərb Ukraynaya nəzarət etməlidir ki, Rusiya Avropadan sıxışdırılsın. Əgər bunu etmək mümkün olmasa, onda Polşaya tam nəzarət etmək vacibdir. ABŞ xarici siyasətinin əsas ideoloqlarından biri sayılan Bzejinskinin bu fikirləri geniş ictimaiyyətə bəyan etməsindən 2 il sonra Polşa Şimali Atlantika hərbi blokuna, 5 il sonra isə Avropa İttifaqına üzv qəbul edildi. Daha 1 il sonra, 2005-ci ildə Ukraynada ilk (2010-cu ilədək), 2014-cü ildə isə II qərbmeyilli hakimiyyət qələbə qazandı. Rusiyanı bu qarşıdurmada zəiflətmək üçün ən yaxşı vasitə kimi onun əsas gəlir mənbələrdən biri olan neft qiymətləri hədəfə alındı. Xatırlatmaq yerinə düşərdi ki, ən uğurlu siyasi nikah sayılan ABŞ-Böyük Britaniya İttifaqının rəhbərliyi ilə ötən əsrin 80-ci illərdə SSRİ-nin süquta yetirilməsi üçün ilk dəfə atılmış bu addım “Yeni yaxşı unudulmuş köhnədir” fikrinə uyğun XXI əsrin ikinci onilliyində SSRİ-nin sələfi sayılan Rusiyaya qarşı yenidən tədbiq olundu. Yada salaq ki, 1985-ci ildə 1 barrel (159 litr) Brent markalı neftin qiyməti 27.56 ABŞ dollarından 1986-cı ildə 14.43 ABŞ dollarınadək düşmüşdür.1 ABŞ-ın digər sabiq prezidenti Barak Obamanın 2008-ci ildə ilk seçkisindən əvvəl dediyi “Mənə səs verin, biz Amerikanı dəyişək, mənə səs verin, biz dünyanı dəyişək” fikrinə uyğun dünyanın siyasi mənzərəsi, o cümlədən neft qiymətləri də kəskin dəyişdi.

Belə ki, 4 iyul 2008-ci il tarixində 1 barrelinin qiyməti 146,3 dollara çatmış neft (Brent markası) 20 yanvar 2016-cı ildə 26,6 dollar eniş nöqtəsinə düşüb.  Yada salaq ki, 1 iyul 2008-ci ildə Abxaziya Gürcüstanla sərhədləri bağlayıb, bu da Rusiya-Gürcüstan qarşıdurması ilə nəticələnib.

Neft qiymətlərinin azalması neft ixracatçı ölkələrinə daha çox mənfi təsir edərək, onların gəlirlərini kəskin şəkildə azaltdı. Proses Azərbaycan üçün də çətin oldu. Bu gerçəklik Azərbaycan iqtisadiyyatının, habelə ixracının şaxələndirilməsinin gücləndirilməsi, bütövlükdə iqtisadiyyatın səmərəliliyinin artırılması üçün resursların səfərbər olunmasını zəruri etdi. Ona görə də ölkəmizdə müxtəlif istiqamətlər üzrə köklü islahatlar aparılır və bu da uzunmüddətli inkişaf üçün zəmin yaradır. Reallıq bir daha sübut edir ki, ölkə iqtisadiyyatında baş verən pozitiv dəyişiklikləri davam etdirərək, dünyada gedən prosesləri diqqət mərkəzində saxlamaq vacibdir.

2017-ci ilin ilk aylarının gerçəkliyi ABŞ siyasətində ciddi dönüşlərin baş verdiyini vurğulayır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa görə, ölkəsinin əsas mübarizə hədəfi alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə (AQP) dünya iqtisadiyyatının cəmi 3,28%-nə sahib olan Rusiya yox, payı 15,81% olan ABŞ-ı 17,08%-lə ötmüş Çindir. Qeyd edək ki, Rusiya üsul-idarəçiliyini qəbul etməyən ABŞ demokratiyası bu strateji qarşıdurmanı ləğv etmir, bu administrasiya dövründə taktiki gediş edərək onu təxirə salmağı nəzərdə tutur (nominal ÜDM göstəricisinə görə, Çin 11.008 trilyon dollar, ABŞ 18.037 trilyon dollara malikdir.

Alıcılıq qabiliyyəti paritetinə görə isə Çin ÜDM-i 19.814 trilyon ABŞ dolları olmaqla dünyada liderdir. Dünya Bankının məlumatları, 2015)3/4. Demək, ABŞ siyasətinə görə, əgər neft ixracatçısı olan Rusiyanın zəifləməsi üçün neft qiymətlərinin azalması gərək idisə, neft idxalçısı olan Çinin iqtisadi inkişafına mane olmaq üçün neft qiyməti baha olmalıdır.

Çinin imkanları. Çinin gömrük statistikasına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkəyə idxal olunan neft həcmi 13,6% artaraq 312.28 milyon ton olmuşdur. Amma cəmi ödəmə 19% azalaraq 92,62 milyard dollar təşkil etmişdir. Ümumilikdə, 10 ay ərzində Çin üçün neftin 1 tonunun orta illik qiyməti 416 dollardan 297 dollara düşmüşdür5 (1 barrelinin qiyməti müvafiq olaraq 66.14 dollardan 47.2 dollara). Hesablamalarımıza görə, neftin artmış qiyməti ilə Çin iqtisadiyyatının əlavə ödəyəcəyi məbləğ ildə50 milyard dollardan çox olmayacaq. Bu da Çinin nominal ÜDM-inin 0,45%-dən az olaraq ölkənin dayanıqlığına əhəmiyyətli təsir etməyəcək. Neft qiymətlərinin artması Çin iqtisadiyyatının enerji tutumlu müəyyən sahələrinə təsir edə bilər. Amma sistem əhəmiyyətli iqtisadi sahələri qorumaq və ümumilikdə şaxələnmiş inkişafı davam etdirmək üçün Çin dövləti bu təsiri yumşaltmaq iqtidarındadır. Belə ki, neft qiymətlərinin yüksəkolduğu 2014-cü ildə belə Səmaaltı məmləkət iqtisadi artım göstəricisinə görə dünyada lider ölkələrdən biri olaraq 7,4% artım nümayiş etdirib. Həm də ucuz qiymətlər dövründə Çin dövlətinin mütəmadi olaraq ehtiyat kimi topladığı və 100 milyon tona çatdırmaq niyyətində olduğu ehtiyat nefti də sabitləşməyə kömək edəcək. Qlobal dünyada baş verən hadisələr dünyanın 4 qütblü hala gəlməsi fikrini söyləməyə əsas verir: ABŞ, Avropa İttifaqı, Rusiya və Çin. Bu siyahıya Rusiyanın daxil edilməsi ilk növbədə onun hərbi mövqeyi ilə bağlıdır.

I qütb olan ABŞ XX əsrin 90-cı illərindən qloballaşma meyillərini ciddi şəkildə irəliyə aparan dövlətdən proteksionizmi, milli maraqlarına görə qapalılığı ön plana çəkən ölkəyə çevrilir. Düzdür, kiçik Corc Buşun 2000-ci illərdə Avropada ucuzlaşan poladın ABŞ-a artan idxalının qarşısını almaq üçün idxal rüsumlarını yüksəldərək, “Bizim üçün Amerikanın milli maraqları Ümumdünya Ticarət Təşkilatı qarşıdakı öhdəliklərimizdən daha üstündür” deməsi də olub. Amma bu da məlumdur ki, Trampa qədər ABŞ dünyada sərhədsiz bazarın formalaşmasına çalışıb. İndi isə yeni prezident emal sənayəsinin rəqabətqabiliyyətlilik əmsalına görə dünyada ön sıralarda dayanan Meksikaya qarşı proteksionizm mexanizmlərini tətbiq edir və ölkəsini dünya iqtisadiyyatının 40%-ni cəm edən Sakit okean Əməkdaşlığı (TPP) ticarət sazişindən çıxarır.

Bununla yanaşı, ölkənin əsas diplomatı - dövlət katibinin dünyanın ən böyük neft şirkəti olan EksonMobilin (bazar kapitallaşması 417.2 milyard dollar, 28.01.2013) rəhbəri Reks Tillersonun təyin edilməsi neft lobbisinə hörməti ifadə edir ki, bu da şüuraltı belə neft qiymətinin artmasının arzulandığının göstəricisidir. Qeyd edim ki, Ekson Mobil 1911-ci ildə Con Rokfellerin Standart Oil şirkətinin inhisarçılığa görə məcburi bölüşdürülmüş hissələrinin yenidən birləşməsi əsasında 1999-cu ildə yaranıb.

Beynəlxalq ekspertlər 1 barrel Brent markalı neftin qiymətinin 50-60 dollar arasında qalacağını proqnozlaşdırır. Bu da eyni vahid üçün 26,6 dollar qiymətinin neft hasil edən ölkələr üçün bir kədərli tarix səhifəsi kimi yadda qalması ehtimalını artırır. Qiymətlərin daha baha olmasına şist (slants) neftinin hasilatı mane olur. Nəticə etibarı ilə bu cür proqnoz Azərbaycan iqtisadiyyatının inkişafı baxımından da məqbul sayıla bilər.

II qütb Avropa İttifaqı. (Aİ) I qütbdəki parçalanma nəticəsində ayrıca qütb kimi çıxış edir. Hazırda miqrantların kütləvi gəlişi və əmələ gələn narazılıqlar, Böyük Britaniyanın Aİ-dən ayrılması (Brexit), ABŞ-ın Brexiti dəstəkləməsi Aİ-nin nüfuzunu müəyyən qədər azaldib. Qeyd edək ki, 2015-ci ildə, Brexitdən əvvəl Aİ-nin AQP üzrə ÜDM-il 19.203 trilyon dollarla Çindən sonra II yerdə olub. Dünya Bankının məlumatlarına əsasən apardığımız hesablamalara görə, Böyük Britaniyanın (AQP üzrə ÜDM-i - 2.701) Aİ-dən ayrılmasından sonra Aİ-nin AQP üzrə ÜDM-i azalaraq 16.502 trilyon dollara düşür. Beləliklə, AQP üzrə ÜDM-i 18.037 trilyon dollar olan ABŞ Aİ-ni üstələyərək II yerə qalxa bilib.4 ABŞ və Aİ arasında gözlənilən strateji ittifaq formalaşandan sonra isə I qütb AQP üzrə ÜDM-i 20.738 trilyon dollar olaraq lider olacaq. Bu hadisələrin kökündə, yəqin müasir anglo-sakson geosiyasətinin banisi Helford Markinderin 1904-cü ildə yazdığı “Tarixin coğrafiya oxu” məqaləsindəki Dəniz sivilizasiyası(ABŞ,Böyük Britaniya) ilə Quru sivilizasiyasının qarşıdurmasınəzəriyyəsi dayanır. Qeyd edək ki, əvvəl qeyd etdiyimiz Z.Bzejinski H.Makkinderin davamçılarından sayılır.

III qütb hesab edilən Rusiya hərbi gücünə arxalanaraq geosiyasi mövqeyini möhkəm­ləndirməyə çalışır. Bununla yanaşı, dünya bazarında neftin qiymətində artma meyilləri, ixracında qeyri-neft sektorunun xüsusi çəkisinin 40% təşkil etməsi və s. amillər şimal qonşumuzun iqtisadi inkişaf imkanlarının kifayət qədər olmasını göstərir.

IV qütb hesab edilən Çin 5000 il tarixə malik olaraq bəşəriyyətin sivilizasiya beşiklərindən biri kimi iqtisadi, siyasi potensialını möhkəmləndirir, e.ə. VI əsrdə formalaşmış Daosizm fəlsəfəsinin “Su hardan qovulursa gedir, amma yeri gələndə onun aşındırıb dağıtmadığı heç nə yoxdur” prinsipinə uyğun aram-aram, səs-küysüz qlobal mövqeyini gücləndirir.

Azərbaycan Atatürkün dediyi kimi hamıya: “Yurdda sülh, cahanda sülh” arzulayır. Amma zamanın öz reallıqları var, onları düzgün qiymətləndirərək inkişafı daha səmərəli təmin etmək olar.

Azərbaycan dövlətinin bu mürəkkəb dünyada, bizim fikrimizcə, ən böyük uğurlarından biri adları çəkilən bu 4 qütbün hər biri ilə konstruktiv, qarşılıqlı hörmət əsasında qurulan münasibətlərə malik olmasıdır. Bu təntənədə XXI əsrin 80-ci illərində mövcud olan 2 qütbdən biri Sovet İttifaqının ali rəhbərliyində olub zirvədən prosesləri görərək topladığı təcrübə, münasibət resurslarını milli dövlət quruculuğumuza sərf etmiş ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsiz olmuşdur. Bu konseptual baxışın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla qorunması ölkəmizə dayanıqlıq və tərəqqi imkanları bəxş edir. Nadir ölkələrə xas olan bu amil ölkəmizdə ictimai sabitliyin qorunması üçün də mütləq şərtdir. İctimai sabitlik isə rifah və iqtisadi inkişaf üçün zəmindir.

Ling prinsipindən fərəhlənən yunan alimi Arximed “Mənə dayaq nöqtəsi verin, mən Yer kürəsini qaldırım” deyirdi. Azərbaycanın da dünyanın sadaladığımız qütblərində vədigər güc mərkəzlərində dayaq nöqtələri var və bu da daxili iqtisadi sistemdə keyfiyyətli islahatlar aparmaq, davamlı inkişafı təmin etmək üçün zəruri əsaslar yaradır.

“Ehtimalı olmayan hadisənin baş verməsi çox ehtimallıdır”, - deyən yunan filosofu Aqafonun müdrikliyinə hörmətlə yanaşaraq yenə də dünyada gedən prosesləri təhlil etməyi zəruri sayırıq. Bu, ölkəmiz üçün bütövlükdə iqtisadiyyatın, ixracın, idxalın, qəbul etdiyimiz sərmayələrin, ehtiyyatlarımızı saxladığımız valyuta səbəti və cografiyası strukturunun səmərəliliyinin artırılması üçün vacibdir.

Daxili iqtiadi sistemdə dərin islahatlar aparmaq üçün hədəflənməli olan kateqoriya isə, fikrimizcə,sahibkarlıqdır.

Sahibkarlıq mühiti və ona təsir edən amillər

 

Sxem 1

Yuxarıda göstərilən sxemlə bağlı məlumatları qısaca olaraq təhlil edərək qeyd edə bilərik ki, ictimai-siyasi sabitlik, biznes sahəsində yoxlamaların azalması, ASAN xidmətin səmərəli fəaliyyəti, biznes ombudsmanı institutunun formalaşması, mülkiyyətçi hüquqlarının qorunması istiqamətində atılan müsbət addımlar gələcəkdə ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun artmasına əhəmiyyətli təkan verər. Dərin araşdırmalara, əsaslandırmalara istinad edərək səmərəli fəaliyyət göstərən dövlət sahibkarlığına xələl gətirmədən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ciddi işlərin aparılması, hərraclarda əmlakın satışının asanlaşması, istehlakçı-biznes maraqlarının uzlaşması və digər amillərdən istifadə etmək hesabına iqtisadiyyatı canlandırmaq mümkündür. Bütün inkişaf amillərindən istifadə etməklə əhalinin alıcılıq qabiliyyətini qaldırmaq və beləliklə məcmu tələbi artırmaq olar. Digər vacib məsələ maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır.

Bir amilin üzərində daha ətraflı dayanaq.

Milli valyutanın məzənnəsi.

Cəmiyyət bilir ki, son zamanlar Azərbaycan manatının ABŞ dollarına qarşı ucuzlaşması obyektiv prosesdir və əsasən neftin dünya bazarında qiymətinin azalması ilə əlaqəlidir. Azərbaycan Mərkəzi Bankının hesabatlarında inflyasiyanın pul (monetar) və qeyri-pul amilləri göstərilir. Yəni, qiymətlər dövriyyədəki pulun artımı ilə yanaşı, müəyyən qədər də psixoloji gözləmələrə görə artır. Bu prosesi milli valyuta məzənnəsinin azalmasına (devalvasiyaya) da aid etmək olar.

Bununla bağlı bir haşiyəyə çıxım. XX əsrin 70-i illərində ABŞ dolları ucuzlaşırdı. 80-ci illərdə isə əksinə dollar bahalaşırdı. Hər 2 halda ABŞ-da KİV narazıların çıxışlarını ifadə edirdi. Onda ictimaiyyətin haqlı sualı meydana gəldi. Necə oldu ki, dollar ucuzlaşdı, insanlar narazı oldu və dollar bahalaşdı, insanlar yenədə narazı oldu? Cavab isə belədir ki, istənilən halda uduzan da olur, udan da (idxalçılar milli valyuta məzənnəsinin bahalaşmasını istəyir, ixracatçılar isə ucuzlaşmasını). Uduzanlar narazılığını açıq şəkildə bəyan edir, udanlar isə susur. Amma möhtəkirlərdən başqa hamının razılaşdığı bir məqam var:hamı məzənnənin proqnozlarını bilmək istəyir; xərclərini hesablayan ev təsərrüfatları, kredit götürənlər, malını nisyə satanlar və s.

Fikrimizcə, məcmu valyuta ehtiyatlarına arxalanaraq milli valyutanın müəyyən dövr, məsələn: 1 il, 6 ay, rüb üçün proqnozlarını bildirmək iqtisadiyyat üçün faydalı olar. Qeyd edək ki, bu qarşılıqlı prosesdir. Belə ki, proqnozlaşdırılan məzənnə sərmayə qoyuluşlarını təşviq edir, öz növbəsində ümumilikdə sərmayə qoyuluşu və bunun nəticəsində istehsal olunmuş əmtəələrin ixracı, idxalı əvəzləməsi məzənnənin möhkəmlənməsinə kömək edir. Nəzərə almaq lazımdır ki, məzənnə riskini tamlıqla sahibkarlığın üzərinə qoyduqda ixracyönümlü sərmayələr daha fəal gerçəkləşir. Bu, bir tərəfdən müsbət haldır. Digər tərəfdən isə bu sərmayə qoyuluşunun çətin hissəsidir. Xaricdə bazar tapmaq riskləri, daşınma xərclərinin artması sahibkarın mənfəətinin həcminə təsir edir. Yerli bazara istiqamətlənən sərmayələrin bir qismi isə alıcılıq qabiliyyətinin azalması riskindən qorunmaq üçün gözləmə mövqeyinə keçir. İqtisadi təhlükəsizliklə bağlı sərmayələrin strukturu da şaxəli olmalıdır. Bu fikirləri ümumiləşdirərək deyə bilərik ki, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün hər bir amil diqqətdə saxlanılmalı və pozitiv dəyişikliklər edilməsinə çalışılmalıdır.

Nəzərə alınmalıdır ki, sərmayə coğrafiyanı seçir. Toplam cəlbedicilik göstəricilərinə görə, Azərbaycanda irəlidə olmağa ciddi səy edir. Vurğulamaq istərdim ki, ölkəmizdə XXI əsrin çağırışlarına uyğun rəqabətədavamlı iqtisadiyyatın güclənmə imkanları kifayət qədərdir və onların reallaşması üçün hamımız çalışmalıyıq.

Hadisələr
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
11.10.2018

Zaman adamı

daha ətraflı...
04.07.2018

 “Azərbaycan iqtisadiyyatı qlobal dünya iqtisadiyyatında dəyişikliklər dövründə” mövzusunda beynəlxalq elmi konfransa...

daha ətraflı...
01.02.2018

Görkəmli alimin yubileyinə həsr olunmuş elmi-praktik konfrans

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır