AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri
Hadisələr
11.10.2018

Zaman adamı

 

Məndə sığar iki cahan,
Mən bu cahana sığmazam.
Kövhəri laməkan mənəm,
Kövnü məkana sığmazam!
İmaməddin Nəsimi


Azad Mirzəcanzadə! Kəskin və ədalətli tənqidindən həmişə utandığımız və  və utandığımız qədər də nazını çəkməyə hər an hazır olduğumuz nəhəng insan! O,  neft idi. Amma təkcə qara qızıl deyildi.
O, Azərbaycan idi. Azərbaycanın dünyaya çıxışı idi. Zamana yaraşıq, elmlər mərkəzində nur saçan günəş idi. Ünsiyyətdə enerji mübadiləsini hiss etdiyimiz qida mənbəyimiz idi.
Leonardo Da Vinçiyə görə, “Elm sərkərdədir, praktika əsgərlər”. Elm ordumuzun baş sərkərdəsini itirdik. Min illərdən axan şəlaləmizi, özünü oda atan pərvanəni, dəryaya baş vurub dürləri bizə bəxş edən dalğıcı itirdik. Son mənzilə yola saldıq. Bəlkə, mənzil elə burdadır. Ora azadlıqdır. Düzdür, ora artıq AZADlıqdır.
Görkəmli alman filosofu Artur Şopenhauer deyib: “Dahi alimlər məsələni qoyur, istedadlı alimlər isə onu həll edir”. Minlərlə istedadlı alimin nəticələrinin kotüyündə, məhz Azad müəllim dahiliyi dayanıb.
Artıq dünya qəbul edib ki, ən qiymətli sərvət insandır. Azad Mirzəcanzadə amilinə görə, Azərbaycan dünya tərəzisində çəkişsini xeyli artıran ölkələrdən olub. İnsanların xasiyyətlərindən tutmuş, kosmik qüvvələrin iqtisadi proseslərə təsirinədək olan mövzuları incələyir, elmimizə bayraqdarlıq edirdi. Cəmiyyətin nə qədər suallarını çözməyə qadir olan universal beyin idi. Amma mürəkkəb nəzəriyyələri səmimi sadəlikdən  doğurdu. Bir gün güzgü qarşısında dayanan Azad müəllim sevincək deyir:  “Mən necə xoşbəxtəm – anama oxşayıram”.
İsgəndər Tağıyevdən eşitdim ki, 4 rəqəminin simvolikalarından biri belədir. Hind fəlsəfəsinə görə, 4 tip  təfəkkürlü insan var:
1. Özünü düşünən;
2. Ailəsini düşünən;
3. Ölkəsini düşünən;
4. Bəşəriyyəti düşünən.
Azərbaycan təhsilinin yetirməsi kimi sistemin gücünü göstərən, bəşəri təfəkkürlü insan ruhu oxşayan kəlamları ilə dünyamızı rəngləyir, təmizləyir, bəzəyirdi. Daim həyatımıza yenilik gətirərək, bizi təəccübləndirməkdən zövq alan Azad müəlim 3 p – “постепенно, последовательно, постoенно” (akademik Ziyad Səmədzadənin tərcüməsində 3 d- dama-dama, davamlı, daimi), “qlobal düşün, lokal hərəkət et” kimi fikirləri ilə bizə yaşam şüarları bəxş edirdi. Elmin keşikçisi, söz xəzinəsinin paylayıcısı, mübarizlik rəmzi idi.
İnsan düşünür: xoşbəxtlik nədədir?! Özümüzü xoşbəxt saya bilərik ki, belə  təfəkkürlü insanla ünsiyyətdə olmuşuq.
O, məsələyə qeyri-ənənəvi baxış tərzini, yazını bəzəməyi öyrədirdi. Generalın adyutantı zabit olur ki, onu başa düşsün. Hirslənirdi. Hərdən onu başa düşmürdük. Hamımız dünya yükünü çəkirik. O isə hamının yükünü çəkirdi.
Karfageni lərzəyə salan, dövlət hesabına dəfn olunan Roma sərkərdəsi Stipionun “Əsas pul yox, pulu olanlar arasında hörmətdir” məntiqinin XXI  əsrdə də  doğruluğunu təsdiqləyərək, cəmiyyəti yeni keyfiyyət mərhələsinə qaldıran gerçək  adam...
Onda həm müdrik yaşlı, həm də kövrək uşaq düalizmi var idi.
 Namizədlik dissertasiyam əsasında kitab çap  etdirmək istədim. Azad müəllimin kitabına baxdım, utandım, çıxartdırmadım.
Peyğəmbərimiz: “Elm Çindədirsə, ora gedin” buyurduğundan hər gün Çinə gedib-gəlirdim. Müqəddəs “Qurani-Kərim”lə yanaşı, Azad Mirzəcanzadənin “O пути  XXI вeк” kitabını oxuyurdum.
Ozümdən soruşurdum: Onun bizi sevdiyi qədər biz də onu sevə bildikmi?! Onun bizi dərk etdiyi qədər biz də onu dərk etdikmi”?! “Петербургский очерк»də yazdım:Azad Mirzəcanzadənin “120 dahi filosof” kitabına düşməməsində biz də  günahkarıq.
Azad müəllim müstəvisində qüvvədən düşən titullar, devizlər var. Məsələn: “Əvəzolunmaz insan yoxdur”, “Subay üçün ağlayan yoxdur”.
Doymadıq şüarı ilə bir dəfə də rəhbərlik etdiyi konfransda ola bilsəydim, deyirəm. Ondan bir az da götürsəydim, deyirəm.
İndi hansı elm dağına söykənək? Sualımızı kimə ünvanlayaq? Kimdən qiymət gözləyək?...
“Bir qalanın sirri”ndəki Elşən Azad müəllimin kinoda inikası, xilas etdiyi Mətanətsə Azərbaycan elmidir.
“Min bir gecə” nağılındakı bütün elmlərə açarı olan və həyatımıza qonaq gəlmiş qəhrəman...
Ömər Xəyyama görə, insanın hər əzasının mahiyyəti olduğu kimi, xalın da mənası var. Xal insan anadan olanda göydəki ulduzun təsviridir. O, elmimizin, elimizin xalı idi.
Heyf! Uğurları artan Azərbaycanın qonaq  qarşısına çıxmalı şəxsiyyətlərindən getdi. Haqq səsimizi dünyaya çatdıra bilən elçilərimizdən getdi.
Onun vəfatı ilə Azərbaycan elmi yetim qalıb, - ifadəsi ilə sözlərimi tamamlamıram. Peyğəmbər Əleyhissalamın vəfatında dedilər: “Səbr gözəldir, amma sənin ayrılığına dözmək olmur!”
Dörd pozitiv not gətirirəm:
Birincisi: Azad müəllimin qayğısını çəkən dövlətimiz, son günlərini rahat edən həkimlərimiz var. Elm səltənədində Ələsgər Lütfi-zadəmiz var.
İkincisi: Azad müəllimin adını daşıyacaq, həyatını öyrənib nəticə çıxaracaq tələbələr, qəlbimizdə qurulmuş heykəli var.
Üçüncüsü: Dahi şəxsiyyət təkcə o deyil ki, sağlığında çox şey etsin. Dahi şəxsiyyət odur ki, qoyduğu istiqamətlər ondan sonra yaşasın. Azad müəllim öz zərrələriylə hər birimizin həm qəlbində, həm də zehnində yaşayır. Rəvayətə görə, Makedoniyalı İsgəndər son səfərindən qabaq xəzinəni orduya paylayır. “Özünə nə saxlayırsan?” sualına - “özümə ümid saxlayıram”, - deyir. Azad müəllim gedərkən özünə Azərbaycanlıları elm zirvəsində görmək ümidini saxladı. İsaak Nyuton dedi: “Mən uğurlarıma keçmiş fiziklərin çiyinləri üstə gəlmişəm”. Vicdanla soraq: Azad müəllimin çiyinləri üstə qalxa bilənimiz varmı?
Dördüncüsü: hinduların inamına görə, insan dünyasını dəyişəndə “ölüm” adlanan qapıdan keçir və Böyük Ovçu ondan soruşur: “Həyatı gözəlləşdirə bildinmi?” Düşünürəm: Nəinki, bu dünya, cənnət də yeni siması ilə daha da gözəlləşdi.
Sonda fikirləşirəm:Niyə AZADlığa Musiqili Komediya Teatrından gedir?
Yubileyi də orada keçirilmişdi. Çünki o, musiqini çox sevir, dünyamıza isə komediya kimi baxırdı.
Başlıqda yazdığım kimi, Azad müəllimin keçmişin və ya gələcəyin adamı olması isə artıq bizdən asılıdır. Yox, onun yaddaşımıza ehtiyacı yoxdur. O, tarixdir. Bəşəri olmağımız üçün onun bizə yox, bizim onun imtahanlarına ehtiyacımız var.
Boşalmamaq ehtiyacımız var. Gözəl olaq ki, o keçmiş xatirəsi yox, gələcəkdən gəlib bizi gözəlləşdirənlərdən olsun.
Vida sözlərini qələmə aldım.
Yaşar Qarayevi də xatırladım.
Bu xitabımı üç gecə yazdım. Yazımı gözləyən, səbrinə heyran olduğum makinaçı Zərifə xanımla telefonla dialoqdan:
E.A.: - Krantı bağlaya bilmirəm.
Zərifə xanım: - Evinizi su basır?
E.S.: - Yox. Azad müəllimin bulağı tükənmir! Elə hey yazıram.
Amma, bağışlayın, mən ancaq aşağıda görünənlərdən yaza bildim, ya da bilmədim. Düzünü o bilər. Bəlkə də, onun yaşadığını sübut etmək istədim.
Birdən ayıldım. Aman! Mən bu sözləri kimin üçün yazdım?! Rəsmindən nur süzülən üçün – canını bizə bəxş edən Azad Mirzə üçün yazdım.
Onun ruhu qarşısında elmimizi qoruyub inkişaf etdirməyə and içirik!
Allahdan müəllimimizə rəhmət diləyək!


Tələbəsi Elşad (2006-cı il)

 
(i.e.n. Elşad Ziyad oğlu Səmədzadə, Azərbaycan

İqtisadçılar İttifaqının sədr müavini)

Hadisələr
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
11.10.2018

Zaman adamı

daha ətraflı...
04.07.2018

 “Azərbaycan iqtisadiyyatı qlobal dünya iqtisadiyyatında dəyişikliklər dövründə” mövzusunda beynəlxalq elmi konfransa...

daha ətraflı...
01.02.2018

Görkəmli alimin yubileyinə həsr olunmuş elmi-praktik konfrans

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır