AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
24.01.2019

DƏYİRMİ MASA: RƏQƏMSAL İQTİSADİYYAT, ELEKTRON TİCARƏT

 

 
Bu yaxınlarda «İqtisadiyyat» qəzeti redaksiyasında akademik Ziyad Səmədzadənin təşkilatçılığı ilə «Rəqəmsal iqtisadiyyat və elektron ticarətin aktual məsələləri» mövzusunda dəyirmi masa keçirilmişdir. Həmin dəyirmi masada müzakirə olunan məsələləri olduğu kimi sizə təqdim edirik.

Ziyad Səmədzadə: Bugünkü müzakirəmiz İKT-nin iqtisadi və sosial tərəqqidə rolu, rəqəmsal iqtisadiyyat, onun müasir səviyyəsi və inkişafını zəruri edən amillər, həmçinin  respublikada bu sahədə görülən işlər, rəqəmsal iqtisadiyyatın mahiyyəti, qiymətləndirilməsi məsələlərinə həsr edilir.
Hər bir yenilik, xüsusilə də  elmin nailiyyətlərinin nəticəsi olan bu və ya digər fikir sistemli şəkildə təhlil olunmalıdır. Yəni, bu prosesin həm müsbət, həm də mənfi, çatışmayan cəhətləri dəqiq qiymətləndirilməlidir. Ona görə də bugünkü tədbirə elə insanlar, elm adamları dəvət olunublar ki, onların hər biri bu sahədə müəyyən tədqiqatlar aparıblar. Onu da qeyd edim ki, bizim hər birimiz bu prosesin iştirakçısıyıq. İKT-nin sürətli inkişafı dünyəvi bir prosesdir. Qapalı iqtisadiyyat, qapalı dövlət yoxdur, İnternet bütün dünyanı fəth edir. Yeni, müasir İKT texnologiyaları, sözün əsl mənasında, qloballaşan dünyanın aparıcı istiqamətlərindən birinə çevrilir. Bizim keçirdiyimiz bu dəyirmi masanın ətrafına iqtisad elmləri doktorları, professorlar Məhiş Əhmədov, Rəsul Balayev, Gəncə Dövlət Aqrar Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru Asif Həsənov, həmin universitetin dissertantı Vüqar Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşad Səmədzadə və bu sahə ilə bilavasitə məşğul olan iqtisad üzrə fəlsəfə doktoru Mahmud Hacızadədən ibarət çox sanballı tərkib yığışmışdır.
Bu gün biz burada rəqəmsal iqtisadiyyatla bağlı bəzi suallara birlikdə cavab axtaracayıq. Bu suallar hamımızı düşündürür: rəqəmsal iqtisadiyyat nədir, onun başlıca prinsipləri nədən ibarətdir? İKT-nin qanunvericilik bazası müasir tələblərə cavab verirmi? Azərbaycanda elektron ticarətin səviyyəsi necədir? Elektron ticarətin inkişafının yaxın və uzaq gələcəyə hədəflərini müəyyənləşdirmək olarmı? Qlobal elektron ticarət və milli iqtisadiyyatlar arasında tarazlığa ehtiyac varmı? Elektron ticarətin həddi milli iqtisadiyyat üçün təhlükə yaradacaqmı? Ənənəvi ticarət prosesi qalacaqmı və yerli istehsalın taleyi, satış sistemi necə olacaq? Buyurun, Rəsul müəllim, bu haqda sizin fikirlərinizi dinləyək.
Rəsul Balayev: Rəqəmsal iqtisadiyyat informasiya cəmiyyətinin məhsuludur. Çünki iqtisadiyyat təbiətlə cəmiyyətin kəsişməsində yaranıb və həmişə az resursdan çox məhsul götürməyə yönəlib. Resurs problemi olmayan yerdə iqtisadi problem də yoxdur.
Həmçinin, informasiya cəmiyyətinin inkişafı həm ölkə, həm də dünya miqyasında bir hərəkatdır. Onun həm müsbət, həm də mənfi cəhətləri olacaqdır. Hələlik informasiya cəmiyyətinin görünən kontorları içərisində mənfi cəhətlər tez üzə çıxır. Müsbət cəhətlər dayanıqlı inkişaf baxımından qiymətləndiriləndə reallaşacaq və bu, zamanın işidir. Misal üçün, informasiya cəmiyyəti dayanıqlı inkişafı həm təhdid edə, həm də ona rəvac verə bilər. Dayanıqlı inkişaf deyəndə, gələcək üçün problem yaratmayan inkişafı nəzərdə tuturam. Dayanıqlı inkişaf gələcəyin ehtiyatına toxunmadan cari tələbləri ödəyə bilən inkişafdır. İnformasiya cəmiyyəti,  mahiyyət etibarı ilə daha az təbii resurs götürməyi nəzərdə tutur. Əsas resurs bu cəmiyyətdə informasiyanın özüdür.
İnformasiya cəmiyyətinin gözlənilən müsbət cəhətləri də az deyildir. İlk növbədə onu qeyd edək ki, informasiya cəmiyyətinin milli əlamətləri yoxdur. Yəni, böyük dövlətin öz milli dəyərlərinə öz iqtisadiyyatı çərçivəsinə qoyduğu vəsaitdən digər dövlətlərə də transferlər olacaq. İndi inkişaf etmiş ölkələrdə həmin vəsaitin informasiya cəmiyyətində yaratdığı nəticələrin digər dövlətlərə axmaması üçün texnoloji layihələr icra olunur. Bu isə  informasiya cəmiyyətinin təməl prinsiplərinə ziddir.
İnformasiya cəmiyyətinin təhdidlərindən biri kibercinayətkarlıqdır. 50 il bundan əvvəlki cinayətkarla indiki cinayətkar arasında fərq çox böyükdür. Özü də söhbət iqtisadi cinayətkarlıqdan və terrorçuluqdan gedirsə. Hazırda nə regional münaqişə, nə terrorçuluq çox böyük iqtisadi baza olmadan mümkün deyil. Qismən belə vəziyyət qlobal informasiya şəbəkələrinin insanların şəxsi məkanını daraltması üzrə tədbirlərində arqument kimi istifadə olunur. İnsanın şəxsi məkanını daraltmaqla, onu bəşər tarixində görünməmiş dərəcədə idarə etmək olar. Bu, nisbətən kiçik dövlətlər üçün ciddi təhdiddir.
İnformasiya cəmiyyətinin əsas problemlərindən biri informasiyanın asimmetriyasıdır. İnformasiyanın asimmetriyası konkret halda informasiyanın hamıya eyni vaxtda, eyni miqdarda, eyni mənada verilməməsi, yaxud hamının eyni aspektdə qəbul edə bilməməsi kimi başa düşülə bilər. Misal üçün, informasiya cəmiyyətində virtual bazarda qarşılaşan tələb və təklif agentləri bir-birinə həqiqi deyil, yalnız özlərinə sərfəli olan informasiyanı mübadilə edir. Alıcı deyə bilər ki, bu mal başqa yerdə yarı qiymətədir. Satıcı isə malı maya dəyərinə satdığını deyə bilər. O məqama qədər həqiqətdən uzaq informasiya mübadiləsi olacaqdır ki, tərəfləri qane edən, lakin heç də həqiqi olmayan variant tapılsın. Əlbəttə, belə vəziyyətdə satılan mala sərf edilmiş ictimai zəruri əməyin miqdarına əsaslanma ehtimalı azalır. Rəqabət mübarizəsində iqtisadi səmərəliliyin öz yerini innovativ çevikliyə və manevr qabiliyyətinə verdiyi informasiya cəmiyyəti üçün bu, adi hala çevrilir.
İndi isə informasiyanın asimmetriyasının elektron ticarət mühitində təzahürlərinə nəzər salaq. Elektron ticarətdə malın yeridilişi, alıcını təkcə malın keyfiyyətli olduğuna  inandırmaqdan asılı deyil. İnandırmanın əsas istiqaməti mal nadir olduğunu göstərməkdir.
İnformasiya cəmiyyətinin yaratdığı rəqəmli iqtisadiyyat şəbəkə xarakterlidir. Burada  prinsipcə şaquli və üfüqi əlaqələr eyni hüquqlu olmalıdır. Reallıqda dövlətlər şaquli əlaqələri, transmilli korporasiyalar isə  üfüqi əlaqələri dəstəkləyir. İnformasiya cəmiyyəti inkişaf etdikcə, onun bu təsirləri tarazlaşdıra biləcəyi ehtimalı artır. Rəqəmsal iqtisadiyyat  nəticə etibarı ilə əlaqələrdən gəlir əldə etməyi nəzərdə tutur. Bu zaman əsas istiqamətlərdən biri tranzasiya xərclərini minimuma endirməklə, optimal əlaqələr yaratmaqla izafi mənfəət əldə etməkdir.
Rəqəmsal iqtisadiyyatı təhdid edən amillərdən biri əksər ölkələrin və hətta sivilizasiyaların daim qabaqcıl təcrübəni davam etdirməyə çalışmasıdır. Bu amil həm bəşəriyyət, həm də ayrı-ayrı sivilizasiyalar üçün təhdidə çevrilməkdədir. Hətta  artıq “irəlidə  olanı təqib etmək elmi” formalaşır. Bu “elmin” öz müddəaları da var. Məsələn, “geridə qalan irəlidə olanın səhvlərini təkrar etmir” və s. “İrəlidə  olanı təqib etmək elmi”ni formalaşdıran əsas səbəb dünyanın iqtisadi güc mərkəzləri olan dövlətlərin  meqatexnika bazarını inhisarda saxlaması, bu istiqamətdə yerli şirkətlərin yalnız milli iqtisadiyyat çərçivəsində fəaliyyətinə rəvac verilməsidir.
Ziyad Səmədzadə: Bunlar üçün isə vergilərdən başlayaraq hər cür də şərait yaradılır.
Rəsul Balayev: Bəli, elə şərait yaradılır ki, onlar xarici təsirlərdən asılı olmasın. Doğrudur, meqatexnikanın layihələndirilməsi və istehsalı böyük vəsait tələb edir və buna, əsasən, aparıcı Qərb dövlətləri qadirdir. Digər ölkələr ilk vaxtlar ən yaxşı halda törəmə texnologiyalardan yaradıcı surətdə istifadə edə bilirlər. Əlbəttə, bu, özü də kifayət qədər ciddi tərəqqi amili ola bilir.
Rəqəmsal iqtisadiyyatda texnoloji sirləri gizli saxlamaq get-gedə çətinləşir. Əsas səbəblərdən biri rəqəmsal iqtisadiyyatın şəbəkə xarakterli olması və bu əsasda inkişaf etməsidir. Bazarda mövqeni möhkəmləndirmək üçün istifadəçilərin tələb və zövqlərində baş verən hər bir dəyişikliyi nəzərə almaq lazım gəlir. Bu səbəbdən artıq onilliklərdir ki, kompüterlərin təkmilləşdirilməsində istifadə rahatlığı meyarı öndədir. Belə ki, kompüterlərin kütləvi istifadəçisi üçün istifadə rahatlığı, kompüterlərin yeni modifikasiyalarına tez uyğunlaşma həlledici amil olaraq qalır.
Mövcud kompüterlər sözü rəqəmə,  ifadəni düstura çevirməyi tələb edirsə, neyrokompüterlər nəsli çoxsaylı təkrarlanmalarla alqoritm seçməyi nəzərdə tutur.  Başqa sözlə, “kompüter məntiqi” və insan məntiqi arasında fərqlər azalır. Haqqında danışılan azalma informasiya cəmiyyətinin inkişafına və nəticə etibarı ilə texnoloji tərəqqinin qloballaşmasına xidmət edə bilər.
İnformasiya cəmiyyətinin üstünlüyü o halda bütün insanlar üçün dayanıqlı inkişaf şəraiti yarada bilər ki, qlobal informasiya cəmiyyətinin prinsiplərinə əməl edilsin. Bu prinsiplər informasiya münasibətlərində ədaləti, informasiya resurslarına hamının istənilən vaxtda açıq müraciət imkanını nəzərdə tutur. Həmin prinsiplərə riayət edilməsi üçün informasiya cəmiyyəti quruculuğunda cəmiyyətin daha çox üzvünün hərtərəfli marağının və iştirakının təmin edilməsi ehtiva edilir. Bu baxımdan rəqəmsal iqtisadiyyatın şəbəkə xarakteri müəyyən potensiala malikdir.
Ziyad Səmədzadə: Önəmli mə­sə­lələri qeyd etdiyiniz üçün çox sağ olun. Narahatlıq doğuran qloballaşmanın getdikcə universal xarakter daşıması, onun həddindən artıq genişlənməsi milli dövlətlərin mahiyyətini dəyişdirir, inkişaf səviyyəsi yüksək olmayan ölkələrdə ziddiyyətli proseslər baş verir. Bu barədə istərdim Məhiş müəllimin fikirlərini  dinləyək.
Məhiş Əhmədov: Rəsul müəllim rəqəmsal iqtisadiyyat haqqında kifayət qədər maraqlı fikirlər söylədi. Mən onu deyə bilərəm ki, Azərbaycan bu gün dünya iqtisadiyyatına fəal inteqrasiya olub və bu zaman meydana çıxan ən başlıca problem qloballaşma prosesidir. Azərbaycanın milli iqtisadiyyatının açıqlığı, azadlıq indeksi və bunların arasında rəqabətqabiliyyətliliyə görə yaranan kəskin fərqlər şəraitində bütün dünya iqtisadiyyatını vahid bir bazar, qlobal mexanizmlə idarə etmək cəhdi, siz deyən kimi, zəif, kiçik və iri ölkələr üçün fərqli nəticələr verir.  Bunu dünya iqtisadçılarının böyük əksəriyyəti qəbul edir ki, bu gün dünyada iqtisadi inkişafa populist yanaşma çox geniş vüsət alıb və bu populist yanaşmanı yaradan əsas amillərdən biri də rəqəmsal iqtisadiyyatdır.
İnformasiya cəmiyyətinin  olduğu, formalaşdığı şəraitdə informasiyanın obyektivliyi, dəqiqliyi təhlil edilmədən, yəni onun güclü və zəif tərəfi, imkanları  müəyyənləşdirilmədən və yaxud, zəruri struktur təhlili aparılmadan, eləcə də artımın amillər üzrə təhlili aparılmadan nəticələr çıxarılır və bu nəticələrin də çıxarılması yeni bir tendensiyanın meydana gəlməsinə səbəb olur. Yəni, biz klassikadan bilirik ki, dünya ticarətində mərhələlər olub: 
qızıl külçə, sikkə, Bretton Vuds, 1976-cı ildə Yamayka sazişi və s. Yəni, qiymət, dəyər, indi dollar, ya funtsterlinq, amma bu gün bu dəyərin ölçüsü sanki rəqəmsal iqtisadiyyat olub. Hesablamalar var ki, İnternet nəticəsində dünya ticarətində resursların əldə olunması üzrə bölgü istifadəsindən bir ildə 5 trilyona yaxın dəyər, yəni gəlir götürülür. Biz bilirik ki, rəqəmsal informasiyanın beynəlmiləlləşməsi nəticəsində qısa müddət ərzində bizə hansı ölkə yaxındır, hansı bizim infrastruktura uyğundur, bizə məhsul hansı müddətə  gələ bilər. Stiqlitsin dediyi kimi, informasiyanın asimmetriya bölgüsü bu gün bütünlükdə bazar iqtisadiyyatının normal fəaliyyətinə şərait yaradır.
Bu gün sikl sürətlənir, təkrar istehsal prosesində artıq rəqəmsal iqtisadiyyat onun bir sistemi kimi çıxış edir. Biz son yazılarda dörd fazanı qəbul etmirik. Deyirik ki, artıq beşinci faza var, yəni bu, istehsaldan qabaqkı elmi-texniki layihə, konstruktor işləri ilə bağlı məsələ istehsal deyil. Akademik tədqiqatlar təkrar istehsalın bir fazası kimi istehsaldan qabaq müəyyənləşir. Burada ölkələr öz inkişaf səviyyəsini seçə bilir. Əlbəttə,  təhlükələr, təhdidlər çoxdur. İlk olaraq, milli iqtisadiyyatı formalaşmamış, yəni təşəkkül tapmamış, kifayət qədər bazar mexanizmi inkişaf etməmiş, likvidliyə, potensiala malik olmayan ölkələrin birdən-birə vahid dünya mexanizmi əsasında hərəkət etməsi gələcəkdə onlar üçün təhdid yaradar və birtərəfli inkişafa gətirib çıxarar ki, burada ən vacib məsələ yenə də milli reallıqların obyektiv qiymətləndirilməsidir.
Dünyada mövcud bir təcrübə var və dünya bunu qəbul edib. Beynəlxalq miqyasda qəbul olunan qanunların multiplikator effektini nəzərə almadan hərəkət etməyimiz sonradan neqativ nəticələrə gətirib çıxarır. Bu, Ziyad müəllimin qeyd etdiyi kimi, urbanizasiya prosesində də mövcud sərvətlərdən zəif milli iqtisadiyyatların kifayət qədər bəhrələnməsinə imkan vermir. Məsələn, Boloniya sistemini götürək. Biz nə ilə qarşılaşdıq? Boloniya sistemində bütün istedadlı tələbələr Avropaya, xaricə getdi, oxuyub orada da qaldılar. Deməli, bunu Avropa etdi ki, bizim istedadlı tələbələrimiz, mütəxəssislərimiz Qərbdə qalsınlar. Yəni, bu informasiyanın qloballaşması ona gətirib çıxartdı ki, bizim savadlı mütəxəssislərimiz gedib Qərb üçün çalışdı və orada da qaldı. Məncə, burada da  məhdudiyyətlər qoyulmalıdır ki, yalnızca beş il müddətində orada qalmağa, yaxud işləməyə icazə verilir və s.
Ziyad Səmədzadə: Mənim bu yaxınlarda görkəmli alim Klaus Zimmermanla miqrasiya problemləri barədə ətraflı söhbətim oldu. Amerika hər il inkişaf etməkdə olan ölkələrdən “ağıllı beyinlər”in buraya gəlməsindən 100 milyard dollarlarla gəlir əldə edir.
Bu “ağıllı beyinlər”ə malik olan insanlar öz ölkələrinə, məsələn, Hindistan miqrantları hər il ölkələrinə 100-150 milyard dollardan çox pul köçürürlər. Bu gün Avropa, Amerika elə siyasət aparır ki, onlara miqrasiya axını ancaq yüksəkixtisaslı gənclər, yüksək təhsili olan adamlar hesabına olsun.
Elektron ticarətin ümumi əmtəə dövriyyəsində payı Britaniyada 20%, ABŞ-da 10%-ə yaxındır. 2020-ci ildə elektron ticarətin həcmi 1,13 trilyon dollar proqnozlaşdırılır. Professor   Elşən Hacızadə öz kitabında haqlı olaraq qeyd edir ki, ABŞ hökuməti bütün ölkələrdə gömrük rüsumlarının və tariflərinin ləğv edilməsinin fəal tərəfdarı kimi çıxış edir.
İƏİT və DTT-nin üzv ölkələri də  daxil olmaqla bir çox  başqa ölkələr elektron ticarətin yeni vergitutma formalarından, o cümlədən gömrük  tariflərindən azad olması fikrinin tərəfdarları kimi ABŞ-la birləşmişlər. Belə bir fikir də formalaşmışdır ki, ticarət tariflərinin azaldılması və ya ləğv edilməsi beynəlxalq ticarətin inkişafına və bütün ölkələr üçün fayda verəcəyinə yalnız kömək edəcəkdir.  Bütün bunlarla yanaşı, inkişaf etməkdə olan ölkələrin həmfikir olmadıqları bir əks nöqteyi-nəzər də mövcuddur. Bu ölkələr hesab edirlər ki, onlar dünya bazarlarında  rəqabətqabiliyyətli olana qədər azad ticarətə icazə verilərsə, sənayelərinə zərər dəyəcək.
Göründüyü kimi, elektron ticarətin bu kimi üsullarla stimullaşdırılması ilk növbədə xarici istehsalçıların maraqlarını təmin edir və yerli istehsalın inkişaf imkanlarını məhdudlaşdırır. Əlbəttə, bu cür yanaşma ilə haqlı olaraq bir çox dövlətlər razılaşmır. 
Asif Həsənov: Elektron ticarət rəqəmsal iqtisadiyyatın bir elementidir. Yəni, bu gün elektron ticarət elə bir həddə çata bilər ki, o milli iqtisadiyyatın xeyli dərəcədə zəifləməsinə gətirib çıxarsın. Bu yeniliklərin kökündə insan amili dayanır. Elm, texnika inkişaf etdikcə, innovasiyalı texnologiyalar əsasında yeni elmtutumlu əmtəə əldə edilir. Bu, informasiyadır. Bu informasiya dünənki informasiyadan məhz elmiliyi baxımından fərqlənir. Bu gün informasiya özü idarəetmə predmetidir və informasiyaların əldə olunması, emalı, ötürülməsi prosesi elektron ticarətin özəyidir.  Əslində, bu, dövlətlər arasında vahid iqtisadi sistemə yönəlmiş addımlardır, ancaq mən deyərdim ki, bu, dünya səviyyəsində bəlkə də milli valyutaların da ortadan çıxma məsələsi təhlükəsini formalaşdırır. Çünki əgər insan bu gün beynəlxalq valyuta ilə ödəniş edirsə, başqa mənzərə yaranır.
Ötən il elektron ticarət vasitəsilə 400 milyard ABŞ dolları həcmində dövriyyə əldə olunub. Ancaq bunun 2020-ci ildə 1 trilyon ABŞ dolları olacağı proqnozlaşdırılır. Bu gün böyük şirkətlər bir qədər də qloballaşırlar, dünyəvi xarakter daşıyırlar. İstənilən bir dövlətdə elektron ticarət orta ticarətə,  orta sahibkarlığa ciddi maneə törədir.
Növbəti bir məsələ. Bu gün virtual iqtisadi əlaqələrin ən böyük təhdidlərindən biri də onun ölkələr arasında milli, mədəni, dini etiqadların ortadan çıxmasına ciddi təsiridir. Bütövlükdə, bu gün insan çox uzaqlarda özünə aid olan bir əmtəəni görmədən, hiss etmədən, onun materialına toxunmadan, keyfiyyətinə baxmadan alır, hətta öncədən  ödənişini edir, sonra da asılı vəziyyətdə qalır ki, hansı vaxta o əmtəə əlinə çatacaqdır və çatandan sonra da nə dərəcədə onu təmin edə biləcəkdir.
Elektron ticarət çox böyük dövlətlərin mənafeyinə xidmət edən bir vasitədir. Bu gün elektron ticarət o dövlətlərin xeyrinədir ki, onlar artıq dünya səviyyəsində öz iqtisadi baxışlarının, yanaşmalarının digərləri tərəfdən qəbul edilməsinə nail olurlar və ya qəbul edilməsi ilə bağlı müxtəlif səpkilərdə iş aparırlar. Biz, təbii ki, elektron ticarətin müsbət tərəflərindən yararlanmalıyıq. Ancaq düşünürəm ki, elektron ticarət işsizliyə böyük rəvac verən, iqtisadi struktura ciddi zərbə vuran, ölkədə iqtisadi fəal əhalinin gözlənilmədən öz işini itirməsinə xidmət edən bir məsələdir. Elektron ticarətin hər 100 manatının yaratdığı iş yeri ilə ixtisar yaratdığı iş yeri arasında on dəfə fərq var. Bu, ciddi rəqəmdir və bu barədə düşünməyə dəyər.
Ziyad Səmədzadə: Çox maraqlı müzakirə keçir. İstərdim bu məsələlər barəsində Elşad Səmədzadənin də fikirlərini dinləyək.
Elşad Səmədzadə: Mən çıxışımı “rəqəmsal iqtisadiyyat” ifadəsinin təhlilindən başlamaq istəyirəm və ona görə də dilçiliyə müraciət edirəm. Məlumdur ki, qrammatikada təhlil 2 cür aparılır: morfoloji təhlil - nitq hissələri üzrə təhlil, bir də sintaksis təhlil - cümlə üzvləri üzrə təhlil. Əvvəlcə biz nitq hissələri ilə təhlil apararaq rəqəmsal iqtisadiyyat sözünə baxaq. Burada iqtisadiyyat isimdir, rəqəmsal sözü isə sifətdir. Yəni, sifət ismin necəliyini, bu halda isə iqtisadiyyatın necəliyini göstərir. Yəni, məlum olur ki, iqtisadiyyatımızın sifəti, siması rəqəmlidir. Əgər biz sintaksis təhlillə, yəni cümlə üzvləri ilə təhlil etsək, görərik ki, burada rəqəmsal iqtisadiyyat deyəndə, iqtisadiyyat sözü mübtədadır, rəqəmsal sözü isə təyindir. Bu cür yanaşanda görürük ki, rəqəmsal sözü təyin olaraq iqtisadiyyatın necəliyini təyin edir. Amma bir də yadımıza salırıq ki, mübtəda cümlənin baş üzvüdür, təyin isə cümlənin ikinci dərəcəli. Yəni, rəqəmsal iqtisadiyyat ifadəsində diqqət mərkəzindəki kateqoriya iqtisadiyyatdır.
Sonra, belə bir sual meydana gəlir ki, görəsən, iqtisadiyyatın başqa simaları, sifətləri ola bilərmi? Əlbəttə, ola bilər. Misal üçün, biz yaşıl iqtisadiyyat, açıq iqtisadiyyat, gizli iqtisadiyyat, milli iqtisadiyyat, dayanıqlı iqtisadiyyat və s. eşidirik.  Sonra sual yaranır ki, görəsən, rəqəmsal iqtisadiyyatla saydığımız və saymadığımız iqtisadiyyat sifətləri bir-biri ilə ahəng təşkil edə bilər, yoxsa bunlar hamısı ziddiyyət təşkil edəcək? Təhlil edib görürük ki, bunların içərisində ziddiyyət təşkil edəni də var, ahəng təşkil edəni də. Onda rəqəmsal iqtisadiyyatla ahəng təşkil edən hansıdır? Çalışacağam ki, çıxışımın sonunda gəlib, bu məqama çatım.
Rəqəmsal iqtisadiyyatın fəlsəfəsi haqqında danışmaq istəyirəm. Yəni, belə müqayisə edim, məsələn, 1 şirkətin ideyaları var; o istehsalını artırmaq istəyir və artırır. Bunun üçün o, işçilərinin sayını çoxaldır, istehsal sahələrini genişləndirir və yeni şöbələr açır. Bunu etmək imkanındadır. Amma dünya iqtisadiyyatında başqa cürdür. Hazırda dünya iqtisadiyyatının istehsalı, dünya əhalisinin sayı artır. Amma dünyanın ərazisi arta bilmir. Yəni, bir adama düşən məkan getdikcə azalır. Ona görə də Adəm övladı müxtəlif üsullarla yanaşı, rəqəmsal iqtisadiyyatdan da istifadə edir ki, yerində əyləşərək, ticarət məkanlarını kiçildərək, alqı-satqısını apara bilsin, rifahını nəinki qorusun, hətta yüksəltsin. Yəni, əvvəllər, tutaq ki, tacir vətənindən başqa ölkəyə getməliydi ki, malını satsın. İndi isə evində, balaca ofisində oturaraq, böyük həcmdə ticarət ilə məşğul ola bilir. Yəni, düşünürəm, bu fikir müəyyən qədər rəqəmsal iqtisadiyyatın fəlsəfəsini açmağa imkan verir.
Əlbəttə, iqtisadiyyatın bu formasının kökündə texniki ixtiralar dayanır. Yəni, deyək ki, doktor Bell telefonu, Edisson elektrik lampasını ixtira etməsəydi, hesablama texnikası ixtira olunmasaydı, informasiyanın mütərəqqi üsullarla ötürülməsi və sosial şəbəkələr ixtira olunmasaydı, rəqəmsal iqtisadiyyat olmazdı. Amma bizim görkəmli nəzəriyyəçimiz Məhiş müəllim də təsdiqləyər ki, iqtisadiyyatda qarşılıqlı şəkildə əlaqədə olan iki fikir var. Bir, təklif tələbi yaradır, bir də əksinə, tələb təklifi yaradır. İndi biz fikirləşirik ki, burada texniki təkliflərlə iqtisadi tələblər arasında qarşılıqlı əlaqə və bir-birinin inkişafına təsir var.
Növbəti sual belə olur ki, görəsən, rəqəmsal iqtisadiyyat olduğu dövrdə başqa iqtisadiyyat da mövcuddurmu? Mən bu sualın cavabını elə rəqəmsal iqtisadiyyat sözünü ilk dəfə işlətmiş Massaçusets Universitetinin informatiki Nikolas Neqropontenin açıqlamasında axtarıram. O, deyir ki, elə bir dövrə gəlib çatdıq ki, maddələrin atomu informasiya sistemlərinin bitləri ilə əvəz olunur. Onda belə nəticəyə gələ bilərik ki, bitlərlə ifadə olunmuş rəqəmsal iqtisadiyyat varsa, onunla yanaşı yaşayan başqa iqtisadiyyat da var.
İkili vahidlərlə ifadə olunmuş iqtisadiyyat rəqəmsal iqtisadiyyatdırsa, onda atomlardan, maddələrdən ibarət olan iqtisadiyyat hansı iqtisadiyyatdır? O iqtisadiyyata da fiziki iqtisadiyyat deyə bilərik. Bu cür bölgünün ona görə də zərurəti var ki, biz bunların arasında tarazlığı təmin edək. Məsələn, i.e.d., professor Georgi Kleyner deyir ki, biz kosmosa uçmağı düşünərkən traktor istehsalını unutmamalıyıq. Bu fikrin davamı olaraq görkəmli rus iqtisadçısı riyazi hesablamalarla sübut edir ki, yeni - informativ sahələr nə qədər inkişaf etsə belə, onların ənənəvi sahələrlə 50/50 nisbətində olması davamlı inkişaf baxımından səmərəli olar. Lakin fiziki iqtisadiyyatın özünün içərisində də informasiyaya ehtiyac var. Yəni, əkinçi nə qədər ibtidaiyə yaxın işləsə də, yer belləməklə məşğul olsa da, onun əkdiyi toxumdan tutmuş, suvarmaya, məhsulun  gübrəsinə, zərərvericilərlə mübarizəsinə kimi bütün istehsal zəncirində informasiya komponenti var. Bir var fiziki iqtisadiyyata xidmət edən informasiya sektoru, bir də var ki, ayrıca rəqəmsal iqtisadiyyat. Bunların arasında tarazlı nisbət saxlanılmalıdır.
Mən qayıtmaq istəyirəm əvvəldə bildirdiyim fikrə və qeyd etmək istəyirəm ki, rəqəmsal iqtisadiyyatla başqa hansı sifət uzlaşdırılmalıdır. Nə qədər çətin olsa da, proses nə qədər çərçivəyə sığılmaz görünsə də, mən fikirləşirəm ki, bu, milli rəqəmsal iqtisadiyyat olmalıdır. Nəyə görə? Çünki rəqəmsal iqtisadiyyat milli iqtisadiyyatın qapılarını dünyaya açır. Nəticədə Azərbaycan nə əldə edir? Biz bilirik ki, nə qədər də çalışsaq belə, bizim ixracımızın əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır. Neft-qazın da dünya bazarında qiyməti qalxdıqca, biz sevinirik, amma, eyni zamanda, biz bilirik ki, belə olan halda iqtisadiyyatımızın strukturunda olan natarazlıq bir az da dərinləşir. Amma dövlətimiz bunun aradan götürülməsi üçün böyük işlər görür. Ancaq yenə də dünya reallıqları var. İndi sual olunur ki, biz neft-qaz sektoru əsasında əsas ixracımızı hansı yolla dünya bazarına çıxarırıq? Rəqəmsal iqtisadiyyat vasitəsilə? Yox, biz onu fiziki iqtisadiyyat vasitəsilə çıxarırıq. Nəticədə, fiziki iqtisadiyyatla çıxardığımız və əldə etdiyimiz təbii sərvətlərimizi, tükənən sərvətlərimizi satırıq, onun əvəzində vəsait əldə edirik. Dövlət büdcəsi, digər layihələr nəticəsində milli gəlirin bir hissəsi vətəndaşlar arasında bölünür. İndi soruşaq görək ki, əhali sonra o pulu nə edir? Zəruri istehlakdan sonra insanların bir qismi fərdi, ya kollektiv şəkildə vəsaiti Azərbaycan iqtisadiyyatına sərmayə qoyur. Bir hissəsi isə o pulu ya rəqəmsal iqtisadiyyatdan istifadə edərək, xaricdən idxal yolu ilə şəxsi istehlakına xərcləyir, bir az ondan irəli gedənlər başqa dövlətlərin valyutalarına, qiymətli kağızlarına pulu xərcləyərək, Asif müəllimin də qeyd etdiyi kimi, başqa ölkələrdə iş yeri yaradır, bir az da dərinə gedənlər isə artıq heç bir dövlətin məsuliyyətində olmayan kriptovalyutalara və digər törəmə maliyyə alətlərinə pul qoyurlar. Nəticədə, rəqəmsal iqtisadiyyat nəyə çevrilir? Fiziki iqtisadiyyatımızdan qazandığımızı biz rəqəmsal iqtisadiyyat vasitəsilə virtual olaraq yenə xaricə ötürürük. Onların iqtisadiyyatını təşviq edirik. Ona görə də burada həyəcan təbilinin hiss olunmağına mən çox sevinirəm. Bunu nə qədər də çərçivəyə sığışdırmaq mümkün olmasa da, imkan daxilində bütün resurslardan istifadə etmək lazımdır ki, istər vergi, istər gömrük, istərsə də marifçilik olsun, bütün sistem ona xidmət etməlidir ki, fiziki iqtisadiyyat vasitəsilə formalaşan kapitalımız virtual yolla xaricə axmasın. Bunun üçün də mən hesab edirəm ki, vacib məsələlərdən biri elə Azərbaycanın öz fiziki və rəqəmsal iqtisadiyyatına sərmayələrin təşviq olunması və səmərəliliyin artırılmasıdır. Yəni, biz tutub qapıları bağlamaqdansa, sərmayə rejimini o qədər rahatlaşdırmalıyıq ki, insanlar seçəndə görsünlər ki, burada Azərbaycanın qiymətli kağızına vəsait yatırmaq, Azərbaycanda istehsalata pul yatırmaq daha rahatdır, daha faydalıdır, nəinki xarici ölkələrdəki azacıq faizlə valyuta ehtiyatlarına və yaxud da ki, kriptovalyutalara və digər maliyyə alətlərinə. Ona görə mən arzulayıram ki, bu gələcəyə gedən qaçılmaz bir prosesdən Azərbaycan çox düşünülmüş şəkildə istifadə etsin, yeni texnologiya və bilikdən yararlansın və bu strategiya Azərbaycanın davamlı inkişafına dəstək olsun.
Ziyad Səmədzadə: Mən ötən gün Moskva kanallarının birində elektron ticarət, rəqəmsal iqtisadiyyatla bağlı bir verilişə baxırdım. Etiraf edim ki, çox təəccübləndim. Bu yeniliklərin müsbət cəhətləri ilə yanaşı, çox ciddi neqativ təsirləri barədə fikirlər deyilirdi. Onlar qeyd edirdilər ki, elektron ticarət, rəqəmsal iqtisadiyyat obyektiv bir prosesdir, amma onun inkişafı nəticəsində meydana çıxacaq bir sıra problemlərin milli iqtisadiyyata təsirinin real qiymətləndirilməsinə ehtiyac var. Artıq beynəlxalq jurnalistika da dünya iqtisadiyyatına, milli iqtisadiyyatlara öz baxışlarını dəyişdirir. Onların fikrincə, elektron ticarət kiçik ölkələrdə ənənəvi istehsalçıların fəaliyyətini qat-qat daraldacaq. Milli iqtisadiyyatın bir sıra sahələrinin taleyi necə olacaq, daxili istehsal necə qorunacaq, xırda sahibkar bu şəraitdə inkişaf edəcəkmi? Elektron ticarətin inkişafı üçün iri dövlətlər, qlobal, transmilli şirkətlər milyard dollarlarla vəsait ayırırlar. Düşünürəm ki, bu prosesin müsbət və mənfi cəhətlərinin real olaraq aşkarlanmasına hamı maraq göstərməlidir. Vüqar müəllim, istərdim bu barədə siz də fikirlərinizi bildirəsiniz.
Vüqar Vəliyev: Təşəkkür edirəm, Ziyad müəllim. Bu gün bu “dəyirmi masa” arxasında çıxış edən dəyərli alimlərimiz öz fikirlərini, rəqəmsal iqtisadiyyatda baş verən dəyişiklikləri qeyd etdilər. Təbii ki, bu məsələlərin önündə insan amili durur və icazə versəniz, mən öz çıxışımda cəmiyyətdə baş verən dəyişikliklər, bu dəyişikliklərin özünün idarə edilməsi nöqteyi-nəzərindən və cəmiyyətdə baş verən dəyişikliklərə gətirib çıxaran iqtisadi məsələlər haqqında danışmaq istəyirəm.
Son illər cəmiyyətdə bir sıra dəyişikliklər baş verir və reallıq budur ki, biz bu dəyişikliklərin içindəyik. Gəlin, baxaq ki, hansı dəyişikliklər baş verib? Artıq sürət əsridir. Geniş seçim bolluğu yaranıb və insanlar özləri də dəyişir, buna artıq “x-people” deyirlər, yəni neoinsanlar təbəqəsi ortaya çıxır. Bir də sağlam həyat və təhlükəli həyat dəyişiklikləri baş verir və bunların iqtisadi istiqamətləri hansıdır? Birinci, bazar və iqtisadiyyat istiqaməti, burada istehlakçının özü dəyişir. Cəmiyyətdə baş verən dəyişikliklər  istehlakçıların davranışını, biznes mühitini, marketinq istiqamətlərini və ən əsası uğur amillərini dəyişir. Çünki hər prosesdə uğur amilləri var və o amillərin özü belə dəyişikliklərə məruz qalır. Bəs, iqtisadi istiqamətdə texnologiyalaşmada dəyişikliklər hansıdır? Bu, tektonik dəyişmələrdir. Elə götürək, 90-cı illərdəki adi faks aparatını.  Hamımızın istifadə etdiyimiz, yadımızda qalan faks aparatlarının İnternetin çıxışı ilə bir müddətdə yox olması və internet vasitəsilə informasiyanın alınması və ötürülməsi baş verdi. Bu, bazarda vəziyyəti çox dəyişdi.
Azərbaycan iqtisadiyyatında ənənəvi satış istiqaməti əhalinin ən çox məşğul olduğu sahələrdən biri olsa da, orada da vəziyyət dəyişir. Çünki distribusiyanın yeni modelləri, yəni elektron ticarət ortaya çıxır. Bax, bütün bu proseslər də istehlakçını dəyişir. Əvvəlcə  onlar onlayn həyat tərzi keçirirlər. Bu gün gənclərin əllərində telefonla gəzmələri, əslində, onlayn həyat tərzinə nümunədir. Onların artıq öz həyat tərzi var. Mümkün olmayanlar mümkün edildi. Balaca bir əl telefonundan bütün dünyanın məlumatlarını əldə etmək olur. 2016-cı ildə Rio olimpiadasında bir nəfər idmançı cəmi iki il ərzində youtube-dan baxıb öyrənərək, nizə atmaq üzrə olimpiya çempionu oldu. Artıq elektron pullar dövriyyədədir, rəqəmsal mənbələr biznesin idarə edilməsini həddindən artıq rahatlaşdırır. Biz bilirik ki, informasiyaların əldə edilməsi, təhlili və qərarların qəbulu zəncirində informasiya düzgünlüyü və onun çevikliyi ən vacib şərtlərdəndir. Biznesdə bu, nəyə gətirir? Adətən, biz görürdük ki, biznes modellər uzunmüddətli və qısamüddətliliyə bölünəndə uzunmüddətli də öz aktuallığını itirmirdi və bu, vacib sayılırdı. Hazırda cəmiyyətdə innovasiyalar ona gətirib çıxarır ki, az xərcli və tez yerinə yetirilə bilən biznes modellər üstünlük qazanır. Marketinqdə də bu dəyişmələr var. Artıq genişmiqyaslı marketinq stimullaşdırmalar, elastik qiymətlər, neomarketinq terminləri ortaya çıxır. Bu yaxınlarda Bakıda keçirilən “BlackFriday” elə həmin məsələlərdən ən aktualı idi.
Qloballaşma məsələsinə gəldikdə, biz deyirik ki, artıq sərhədlər itir və bu, milli iqtisadiyyat üçün hansı sualları yaradır? Burada qeyd edildiyi kimi, ticarətdə orta təbəqə sıradan çıxmaqdadır. Buna misal olaraq, ölkəmizdə yaranan çoxlu supermarketlər şəbəkəsini göstərmək olar. Bu marketlər müəyyən hədəfə çatanda, dayana bilməyəcək, ya satılmalıdır, ya da yeni investisiya qoyulmalıdır. Biz buna necə hazırıq və bu prosesi necə idarə edə bilirik?
Bazarlarda qloballaşma istehlakçıların özündə də dəyişikliklərə səbəb olur. Artıq bu günün istehlakçısı dünyanı gəzir, bu gün o, Amerikadadır, sabah Avstraliyadadır, birisi gün Rusiyadadır və istər-istəməz onun müxtəlif, sürətlə dəyişən tələbləri formalaşır. Müasir istehlakçıların bir az da gözüaçıq tələblərini qarşılamaq lazım gəlir.
Bu baxımdan da yeni cəmiyyət, neotayfalar formalaşır. Qloballaşmada sərhədlər dağılır və internet vasitəsilə dünyada eyni fikirdə olan insanlar birləşirlər və bu proseslər hara istiqamətlənə bilər? Bunun özü də maraq doğuran suallardandır?
Biznes istiqamətində də ünvansız şirkətlər ortaya çıxır, artıq marketinq istiqamətində sərhədlər və sərhədlər məsuliyyətsizliyi problemi yaranır. İnnovasiyanın tətbiqi sürətlənir, bir innovasiya hələ heç yaranmamış dərhal digər innovasiyanın məhvinə səbəb olur. Bu proseslər o qədər sürətlə gedir ki, zaman artıq bir rəqabət meyarı kimi çıxış edir. Biz zamana həmişə optimallaşmada ən yaxşı dividend gətirən amil kimi baxmışıq. Məhsulların həyat sikli çox sürətlənib. Davranışı dəyişmiş istehlakçılar həm də respublikanın vətəndaşlarıdır və bu proseslər idarəetmədə müəyyən çətinliklər yaradır. İstehlakçı müəyyən bir əmtəənin dalınca çox vaxt sərf etmək istəmir, hətta bəzən daha baha almağa üstünlük verir.
Mən növbəti bir məsələni qeyd etmək istərdim. Bu, risk altında həyatdır. Yəni, başqa cür desək, təhlükəsiz həyat. Maslou piramidasına görə, ehtiyaclardan ən birincisi fiziki ehtiyacdır. Yəni, insanlar fiziki ehtiyacı, sonra təhlükəsizliyi nəzərdə tuturlar. Artıq fiziki ehtiyac barədə düşünənlər az qalıb. Yəni, insanlar fikirləşirlər ki, necə edək ki, sağlam olaq. Əgər bu gün insanlar təhlükəsiz yaşayıb, eko dəyərlərə malik olub, ekoloji təmiz məhsullardan istifadə edərək, yaşamaq istəyirlərsə, bu istəyi reallaşdırmaq imkanı gündən-günə çətinləşir. Rəqəmsal iqtisadiyyatda çoxsaylı sosial, hüquqi suallar var. Ən azı bu gün bizim ilkin vəzifəmiz həmin proseslərin dəqiqliklə öyrənilərək, hansı sosial və hüquqi ehtiyacların ortaya çıxarılmasına və yaxud da bunun necə idarə edilməsinə təsir edə bilən istiqamətləri müəyyənləşdirməkdir.
Ziyad Səmədzadə: Çox sağ olun, çox maraqlı fikirlər söylədiniz. Təklif edirəm ki, indi də aramızda bu sahədə ən gənc kadr olan Mahmudu dinləyək.
Mahmud Hacızadə: Burada çox gözəl fikirlər səsləndi. Mən də istəyirəm rəqəmsal iqtisadiyyatın ən geniş yayılan növlərindən biri - elektron ticarət haqqında qısaca, icmal xarakterli çıxışla öz fikirlərimi sizlərə çatdırım.
Elektron ticarət, bildiyiniz kimi, informasiya və internet resurslarından istifadə etməklə ticarətin aparılmasıdır. Hal-hazırda dünyada alış əməliyyatlarının internet üzərindən və digər elektron üsullarla aparılması getdikcə artır. Məsələn, bu sahədə ilk şirkətlərdən olan “Amazonko” 90-cı illərin əvvəllərində yaranıb və həmin şirkətin yaranması onlayn alış-verişi daha da populyarlaşdırdı. Hal-hazırda bunun kimi elektron ticarətlə məşğul olan bir neçə şirkət var: “Ebay”, “Alibaba” və s. Bunlar daha çox ABŞ və Çin iqtisadiyyatında cəmləşib. Son statistikaya görə, ümumiyyətlə, ticarət əməliyyatlarının yarısından çoxu ABŞ-da elektron ticarət vasitəsilə, elektron üsullarla həyata keçirilir. Bu göstərici elektron ticarət bazarında 75 faizə qədərdir. Avropa ölkələrində bu göstərici 60 faizə yaxınlaşır. Hətta Avropa ölkələrində marketlər əlavə olaraq insanlara onlayn alqı-satqı imkanı da təklif edirlər.
Azərbaycanda da elektron ticarət inkişaf edir. 2005-ci il may ayının 10-da “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin qanun elektron ticarət tərəflərinin hüquq və vəzifələrini, məsuliyyətlərini tənzimləyir.
2008-ci ilə qədər Azərbaycanda onlayn ödəmə sistemi mövcud deyildi. 2008-ci il dekabr ayının 2-də SilkWay Azərbaycan şirkəti Mastercard və Viza xüsusi lisenziya aldılar və bu lisenziya əsasında onlayn ödəmə sistemi yaratdılar. Bu sistem Azərbaycanda elektron ticarətin inkişafına böyük təkan verdi. On il öncəyə qayıtsaq görərik ki, insanlar alqı-satqı əməliyyatlarını, müxtəlif ödənişləri yalnız nağd pulla həyata keçirirdilər, nadir hallarda elektron ticarət üsullarından istifadə olunurdu. Hazırda isə insanlar daha çox elektron üsulla ödəniş etməyə meyil edirlər və bu sahə olduqca inkişaf edir. 
2016-cı ildə pərakəndə elektron kommersiya dövriyyəsi 26 milyon 213 min manat təşkil edirdi. 2017-ci ildə bu rəqəm 45 milyon manat idi. 2018-ci ilin sonuna qədər proqnozlaşdırılan göstərici 2017-ci ilə nisbətdə iki dəfə artacaq. Bu, hələ proqnozlaşdırmanın göstəricisidir.
BMT-nin ticarət və inkişaf konfransının elektron ticarət üzrə indeksi var, 144 ölkəni əhatə edir. Azərbaycan burada hal-hazırda 69-cu yerdədir. Mən qısaca elektron ticarətin mənfi və müsbət cəhətlərini vurğulamaq istəyirəm. Müsbət cəhəti ondan ibarətdir ki, insan bir məhsul seçirsə, o birbaşa istehsalçı ilə əlaqəyə girir. Yəni, burada artıq o məhsulu vitrinlərə daşımağa, əlavə xərclər çəkməyə ehtiyac duyulmur. Yəni, bu həm onun maya dəyərini aşağı salır, həm də birbaşa istehsalçı ilə alıcı arasında əlaqə qurur. Elektron ticarət üç meyar üzərində inkişaf edir: elektron platforma, elektron ödəniş sistemi və logistika. Elektron ticarət inkişaf etdikcə üç sahəni özü ilə bərabər inkişaf etdirir. Elektron platformanın yaradılması o deməkdir ki, veb texnologiyalar inkişaf etdirilir, yeni elektron terminallar yaradılır. İkinci məsələ, onlayn ödəmə sistemləridir ki, burada əsas problem təhlükəsizlik həllərinin tapılmasıdır. Bu sahə də inkişaf etdirilir. Üçüncü və ən əsası logistikadır. Logistika məsələsi ilə əlaqədar sizə bir məlumat vermək istəyirəm. Azərbaycan, bilirsiniz ki, coğrafi mövqedən çox əlverişli bir regionda yerləşib. Dünyada elektron ticarət məhsullarının logistikası, marşrutlar bizim Azərbaycandan keçir. Bu gün Azərbaycan poçtu bu sahədə tranzit xab rolunu oynayır və bu da bizim büdcəmizə əlavə gəlirlər gətirir.
Elşad Səmədzadə: Xatırlayıram, 2 il əvvəl Astanada İqtisadi Forumda iştirak etdim. Oraya elektron ticarətlə məşğul olan nəhəng Çin şirkəti - “Alibaba.com”, onun rəhbəri Cek Ma da gəlmişdi. O, nitqində vurğuladı ki, 18 il ərzində dünyəvi şirkət yaradıb. Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev isə cavabında ona dedi: “Mən də 18 ildə Astana kimi şəhər salmışam.” Yəni, orada da rəqəmsal iqtisadiyyatla fiziki iqtisadiyyat arasında müqayisə aparıldı. Hər ikisinin dünyanın inkişafı baxımından zəruriliyi vurğulandı.
Mən Vüqar müəllimin fikirləri ilə bağlı demək istəyirəm ki, elektron cihazların yeni modifikasiyaları çıxır, insanlar gedib onu alır və s. Aydındır ki, bu proses qaçılmazdır. Lakin o prosesi mümkün qədər tənzimləmək lazımdır ki, bu bizə kənardan yeridilmiş kütləvi istehlak cəmiyyətinin, yeni istehlak mədəniyyətinin fəsadlarını da gətirməsin. Yəni, doğrudan da alacağımız cihaz bizim üçün funksionaldırsa, tələbatımıza yarayırsa, bunun yeni modelini alaq, qonşunu üstələmək xətrinə yox. Mərkəzi Bankın keçmiş sədri, rəhmətlik Qalib Ağayevi yadıma salıram. Onun mobil telefonu köhnə, böyük həcmdə idi. Görkəmli bankirə deyirdilər ki, “Qalib müəllim, nə əcəb bunu dəyişmirsiniz?” O da deyirdi ki, “Əsas o deyil ki, mənim telefonum hansındandır, əsas odur ki, mən onunla hansı məsələləri həll edirəm”. Yəni, insanlar mahiyyətsiz dəb arxasınca qaçmasınlar, funksionallığı düşünsünlər ki, nəticədə öz pullarına, Azərbaycanın milli sərvətinə də qənaət edərək onu xaricə axıtmasınlar.
Mən bu proseslərə Azərbaycan dövlətinin münasibətini də bildirmək istəyirəm. Elektron ticarəti stimullaşdırmaq üçün Qərbdən təşviq güclüdür. Bəs, bizdə hansı addımlar atılır? Bir addımı mən deyim. Hazırda ticarət edərkən, nağd pulu ödəyərkən sahibkara pulun hamısı çatır. Amma elektron vasitə ilə, plastik kartla ödəyəndə, bank sahibkardan 2-3% komissiya tutur. Ticarət müəssisəsi, ictimai iaşə müəssisəsi, pulunun bir qismini itirir. Ona görə də sahibkarlar elektron ödənişdə maraqlı olmurlar.  Ona görə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə builki dəyişikliklərdə nəzərdə tutulur ki, sahibkarın bank komissiyasına itirdiyi məbləğin bir hissəsi müqabilində ona vergi güzəşti tətbiq olunsun. Hesab edirəm ki, bu kimi addımların davamlı olması elektron ticarətimizə - milli rəqəmsal iqtisadiyyatımıza töhfələr verəcək.
Asif Həsənov: Mən də həmkarlarımın fikirlərinə qoşularaq bildirmək istəyirəm ki, elektron ticarət, ümumilikdə, ticarətdə forma və mahiyyəti dəyişir. Bu ticarətdə innovasiyalar var, burada lokal prinsiplər dəstəklənmir, qorunmur. Məsələn, aqrar sektorda elektron ticarətin təsiri Azərbaycan kəndinin mənafeyini nəzərə almır.
Elektron ticarət nəticəsində bəzi müqayisələr diqqəti cəlb edir: burada yeni əmtəələrə əlçatanlıq artır, lakin iqtisadi struktur deqradasiyaya uğrayır. Yəni, biz asanlıqla dünyanın istənilən istehsal markasını əldə edə bilirik, eyni zamanda, yerli istehsaldan imtina edirik və s.
Qlobal işəgötürmə prinsipləri adı altında, insanlar qısa vaxt ərzində uzun illər çalışdıqları iş yerlərindən imtina edirlər. Bu proses tez bir zamanda baş verir və məlum olur ki, elektron vasitə ilə onlar “yeni işə” daxil olub. Çox hallarda bu, ölkədə işsizlik faizini artırır. Bu həm də insanların inkişaf etmiş şəhərlərə axınını sürətləndirir. Bundan sonra isə urbanizasiya problemi yaranır. Bu da hesab edirəm ki, bir istiqamət kimi qeyd edilməlidir.
Daha sonra, elektron ticarətdə təklif iqtisadiyyatı üstün xarakter daşıyır. Hesab edirəm ki, burada Azərbaycanın milli iqtisadiyyatının gerçək üstünlükləri mütləq nəzərə alınmalıdır.
Vüqar Vəliyev: Düşünürəm ki, elektron ticarətin iqtisadi dəyişikliklərlə bağlı təsirindən yaranan məsələlərə baxış hər iki tərəfdən olmalıdır: hansı müsbət və mənfi çalarları var. Bayaq Mahmud müəllimin də dediyi kimi,  Azərbaycan bu sistemi artıq logistik imkanlar istiqamətində rellaşdırır. Bəli, qlobal texnologiyalaşma logistik imkanların artırılması proseslərini dəstəkləyir. Burada istehsalçıdan istehlakçıya çatdırılma məsələləri həll olunur. Məsələn, bu gün bizə İpək Yolu layihəsi nə dərəcədə böyük imkanlar yaradır. Asif müəllimin dediyi kimi, elə texnologiyalaşmanın kəndə gətirilməsi,  kənddəki insanların sosial həyatına təsiri prosesləri öyrənilməlidir.
Ziyad Səmədzadə: Sonda qeyd edim ki, cənab Prezident İlham Əliyev İKT sahəsinə də hər zaman çox böyük diqqət ayırır. Elə bugünlərdə Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”-in  keçirilməsi də bunun əyani sübutudur. Sərgidə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, birinci xanım Mehriban Əliyeva iştirak etmişdir. Bütün bunlar isə onu göstərir ki, İKT dinamik sürətlə inkişaf edir və bu meyl davam edəcəkdir. Bizdə elə etməliyik ki, İKT-nin imkanlarından səmərəli istifadə etməklə milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyini yüksəldək.

Dəyirmi masada bu gün çox vacib bir məsələ müzakirə olundu. Sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.
Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır