AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
24.01.2019
Ölkənin iqtisadi potensialı keyfiyyətli və davamlı
inkişaf üçün həlledici amil amildir
 
 
Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında akademik Ziyad Səmədzadənin təşkilatçılığı ilə «Ölkənin iqtisadi potensialı keyfiyyətli və davamlı inkişaf üçün həlledici amildir» mövzusunda dəyirmi masa keçirilmişdir. Həmin dəyirmi masada müzakirə olunan məsələləri sizə təqdim edirik.

Ziyad Səmədzadə: Bu gün bizim müzakirəmiz çox maraqlı bir problemə: iqtisadi potensial, onun mahiyyəti, quruluşu və bu iqtisadi potensialın istifadə göstəriciləri, səmərəliliyi, problemlər və perspektivlərə həsr olunub. Bizim keçirdiyimiz bu dəyirmi masanın ətrafına iqtisad elmləri doktorları, professorlar Məhiş Əhmədov, Rəsul Balayev, Gəncə Dövlət Aqrar Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru Asif Həsənov, həmin universitetin dissertantı Vüqar Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşad Səmədzadə və iqtisad üzrə fəlsəfə doktoru Mansur Mədətovdan ibarət çox sanballı tərkib yığışmışdır.
Təbii olaraq, ilk növbədə iqtisadi potensial anlayışının mahiyyətinə nəzər yetirək. İqtisadi potensial iqtisadiyyatın istehsal etmək, xidmət göstərmək qabiliyyətidir, yəni onu ictimai tələbatın və istehlakın ödənilməsi imkanlarını reallaşdıran bir məfhum kimi qiymətləndirmək olar. İqtisadiyyatda həm iqtisadi potensial, həm də istehsal potensialı anlayışlarından istifadə edilir. Biz, hər şeydən öncə, istehsal potensialı ilə iqtisadi potensial arasındakı fərqi müəyyən edək. Təbii ki, ölkənin iqtisadi potensialı həm onun təbii resursları, həm kapitalı, həm yaranan potensialı, həm də əmək resursları ilə müəyyən olunur və bu nisbət müxtəlif inkişaf mərhələlərində müxtəlif istiqamətlərdə dəyişə bilər. Ola bilər ki, iqtisadiyyat inkişaf etdikcə istehsalın bu ünsürləri arasında nisbət dəyişsin. Ona görə istərdim ki, biz ilk olaraq istehsal potensialının mahiyyəti, strukturu, onun iqtisadi istehsal potensialı arasında qarşılıqlı əlaqə və asılılıq, iqtisadi potensialı xarakterizə edən göstəricilər, bu göstəricilərin qiymətləndirilməsi haqqında danışaq. Bu, həqiqətən, həm elmi, həm də əməli əhəmiyyət kəsb edən problemdir, ölkəmizin reallıqları ilə bağlıdır. Milli sərvətin dinamikası və quruluşunda zaman keçdikcə hansı meyillər özünü göstərir? Ümumiyyətlə, ölkənin iqtisadi potensialı müxtəlif seqmentlərdən formalaşır. Milli göstəricilərin dəyər və natural amillərinin obyektiv təhlilini vermək mümkündürmü? Bu zaman sual yaranır ki, iqtisadi potensial milli sərvətin tərkib hissəsidir, yoxsa tərkib hissəsi deyil? Əgər tərkib hissəsidirsə, zaman keçdikcə milli sərvətlə iqtisadi potensial arasında o fərq necə dəyişəcək?
Ölkənin insan kapitalı necə qiymətləndirilir? İnsan kapitalı və iqtisadi potensial, onlar arasında qarşılıqlı əlaqə və asılılıq... Bu kimi sualları istərdim bu gün müzakirə edək, eyni zamanda, imkan daxilində ölkəmizin iqtisadi inkişafını xarakterizə edən, iqtisadi potensialının nə vəziyyətdə olmasını səciyyələndirən məsələlər barədə fikir mübadiləsi aparaq.
Məhiş Əhmədov: Hörmətli Ziyad müəllim, siz bu gün, doğrudan da, çox aktual bir problemi gündəmə gətirdiniz. Çünki Azərbaycan müstəqil dövlətə çevrildikdən sonra bu ölkənin gələcək perspektiv, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, Azərbaycanın rəqabətqabiliyyətlilik potensialının real və potensial imkanlarının dəyərləndirilməsi, eyni zamanda, Azərbaycanın gələcək iqtisadi inkişafının strukturunda baş verən prioritet istiqamətlərinin əsaslandırılması aktual bir problemə çevrildi və məlumdur ki, hər bir ölkənin malik olduğu resurslar, xüsusən təbii resurslar, əmək resursları və eləcə də, intellektual potensial onun inkişafının ilkin zəruri şərtidir. Lakin tarix onu da göstərir ki, hər bir ölkənin malik olduğu resurslar balansı, onlardan istifadə dərəcəsi heç də bütün hallarda iqtisadi artımın keyfiyyətini, onun iqtisadi artımının səmərəliliyini təmin edən başlıca amilə çevrilmir. Təkcə onu qeyd edək ki, vaxtilə Amerika Prezidenti Teodor Ruzvelt qeyd edirdi ki, Amerika dövlətinin gücü onun malik olduğu təbii sərvətlərdə və resurslarda deyil. Amerikanın gücü və qüdrəti onun malik olduğu sərvətlərdən optimal və səmərəli istifadə etməklə müəyyənləşir. Yəni, hər bir ölkənin təbii resursu ilkin şərt olsa da, ondan səmərəli, optimal istifadə etmək və lazım gəldikcə ölkənin inkişafını müəyyənləşdirmək lazımdır. Bununla əlaqədar olaraq Azərbaycan kimi ölkələr üçün Maykl Porterin fikri də maraqlıdır. O, deyirdi ki, inkişaf ölkənin malik olduğu mütləq üstünlüklərin reallaşma tarixi deyil. İnkişaf qeyri-münasib şəraitlə mübarizə tarixidir. Yəni, bu da Azərbaycan üçün çox vacib bir şərtdir.
Ölkənin iqtisadi potensialını qiymətləndirərkən çox vacib şərtlərdən biri də ölkədə tarixən yığılmış, yəni həmin mərhələdə mövcud olan istehsal olunmuş kapitaldır. İstehsal olunmuş kapital anlayışına iqtisadi ədəbiyyatlarda həm maşın, avadanlıq, həm də intellektual kapitalın özü daxil edilir. Yəni, mövcud olan təbii, istehsal üçün lazım bütün maddi amillərin hərəkətə gətirilə bilən hissəsi nəzərdə tutulur. Nobel mükafatı laureatı Robert Solou deyirdi ki, istehsal olunmuş kapitalla təbii resurslar arasında balans bu ölkənin davamlılıq potensialını müəyyənləşdirir. Çünki bu potensialla təbii resurslar arasında imkanlar dəqiqləşdirilməsə, ölkənin potensialını qiymətləndirmək mümkün deyil. Məsələn, Azərbaycanın 3 əsaslı təbii filiz ehtiyatları var. Lakin biz, məsələn, Balakən yataqlarını niyə mənimsəyə bilmirik? Çünki o yataqların texniki göstəriciləri bu gün bizə imkan vermir ki, ətraf mühitə, insanlara ziyan vurmadan o resursları mənimsəyək. Deməli, burada başqa bir problem ortaya çıxır. Məşhur alim Todaronun çox maraqlı bir fikri var. O, deyir ki, inkişaf proses olmaqla yanaşı, həm iqtisadi inkişafı, həm düşüncə tərzini, həm də mentaliteti əhatə edir. Bu, əslində Mahatma Qandinin Hindistandakı texniki tərəqqi haqqındakı “əgər texniki tərəqqinin arxasınca yeni düşüncə tərzi, yeni yanaşma gəlməsə, onda o inkişaf daimi olmur” fikrini təsdiqləyir. Yəni, təkcə resursu müəyyən mərhələdə reallaşdırmaq hələ gələcək inkişafa zəmanət vermir. Onun arxasınca insan kapitalı, yəni iqtisadiyyatın strukturu, insanların düşüncə tərzi və s. dəyişməlidir. Bayaq dediyim o yığılmış insan kapitalı da o resurslardan səmərəli istifadə etməyə imkan verməlidir.
Burada başqa bir problem də meydana çıxır. Bu, iqtisadi potensialla, resurslarla iqtisadi inkişaf arasında olan əlaqədir. Məsələn, Azərbaycanda təbii resurs kimin neftin çıxarılması birinci mərhələdir. Əgər biz onun emalını və yaxud da daşınmasını, xarici bazara çıxarılmasını, nəqlini həyata keçirməsək, onda o iqtisadi inkişafın effektiv amilinə, səmərə amilinə çevrilmir. Biz bütün hallarda resurslarla nəticə arasında SWOT təhlil əsasında balans müəyyənləşdirməliyik. Yəni, birinci bilməliyik ki, bizim güclü və zəif tərəfimiz nədir, hansı imkanlar var, hansı təhlükə və təhdidlər mövcuddur. İkincisi, məsələləri həll edərkən hansı problemlər meydana çıxır. Məşhur alim Solounun da bununla bağlı maraqlı fikirləri var. O, deyir ki, cəmiyyətdə, ölkədə bir resursdan səmərəli istifadə digər resursdan səmərəli istifadəyə ziyan vurmamalıdır. Yəni, kompleks yanaşma başqa amilə ziyan vurmamalıdır. Məsələn, biz vaxtilə Leontyevin paradoksunu bir aksioma kimi qəbul edirdik ki, Amerikanın mütləq üstünlükləri onun resurslarıdır və ona görə də Amerikanın ixracında materialtutumlu, fondtutumlu məhsullar üstünlük təşkil etməlidir. Amma mən, özüm də bilmədən 2000-ci illərin əvvəllərində onu tənqid edərək bildirdim ki, əslində, bu, Amerikanın üstünlüyü deyil, onun üstünlüyü insan kapitalıdır, ixtisaslı kadrlardır və yüksək insan potensialıdır. Ona görə də təbiidir ki, Amerikanın ixracında elmtutumlu, əməktutumlu sahələr üstündür. Yəni, burada yeni bir problem ortaya çıxır. Marksist təkrar istehsal yanaşması özünü doğrultmur. Yəni, bu gün inkişafın davamlı olması üçün istehsaldan qabaq elmi-texniki, layihə-konstruktor işləri həyata keçirilməlidir. Azərbaycanda niyə Kondisioner zavodu və yaxud da başqa sahələr lazımı dərəcədə davamlı inkişaf etmədi? Çünki istehsaldan qabaqkı ETTKİ (ona nou-hau da deyirik) yox idi. Ona görə də belə məhsulları idxal edirik.
Ziyad Səmədzadə: Məhiş müəllim, çox maraqlı məsələlərə toxundunuz. Balakəndə, Filizçayda çox böyük, zəngin yataqlarımız var. Amma o dövrdə onların ətraf mühitə təsirini minimuma endirmək üçün texnologiyalar yox idi, bir sözlə, o vaxtlar yatağın istifadəsi respublikamızın keyfiyyətli inkişafını təmin edən amilə çevrilə bilməzdi.
Allah akademik Həsən Əliyevə rəhmət eləsin. O, bu layihənin əleyhinə idi və deyirdi ki, Filizçayı hələ istifadə etmək olmaz, amma çox istərdim ki, bu yataq istismara verilsin. Biz respublikada məhsuldar qüvvələrin inkişaf sxemini hazırlayırdıq. Bu yataqdan istifadəni yuxarıda qeyd etdiyimiz səbəbdən sxemə daxil etmədik.
Rəsul Balayev: Ən böyük ehsan bilikdir, o, ən böyük savabdır. Mən bir neçə məsələnin üzərində dayanmaq istəyirəm. Qrafik formada iqtisadi potensialı istehsala, texnologiyaya, bir də təbii resurslara bölürlər. Bu bölgü, təbii ki, həmişə şərti olub, indi daha çox şərtidir. Məhiş müəllimin qeyd etdiyi insan potensialı istehsal və iqtisadi potensialı reallaşdıran, belə demək mümkünsə, birinci amildir. İndiki bölgüdə istehsal-texnoloji potensialın içinə innovasiyaları da daxil edirlər. Yəni, belə bir bölgü var. Mən hesab edirəm ki, innovasiya da, innovasiya iqtisadiyyatı da əmək potensialında komponentləşməlidir. Həmişə deyirik ki, təbii resurs potensialının istifadəsi dayanıqlı inkişafla birbaşa əlaqədardır. Amma bir məsələ də var. Qlobal dediyimiz indiki dövrdə heç kəs özünün potensialından keyfiyyətli istifadə etməsə, arxayın ola bilməz ki, o sabaha da qalacaq. Əvvəllər deyə bilərdin ki, mən bu gün potensialı istifadə etmirəm, sabaha saxlayıram. İndi biz bilirik ki, nefti bu sürətlə çıxarmaq olar. Azərbaycanın təcrübəsi dünyada kifayət qədərdir. Bəs, hasilatın həcmini nə müəyyən edir? Ekoloji tarazlıq müəyyənedici amil deyil. Dünya səviyyəsində neftin qiymətini icraçılar müəyyən edir. Dünya bazarında neftin qiyməti ilə Abşeronda yaşayan insanların həyat tərzi, sağlamlığı arasında heç bir əlaqə yoxdur. Ölkənin siyasi nüfuzu olmasa, dayanıqlı inkişaf mümkün deyil. Hazırda bizim siyasi nüfuzumuz imkan verir ki, potensialımızdan istifadə edək.
İqtisadi potensial olduqca geniş anlayışdır, ona yanaşmalar fərqlidir. Ona görə də bunların alətləri fərqlidir. Məsələn, konseptual yanaşma. Əvvəl biz alətləri, hesablama metodikasını seçirdik. İndi mühakimənin seçimi məsələsi var. Çünki intellektual sistemlər modelləşdirilən mühakiməyə əsaslanır.
İqtisadi potensialın istifadəsində qeyri-tarazlıq gələcəkdə hansı problemlərin yaranmasındadır. Yəni, potensialı biz həmişə istifadə edəndə fikirləşirik ki, bu günə yaxşı olsun, sabaha bundan pis olmasın, gələcəkdə ehtiyata dəyməyək. Süni intellektual sistemlərdə bunu etməyə imkan var, amma hazırda iqtisadi potensialdan istifadə məsələsində belə bir xoşagəlməyən meyil qalmaqdadır.
Ziyad Səmədzadə: İstehsal potensialı və ixrac arasında əlaqələr də dinamik xarakter alır.
Rəsul Balayev: Siz çox gözəl qeyd etdiniz, yəni biz yaxşı malı xaricə satırdıq. Məsələn, ABŞ-ı götürək, ABŞ-da məhsulun üstünə də yalnız ixrac üçün olduğunu yazırlar, çünki həmin məhsulu ABŞ vətəndaşının istehlak etməsi ziyanlıdır. Belə yanaşma Almaniyada, Çində də var.
Ziyad Səmədzadə: Bu gün dünyada Rusiya, Amerika və Çin Kioto protokoluna qol çəkməyiblər. Çin deyir ki, sən inkişaf etmisən, bu resurslardan istifadə edib, bu səviyyəyə çatmısan. Mən isə sənə çatmaq istəyirəm. Amma sən mənə deyirsən ki, resurslardan normadan artıq istifadə etməməlisən. Ölkə var ki, təbii resursları vəhşicəsinə istismar edir, ümumi daxili məhsulu artırır. Ölkə var ki, resurslardan istifadəni azaldır, amma, eyni zamanda, ÜDM də azalır. Bu kimi məhsullar göstərir ki, ÜDM, təbii resurslardan istifadə göstəriciləri sistemli təhlil edilməlidir.
Asif Həsənov: Əvvəla, düşüncələrimə görə, milli sərvət hər bir millətin malik olduğu və ona Ulu Tanrı tərəfindən verilmiş üstün dəyərlərdir. Məsələn, bu, karbohidrogen ehtiyatları, yeraltı, digər filiz, qızıl yataqları və yaxud yerüstü sərvətlər və s. ola bilər. İqtisadi potensial isə hər bir dövlətin müəyyən fəaliyyətlər nəticəsində, daha doğrusu, insan amilinin birbaşa iştirakı ilə əldə olunan potensialdır və mən milli sərvətlə iqtisadi potensial arasında qarşılıqlı əlaqəni də görürəm. Biz qısa müddətdə qeyri-neft sektorunda infrastruktur məsələlərinə ciddi şəkildə diqqət ayıra bilmişik. Bu iqtisadi potensialın hərəkətverici qüvvəsi olan, onun əsası sayılan ən alt qata toxunmaq istəyirəm. Bu gün biz iqtisadi potensialımızın güclü olmasını istəyiriksə, ilk növbədə təhsilimizə diqqət yetirməliyik, təhsilimizi möhkəmləndirməliyik, elmə doğru düzgün transformasiya etməliyik. Çünki elmdə olan bu ikili sistem sonda istehsala sirayət edir və nəticədə bu üçbucaqdan hasil olunmuş doğru, düzgün, daha yüksək dəyərə malik məhsul, təbii ki, insan kapitalı olacaqdır. Təkcə milli sərvətin faktiki dövr üçün istifadəsi məsələnin bir tərəfidirsə, onun doğru olaraq gələcəyə ötürülməsi də məsələnin digər tərəfidir.
Gələcəkdə hətta neftin əvəz olunması gözlənilir. Onda daha optimal, gələcəyə planlaşdırılmış, daha çevik iqtisadi siyasətimiz bizə əsas verməlidir ki, iqtisadi potensialımızı həm qoruyaq, həm onun gələcək üçün proqnozunu verə bilək. Son illər investisiyanın strukturunda dövlət investisiyalarının xüsusi çəkisi artmaqda davam edir və bu tendensiya ilbəil artacaqdır. Bu, mühüm amildir və o deməkdir ki, Azərbaycan dövləti, Azərbaycan hökuməti artıq elə bir iqtisadi xətt götürüb ki, daim xərcləri artırmaqla öz iqtisadi potensialının keyfiyyət quruluşunu da yaxşılaşdırır.
Bu gün hər bir dövlət iqtisadi potensialı ilə bağlı informasiya ixrac edir və dünya ölkələri arasında müqavilələr bağlanır. Əlbəttə ki, biz milli iqtisadi potensialımızın doğru, düzgün təqdim olunması və onun qorunması ilə məşğul olmalıyıq. Bu iqtisadi potensial o qədər geniş mövzudur ki, onu bir dəyirmi masa ilə izah etmək çox çətindir.
Bir də investisiya siyasətində məşğulluq məsələləri nəzərə alınmalıdır. Bu gün biz müəyyən etməliyik ki, hər 100 manat qoyulan investisiya aqrar sahədə nə qədər yeni iş yeri yaradır? Azərbaycanda real olaraq zavodlar tikilib, lakin o zavodların gücü maksimum istifadə olunmur. Halbuki illərdir biz oraya çox böyük həcmdə vəsait qoymuşuq və onların istehsal gücündən, tutaq ki, 70 faiz istifadə olunur. Biz bunun səbəbini düşünməliyik. Satış bazarı vaxtında tapılmalıyıb, yaxud da ki, hansısa səbəbdən resurs, işçi qüvvəsi çatışmır. Bax, bunlar hamısı planlı qaydada düşünülməlidir.
Elşad Səmədzadə: Burada iqtisadi potensialla milli sərvət arasındakı bağlılıqdan danışıldı. Tutaq ki, bir idmançının hər cür idman etmək və nəticə göstərmək üçün şəraiti var. O, müəyyən standartlara malikdir, məşqçisi, idman zalı, təminatı var və s. Nəhayət, idmançı çempionatda 6 metrlik bir hündürlüyün qarşısında dayanır. İndi o, hündürlükdən tullana bilsə, demək, potensialını reallaşdıracaq və sər­vətini artıracaq - yeni medal qazanacaq. Əks halda, potensialı reallaşdıra və sərvətini artıra bilməyəcək. Yəni, milli sərvət var; baza kimi, fiziki olaraq, intellektual olaraq, toplum olaraq və həmin sərvətdən törəyən enerji-potensial var. O potensial reallaşa bilər.Bu vəhdətin vacib hissəsi milli sərvətdir və mən istərdim ki, onun haqqında danışım.
Bəzən prosesləri öyrənmək üçün makroiqtisadiyyatdan mikroiq­ti­sa­diyyata keçirlər, bəzən isə ək­sinə. Mən bu dəfə ikinci variantdan istifadə etmək niyyətindəyəm. Fikirlərimi isə“milli sərvət davamlı inkişafın dayağıdır” ifadəsi ilə cəm etmək istəyirəm.
Dahi Arximed deyir: “Mənə dayaq nöqtəsi verin, yeri qaldırım”. Sahibkarlara deyilən məsləhətlərdən biri isə belədir: “Aktivlərinizə söykənin”. Yəni, sahibkar fəaliyyətini qurarkən, inkişaf etdirərkən sahib olduğu aktivlərdən dayaq kimi istifadə etsin.Bu, ona rəqabətdə üstünlük gətirər və hədəfə çatmaqda yolu qısaldar.Məsələn yük avtomobilinə sahib olanın başqasına nəzərən daşımaçılıq üstünlüyü var, yəni o, öz aktivi olan yük maşınına əsaslanaraq fəaliyyət göstərərsə, mənfəət qazanma ehtimalı çoxdur. Sahibkar səviyyəsində deyilən uğur açarı, zənnimcə, ölkəyə də aid edilə bilər. Ölkə müstəvisində məcmu aktivləri ölçən beynəlxalq makroiqtisadi kateqoriya milli sərvət kateqoriyasıdır. Milli sərvət anlayışı Birləşmiş Millətlər Təşkilatının statistikasında istifadə edilən milli gəlir, ümumi millli məhsul səviyyəsində olan beynəlxalq makroiqtisadi göstəricidir.
Azərbaycan dilində sözün kökü “sərv”-dir (kiparis). Sərv həmişəyaşıl, yaraşıqlı, göyə ucalan, ehtimala görə insanlığı xilas etmiş Nuh gəmisinin hazırlandığı, Plutarxın bütün qanunların üzərində yazılmasını tövsiyə etdiyi, əbədilik rəmzi sayılan ağacdır.
Əsrlərlə nəyin sərvət sayılması, onun necə hesablanması, onun mənbəyinin nə olması iqtisadi nəzəriyyədə əsas suallardan biri olub. Merkantilistlər sərvət kimi qızılı sayır və onun mənbəyini ticarətdə görürdülər. Fiziokratlar həqiqi sərvət kimi torpağı, mənbə kimi kəndli əməyini görürdülər. Klassiklər sərvət kimi təbii, insan resurslarını, istehsal olunmuş və toplanmış nemətləri, mənbə kimi bütün sahələrdə əməyi görürdülər.
Bəs, biz milli sərvət deyəndə nəyi nəzərdə tutaq?
Azərbaycan mediasında milli sərvət anlayışına cavablar ( 1 halda mədəni sərvət):
"Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir", - demişdir ümummilli lider Heydər Əliyev.
Məsələyə münasibət bildirən millət vəkili Nizami Cəfərovun fikrincə, multikulturalizm Azərbaycanın ən böyük milli sərvətidir və bəşəriyyət gec-tez dünyaya səadət, xoşbəxtlik gətirəcək, sivil inkişafın, demokratiyanın, bəşəri humanizmin ana xəttinə, onun mayasına çevriləcək multikulturalizm, tolerantlıq modelimizdən həvəslə istifadə edəcək və ya bunu tətbiq etməyə məcbur olacaqlar.
Azərbaycanın milli sərvəti Milli Kitabxanasıdır.
Bu layihələrdən biri də YUNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə hazırladığı “Azərbaycanın mədəni sərvəti” layihəsidir.
Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi milli sərvətlərimizin qorunması və təbliği sahəsində yeni bir layihəyə start verib. “Müasir Azərbaycanın milli sərvəti – AŞIQ SƏNƏTİ” adlı layihə mütəmadi olaraq davam etdiriləcək.
Şirməmməd Hüseynov.
Azərbaycan ədəbiyyatında sərvət məfhumuna dair nümunələr:
Biz təsərrüfatı maşınlaşdırmaqla təbiətin əlində olan bütün sərvəti ancaq sinifsiz cəmiyyətin ixtiyarına verməliyik. C.Cabbarlı.
Şairin vətənindən hər yana, dünyanın hər yerinə axan sərvət aşıb-daşırdı. Mir Cəlal. Kluba və bələdiyyəyə üzv olmaq sərvətdarlar arasında da böyük bir şərəf sayılırdı. (A.Şaiq)
Mövcud nəzəriyyə və ictimai fikri təhlil edərək bu kateqoriyaya belə tərif deməyə çalışaq: milli sərvət milli-mənəvi sərvətin və maddi milli sərvətin məcmusudur.
Milli mənəvi sərvət milli-mənəvi dəyərlər, mədəni abidələr, milli xarakter, milli ideologiyadır.
 Maddi milli sərvət ölkənin, onun rezidentlərinin həmin ölkədə, ondan kənarda sahib olduğu məcmu xalis aktivlər cəminin müəyyən tarixə pulla ifadəsidir. Bura qeyri-rezidentlərə olan xalis maliyyə tələbləri də aiddir. Ölkənin maddi milli sərvətinin həcmi onun iqtisadiyyatına real inamı formalaşdıraraq yatırılan sərmayə, kredit həcmi və şərtlərinə təsir edir.
Rəsul Balayev: Elşad müəllim, milli sərvətin istifadəsi, artırılması məsələlərinə yanaşma necə olmalıdır?
Elşad Səmədzadə: Milli sərvətin tərkibinə müxtəlif yanaşmalar mövcuddur: toplanmış sərvət, xalq təsərrüfatı balansı və milli hesablar sistemi üzrə. Mən toplanmış sərvət üzrə bölgünün təhlil üçün daha rahat olduğundan onu təkmilləşdirməyi təklif edirəm:
- təbii sərvət (tükənən, tükənməyən, qismən tükənən);
- insan əməyi ilə yaradılan sərvət (fiziki: əsas vəsait, dövriyyə vəsaiti, mal-material qiymətliləri; intellektual: incəsənət inciləri, elmi-tədqiqat nəticələri, patentlər-lisenziyalar);
- maliyyə: (qızıl, nağd pul, bank krediti, qiymətli kağızlar, digər maliyyə tələbləri);
- insanın özü.
Milli sərvət məfhumunun öyrənilməsində görkəmli iqtisadçı Raymond Qoldsmitin tədqiqatları xüsusi yer alır. O, II Dünya müharibəsindən sonra Birləşmiş Ştatların milli sərvəti problemləri ilə, maliyyə sisteminin struktur məsələləri ilə məşğul olub.
Qoldsmitə əsaslansaq, manat milli sərvətə aid deyil. Manat şəxsi sərvətə aiddir - maliyyə tələbi kimi.Azərbaycan vətəndaşının saxladığı manat Azərbaycan dövlətinə verdiyi kreditdir. Əməyi ya aktivi ilə əvəzləşdirdiyi vasitədir. Yəni, vətəndaşın manatı onun aktividir- tələbidir, amma Mərkəzi Bankın passividir - öhdəliyidir. Ona görə tələb və öhdəlik sıfırlaşır və milli sərvətin artıb-azalmasına təsiri olmur. Bəs, Azərbaycan vətəndaşının dolları necə? Dollar maddi milli sərvətin tərifində yazdığımız qeyri-rezidentlərə xalis maliyyə tələblərinə aiddir. Əgər biz dünyanın məcmu maddi milli sərvətini hesablamağa çalışsaq, onda ölkələrin bir-birinə olan tələbi sayılmayacaq. Beləliklə, dünya səviyyəsində kağız pul avtomatik sərvət məfhumundan kənara çıxacaq. Ona görə də Qoldsmitə əsaslanaraq deyə bilərik ki, qiymətli metallar və rezidentlərimizin öhdəliyinə cavabdehliyi məlum olan qeyri-rezidentlərə qarşı maliyyə tələbləri milli sərvətimizə aiddir. Yəni, dollar aiddir, bitkoin yox. Bank kreditinin yaranma sxemi. Əvvəl insanlar əməyini, torpağını və s. sataraq Mərkəzi Bankın öhdəliyi olan manatı alaraq bank yaradır. Sonra topladığı puldan bir hissəsini kreditə verir. Krediti götürən şəxs bu pula istehsal avadanlığı alır. Həmin avadanlıq milli sərvətə aid olur. Pul, kredit isə vasitəçi alət rolunda çıxış edir. Kreditin əvəzinə xarici valyuta alınarsa, o da milli sərvətimizə aid olacaq. Lakin bu halda milli sərvətimiz milli iqtisadiyyatımıza yox, xarici ölkə iqtisadiyyatının inkişafına xidmət edəcək. Demək, milli sərvətimizin milli iqtisadiyyatımıza xidmət edən və əsasən digər iqtisadiyyatlara xidmət edən hissəsi var.
Metodologiya barədə:
Təbii sərvət:
Tükənən təbii sərvətin dəyəri onun dünya bazarındakı dəyərindən idarəetmə: hasilat və satış nöqtəsinə çatdırılma məcmu xərcləri çıxılmaqla tapılır. Demək, dünya bazarında qiymətlər çox, idarəetmə: hasilat və nəqliyyat xərcləri az olduqca tükənən sərvətimizin yerin təkindəki dəyəri çox olur.
Tükənməyən: İqlim ehtiyyatları:
- Günəş. İllik temperatur cəmi. Günəş enerjisinin elektrik enerjisinə çevrilmə potensialı və onun qiymətləndirilməsi.
- Külək. İllik külək sürəti cəmi.
- Atmosfer. Çirklənmə nəzərə alın­maqla nreal vəziyyəti. Dalğa ener­jisi.
Qismən tükənən/qismən bərpa olu­nan:
- torpaq, sahə, relyef tükənir.
Mün­bit qat isə bərpa olunur;
- su;
- meşə dəyəri - xidmət xərci;
- digər nəbatət və heyvanat aləmi. Bərpa üsullarından biri - Qırmızı kitab.
İnsan sərvəti.
Vüqar Vəliyev: Məndən qabaq çıxış edən digər iştirakçılar iqtisadi potensialın mahiyyəti, quruluşu, göstəriciləri, problemləri, perspektivləri, əsasən, əmək vasitələri, əmək ehtiyatları, istehsala cəlb edilə biləcək təbii ehtiyatlar, valyuta ehtiyatlarından və elmi potensialdan danışdılar.
Mən bu gün bir məsələ üzərində dayanmaq istəyirəm. Bu da çox vacib məsələlərdən ibarətdir - iqtisadi potensiala daxil olan cəmiyyətin istehlak potensialı. Əgər cəmiyyətin istehsal potensialı varsa, mütləq burada istehlak potensialı da var. İqtisadi potensialın hərəkətverici qüvvəsi investisiyadır. İnvestisiya yönələndə iqtisadi potensial qüdrətə çevrilir. Əlbəttə ki, bu gün investisiya mühitindən danışarkən iki istiqaməti qeyd etmək lazımdır. Biri, dövlət xətti ilə, ikincisi, sahibkarlar tərəfindən olanlar. Bu məsələlərin fonunda ən əsas da sahibkarlar tərəfindən edilən investisiyalarda aşağıdakı iki suala cavab tapmaq günün ən vacib, aktual məsələlərindəndir.
Birincisi, investisiyaların artımı ilə istehlak potensialının artımı və yaxud iqtisadi potensialın artımı ilə yanaşı, ixrac potensialı məsələləri necə idarə olunur? Bütün bu məsələlər istehsala başlamamışdan qabaq digər məsələlərin dəqiq analizini, araşdırılmasını tələb edir. Bu istiqamətdə mən sizə kiçik informasiya vermək istəyirəm. 2004-cü ildən sonra sahibkarlar Azərbaycan iqtisadiyyatına investisiya qoymağa başladılar. Yerli sahibkarlarımızın ilk etdikləri isə konserv və şirə zavodları açmaq oldu. “Sidel” şirkəti Azərbaycana 18 avadanlıq satdı ki, hərəsinin qiyməti milyondan yuxarıdır. Bəs, bu şirə zavodlarının istehsal gücü nə qədərdir? Azərbaycanın şirə istehlakı cəmi 58-60 milyon litrdir, amma o şirə zavodlarının istehsal güclərindən istifadə əmsalı o qədər də yüksək deyildir. Bəs, burada nə çatışmır? Təbii ki, ilk növbədə əlaqələndirmə məsələləri.
Mən ikinci məsələni də qaldırmaq istərdim. Yəni, qoyulmuş investisiyalar sahədaxili və sahələrarası dəyər zənciri yaradırmı? Əgər söhbət cəmiyyətin istehlak potensialından gedirsə, istehsal potensialının artırılmasının birinci yolu onun ödəniş qabiliyyətinin, alıcılıq qabiliyyətinin artırılmasıdır. Amma istehlak qabiliyyətinin artması iqtisadi artıma nə dərəcədə kömək edir? Bunu da araşdırmalıyıq. Bizim iqtisadi potensialımız artmalıdır ki, həmin xidmətlər və təklifləri özümüz verək və nəticədə vəsaitlərimiz də özümüzə qalsın... Ötən əsrin 70-ci illərində gözəl əsas qoyulmuşdu. Düzdür, planlı iqtisadiyyat idi. Amma dəyər zənciri gözlənilirdi. Yəni, biz qabaqcıl təcrübədən istifadə etməli, yaxşı istehsal ənənələrimizi qorumalıyıq. Əgər biz kənd təsərrüfatında istehsal mədəniyyətini yüksəltsək, müasir texnologiyaların tətbiqini genişləndirsək, çarpaz dəyər zəncirləri yarada bilsək, bütün bunlar əhalinin istehlak qabiliyyətinin artmasına müsbət təsir edə bilər. Bu, birinci istiqamət.
Biz digər bazarlara çıxışımızı da genişləndirməliyik. Bunun üçün hər cür imkan var, amma biz rəqabətədavamlı istehsal, alıcıların zövqünə uyğun məhsullar yaratmalıyıq. İstehlak potensialımız, investisiya imkanlarımız, rəqabət və ixrac məsələləri, əvvələr olduğu kimi analiz olunmalıdır. Səmərəsiz nə isə istifadə olunsa, o bir zamandan sonra zərərə çevrilir. Bu, insan orqanizmi kimidir. İnsan orqanizmində kənar bir cisim yaranırsa, sonradan o kənar cisim orqanizmi məhv etməyə başlayacaq. İnvestisiya artımı, belə deyək, iqtisadi potensialın hərəkətverici qüvvəsi kimi investisiyalar, sahədaxili və ya sahələrarası çarpaz dəyər zəncirləri yaradırmı? Burada mən dövlətin rolunu görmək istərdim. Çünki sahibkardır, onda bəlkə də müəyyən informasiyalar azdır. Amma düzgün istiqamətləndirəndə və yaxud dəyər zəncirini əvvəldən cızılmış bir xətt üzrə sahibkarlara təklif edəndə, istər-istəməz bu, bir az vəziyyəti dəyişir.
Mansur Mədətov: Ümumiyyətlə, hər bir ölkənin milli sərvətinin əsasında insan dayanır. Çünki bütün sərvəti yaradan insan faktorudur, insan amilidir və yaradılan hər bir şey də insan üçün yaradılır. Onun maddi rifah halının yüksəldilməsinə, intellektual dünyagörüşünün, mədəni səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Digər tərəfdən, Elşad müəllim potensial və potensialın reallaşdırılması məsələlərinə toxundu. Misal üçün, çayı götürək. Çayın suyu su elektrik stansiyasına daxil olub, elektrik enerjisini vermirsə, onda burada yalnız potensialdan danışmaq olar. Eyni zamanda, insan kapitalı və insan potensialı anlayışlarının bir-birindən fərqləndirilməsi məqsədəuyğundur. İnsan potensialı dedikdə, həqiqətən də, insanın bilik, bacarıq və qabiliyyətlərinin məcmusu başa düşülür. Lakin əgər biz insan kapitalından danışırıqsa, o zaman biz kapitalın nə olduğunu, birinci növbədə göz önünə gətirməliyik. Kapital nədir? O mütləq gəlir gətirməlidir. Yəni, həmin o məcmuya yönəldilən investisiyaların gəlir gətirmək qabiliyyəti artıq kapitala, insan kapitalına çevrilir, insan kapitalını formalaşdırır. BMT-nin bu məsələlərdə mövqeyi bir qədər daha genişdir. O bütün maliyyə mənbələrindən insana yönəldilən investisiyaları insan potensialına daxil edir. Bu, hesablamalarda bir qədər mürəkkəbliyə səbəb olur, lakin əsasən təhsilə və səhiyyəyə çəkilən xərclər əsas götürülür. Mən isə daha çox təhsil xərclərini önə çəkmək istərdim. Nə üçün? Çünki təhsil insanın bilavasitə intellektual səviyyəsinin yüksəldilməsində önəmli yerlərdən birini tutur. İqtisadi rəqabətin ciddi şəkildə kəskinləşdiyi, bilik və innovasiyaların rəqabətqabiliyyətliliyin əsas amilə çevrildiyi müasir dövrümüzdə ali təhsilin kütləvi xarakter alması onun əlçatan olmasını tələb edir. YUNESKO-nun hesablamalarına görə, hazırda ölkəmizdə ali təhsillə əhatə olunma əmsalı 23,16 faizdir. Qeyd olunan göstərici inkişaf etmiş ölkələrin səviyyəsindən bir neçə dəfə aşağıdır. Hesab edirik ki, bu istiqamətdə problemlərin həlli üçün təhsil krediti mexanizmlərinin yaradılması çox vacibdir.
İnkişaf etmiş ölkələrdə insan kapitalı milli sərvətin hazırda 70-80 faizini təşkil edir. Bizdə isə, əfsuslar olsun ki, bu göstərici hələ aşağıdır, çünki biz hələ yeni-yeni bu sahəyə fikir verməyə başlamışıq. Bildiyimiz kimi, strateji yol xəritələri hazırlanıb və orada xüsusi olaraq bu məsələlər öz əksini tapmışdır.
Təhsilin önəmliyi məsələsində biz, məsələn, ABŞ-a müraciət edə bilərik. Amerika Birləşmiş Ştatlarında universitetlərin gəlirlərinin böyük bir hissəsini təhsildən daxilolmalar təşkil edir. Burada da ən önəmli yeri xarici tələbələrin təhsil haqları tutur. Onlar bunun hesabına çox böyük gəlir əldə edirlər. Azərbaycanda bu təcrübə 70-80-ci illərdə əsasən neft-qaz sahəsində var idi. Bu baxımdan biz misal kimi Azərbaycan Neft və Sənaye Universitetini göstərə bilərik. Bu sahədə bizim təcrübəmiz mövcuddur və hesab edirəm ki, bu potensialı daha da genişləndirmək imkanımız var.
Belə xarici tələbələrin cəlb edilməsində isə universitetlərin reytinqlərinin çox böyük rolu var. Bu reytinqləri həmin univeristetlərə reytinq agentlikləri verir və hesab edirəm ki, reytinq agentliklərinin hansı parametrlərə uyğun olaraq həmin dərəcələri verdiklərini biz araşdırmalıyıq və o istiqamətdə universitetlərin inkişafına önəm verməliyik. Azərbaycanda, misal üçün, mən bildiyim qədər, Azərbaycan Dövlət İqtisad Universiteti profil universitetlər arasında regionda 4-cü yeri tutur. Bu, pis göstərici deyil, amma, eyni zamanda, mən düşünürəm ki, bizim potensialımız var ki, bu göstəricini daha da yaxşılaşdıraq.
Mən bir qədər də təhsil haqları barədə danışmaq istərdim. Mən, ümumiyyətlə hesab edirəm ki, ali təhsilin Azərbaycanda pulsuz edilməsi daha yaxşı olardı. Düzdür, əvvəl bizim maliyyə vəziyyətimiz çətin olduğuna görə təhsil haqları tətbiq etməyə məcbur idik. Lakin hal-hazırda maliyyə vəziyyətimiz daha da yaxşılaşır. Misal üçün, Azərbaycanda son illər təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil müəssisələrindən 1500 tələbə xaric olunublar. Belə bir sadə misal gətirək. Tutalım bir abituriyent 300 bal, digəri isə 400 bal toplayıb və bunlar ikisi də pullu təhsil alırlar. Lakin 400 bal toplayanın imkanı olmadığına görə o təhsil haqqını ödəyə bilmir və təhsilini yarımçıq qoyur. Amma 300 bal toplayan öz təhsilini davam etdirir. Faktiki olaraq, biz 400 bal toplayan, daha yüksək potensiallı bir abituriyenti itirmiş, ali təhsildən məhrum etmiş oluruq. Tədqiqatlar göstərir ki, ABŞ-da belə orta gəlirli ailələrə mənsub tələbələr təhsil haqlarının yalnız 34 faizini ödəyə bilirlər. Hətta Almaniyada təhsil haqqı yoxdur, təhsil pulsuzdur.
Ziyad Səmədzadə: Azərbaycanda ali təhsildə pulsuz oxuyanların sayı azalmağa meyil edir. Bu, məni çox narahat edirdi. Mən son illərdə büdcə çıxışlarında bunu qeyd etmirdim, ancaq deyirdim ki, ev təsərrüfatlarının materiallarına əsasən pullu və pulsuz xidmətlər arasında nisbət pullu xidmətlərin xeyrinə dəyişir. Dəhşətli haldır ki, ev təsərrüfatlarında, təhsil xərcləri 15-16 faiz təşkil edir, amma bir çox ölkələrdə bu, 5-6 faizdir. Təhsil naziri Ceyhun müəllim də, bu məsələyə çox intensiv müdaxilə edib.
Mansur Mədətov: Bütün dünyada Finlandiya təhsil sistemi ən birinci yerdədir. Orada kurrikulumu tam tətbiq ediblər və onlarda heç bir məcburiyyət yoxdur, şagird, tələbə dərsə gələ də bilər, gəlməyə də. Finlandiyada vətəndaşlar ali təhsil almağa elə çox da can atmırlar. Onlar peşə təhsili əldə etməyə can atırlar və peşə təhsilinin inkişafı sahəsində bizdə hal-hazırda böyük bir boşluq əmələ gəlib. Çünki müəyyən bir kadrlar var ki, həmin kadrları biz tapa bilmirik. Ona görə peşə təhsilinin inkişafına xüsusi önəm verilməlidir.
Ziyad Səmədzadə: Mən hazırda ölkələr üzrə əlavə dəyəri hesablayıram, təxminən 70 il ərzində Azərbaycan əlavə dəyər göstəricisinə görə bir çox ölkələrdən geri qalıb. Devalvasiya bizim bu göstəriciyə xeyli zərbə vurdu. Belarusda, Qazaxıstanda, Rusiyada bu göstərici bizdən, ümumiyyətlə, çoxdur. Bunun da kökündə kənd təsərrüfatında məşğul olan əhalinin xüsusi çəkisi və orada hər nəfərə düşən əlavə dəyərin az olması durur. Orada proseslər xoşagəlməz gedir. Dövlət investisiyalarının artmasına biz münasibətimizi bildirməliyik. Dövlət investisiyalarının belə artması bir müddətdən sonra azalacaq. Nə üçün? Çünki irihəcmli infrastruktur layihələri azalır.
Xatırlayırsınızsa, insan kapitalı­nın, təbii resursların rolu ilə əla­qə­dar konfrans keçirmişdik. Yaponiyada təbii resursların rolu o vaxtlar 1 faiz idi. Biz bu gün təhsil xərclərini artırsaq, qısa zaman kəsiyində nə qədər ÜDM artımına nail olacağıq? Bayaq peşə-texniki təhsildən danışdıq. Tamamilə razıyam. Amma bunun tətbiqi yoxdur. Bir çox peşələr var ki, sıradan çıxdı. İndi peşə-texniki təhsilin strukturu tamamilə dəyişib. Azərbaycanda peşə-texniki təhsilin tarixi 1921-ci ilə gedib çıxır. 1921-ci ildə “Azneft”in tərkibində böyük bir proftexobrazovaniya yaradılmışdı. Orada yüzlərlə mütəxəssis hazırlanırdı. İndi o peşələrin yarısı sıradan çıxır, tələb olunmur. Ona görə biz burada elə məsələlər qoymalıyıq ki, çoxlarını düşünməyə vadar edək. Bu fikirlər ətrafında diskusiyalar getməlidir. Açılan müəssisələrdə monitorinq aparılmalıdır. Dövlət investisiyaları olmasa idi, biz bunu edə bilməzdik, özəl sektor inkişaf etməzdi. Dövlətin investisiya siyasəti bu gün Azərbaycanın iqtisadi potensialının güclənməsinə gətirib çıxarır.
Asif Həsənov: İqtisadi potensial və bank sektoru – bunlar bizim yaralı yerimizdir. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının hamısının məkanı bu ölkədir və bu ölkə bank sektorlarına əlverişli şərait yaradıb. Bunlar əsas gətirirlər ki, nizamnamə kapitalının müəyyən hissəsi Almaniyaya məxsusdur, digəri başqa ölkəyə. Ancaq mən çox istərdim ki, onlar fikirləşsinlər ki, inflyasiyanı cilovlayan, onlara bütün şəraiti yaradan bu dövlətdir. Onlar istehlak krediti ilə yanaşı, kiçik və orta sahibkarlığa da dəstək olmalıdırlar.
Elşad Səmədzadə: Vəsait o vaxt kapitala çevrilir ki, o, gəlir gətirir.
İnsan sərvəti cəmiyyətin tələbatlarını ödəmək üçün bilik, bacarıq, qabiliyyətin məcmusudur. Belə hesab olunur ki, ilk dəfə bu termini 1961-ci ildə amerikan alimi Teodor Şults istifadə edib. Onun davamçısı olan Harri Bekker 1965-ci ildən insan kapitalına yatırımları əsaslandıraraq və insan davranışına iqtisadi yanaşma formalaşdıraraq bu fikri inkişaf etdirmişdir. O, nəzəriyyəsinə görə 1992-ci ildə Nobel mükafatı almışdır.
 Əvvəllər insan kapitalı deyəndə insana yatırılmış və onun əmək qabiliyyətini- təhsil və peşəkar xüsusiyyətlərini artıran sərmayələr başa düşülürdü.
Sonralar bu məfhumun mahiyyəti böyüdü. Dünya Bankı bura istehlak xərclərini: ailə və dövlətin ərzağa, geyimə, mənzilə, təhsilə, səhiyyəyə, mədəniyyətə xərclərini aid edir.
İnsan kapitalı nəzəriyyəsinin kökü ХVIII əsrə Adam Smitin tədqiqatlarına gedib çıxır. O, cəmiyyətin bütün üzvlərinin qazanılmış və faydalı bacarıqlarını vacib sayırdı. Fərd qabiliyyətlərin qazanılmasına pul xərcləyir, nəticədə bu onun şəxsində reallaşan kapitala çevrilir.
Şultsun insan kapitalı konsepsiyası ölkələr arasında məhsul istehsalı həcmindəki fərqləri və buna sərf olunan sərvətlər həcminin fərqini izah edir. Şults və bəzi iqtisadçılar fikir söylədilər ki, insan kapitalına sərmayələr bu fərqin əsasıdır (Şults, 1961). (İnsan kapitalının ölçülməsi üzrə təlimat. EEC, UN, Nyu-York, Cenevrə, 2016 )
Milli sərvətin hesablanmasında ən çətin hissə insan sərvəti ilə bağlıdır.“İnsanın dəyəri əlaqələrinin dəyəri qədərdir” - Çin atalar sözü. Sığorta şirkəti həyatı qiymətləndirərək sığortalayır. Lakin dünyada insan sərvətinin hesablanmasına qəbul olunmuş vahid yanaşma yoxdur. Bunun etik, intellektual, sair səbəbləri var. Demək, elmi ictimaiyyət bu problemlə məşğul olacaqdır.
Hazırda dünyada milli sərvətin strukturunda insan kapitalı artır.İnkişaf etmiş ölkələrdə onun xüsusi çəkisi yüksəkdir. Əsas səbəb onlarda 1990-cı illərin sonlarından sərmayələrin 70%-nin insan kapitalına, yalnız 30%-nin fiziki kapitala qoyulmasıdır. Bu sərmayələrin əsas hissəsini dövlət qoyur.
İnkişaf insan kapitalının milli sərvət içərisində xüsusi çəkisini artırmağa sövq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Neft kapitalını insan kapitalına çevirək” fikrini bildirmişdir və mütərəqqi beynəlxalq təhsildən yararlanmaq üçün azərbaycanlıların xarici təhsilinin maddi dəstəklənməsi üçün şərait yaratmışdır.
Milli sərvət kateqoriyasının hesablanması metodologiyası təkmilləşdirilməlidir. Belə ki, əmlak tam, ya qalıq dəyəri ilə hesablanmalıdır?Qalıq dəyəri üzrə hesablandıqda müxtəlif ölkələrin qanunvericiliyində amortizasiya ayırmalarına fərqli yanaşma mövcuddur. Bu qəbildən başqa suallar da var...
Davamlı inkişaf başqa amillərlə yanaşı, milli sərvətin strukturunun əsas və alt elementlər üzrə səmərəli olmasını zəruri edir. Bunun üçün ona yatırılan sərmayə də səmərəlilik baxımından istiqamətləndirilməlidir. Beləliklə, ölkəmizin milli sərvəti nə qədərdir? – sualına cavab tapmağa çalışaq.
Milli sərvəti hesablamaq üçün bəzi məlumatları diqqətə çatdıraq. OPEC-in hesabatına görə, Azərbaycanın təsdiqlənmış neft ehtiyatları 7 milyard barreldir. Azərbaycanın neft brendi Azerilightın 1 barreli 62,5 ABŞ dollarıdır. SOCAR-ın məlumatlarına əsasən hesabladıq ki, 1 barrelin istehsal xərci 10,4 ABŞ dollarıdır. 62,5-10,4=51,4*7 milyard= 359,8 milyard ABŞ dolları. Bundan daşıma və xarici tərəfdaşlarımızın pay mənfəəti çıxılır. Dövlət Neft Şirkətinin(ARDNŞ)rəhbəri Rövnəq Abdullayev bildirdiyinə qaz ehtiyatları 2.5 trilyon m3-dir(OPEC məlumatlarına əsasən 1.3 trilyon m3).Azərbaycan qazının 1m3-inin satış qiyməti ortalama0,155 ABŞ dollarıdır.ARDNŞ-ın məlumatlarına əsasən hesabladıq ki, 1 m3 qazın istehsal xərci 0,036 ABŞ dollarıdır.Tarif Şurasınin təsdiqlədiyi tariflərə görə 1000 m3 qazın 100 km məsafəyə nəql xərci 2 manatdır. Demək sərhədə nəql xərci ortalama 0,0047 ABŞ dolları təşkil edir.0,155- 0,036- 0.0047= 0,1143*2.5 trilyon m3= 285,75 milyard ABŞ dolları. Proqnozlaşdırılan karbohidrogenehtiyatlarının həcmi isə 10 milyard ton şərti yanacaq təşkil edir.Çaylarımızın hidroenerji ehtiyatı 37 mlrd. Kvt. təşkil edir. Əsas fondların dəyəri 99,5 milyard ABŞ dollarıdır (AzStat). Azərbaycan Mərkəzi Bankının rəsmi qızıl-valyuta ehtiyatları 5,534 milyard ABŞ dolları həcmindədir (28.09.2018).Dövlət Neft Fondunun aktivləri 38,987 milyard ABŞ dollardır (01.09.2018). MDB-də adambaşına ortalama milli sərvət 275 000 ABŞ dollarıtəşkiledir (Mənbə: Nesterov L. Milli sərvət və insan kapitalı.// İqtisadiyyat Sualları jurnalı, Moskva, 2003,№ 2.). Bunu 10 milyon əhalisi olan Azərbaycana tətbiq etsək, vətənimizin milli sərvəti 2,75 trilyon ABŞ dolları təşkil edir.
 Milli sərvətin hesablanması həm metodoloji, həm də gərəkli məlumatları toplamaq baxımından çətin prosesdir.Gələcək tədqiqatlarda onun detallaşmasına diqqət yetiriləcək və yəqin ki, bu da reallığa daha yaxın göstəricilərin tapılması ilə nəticələnəcəkdir.
P.S. Əvvəldə insan kapitalı termininin ilk dəfə 1961-ci ildə Teodor Şults tərəfindən istifadə olunmasının hesab olunduğunu bildirdim. Onun tədqiqatlarına böyük hörmətlə yanaşmağımla yanaşı, bir tarixi ədalətin də bərpasını arzulayıram.
 Bir neçə gün əvvəl dəyirmi masaya hazırlaşarkən bildim ki, Mikayıl Müşfiqin Heydər Əliyev Sarayında yaradıcılıq gecəsi keçirilir və tədbirə getdim.Azərbaycan Televiziyası tərəfindən yüksək səviyyədə hazırlanmış xatirə konserti idi. Aparıcı Ayşən Şakirqızı da gözəl nitqlə şeirlər dedi. Bir şeiri deyəndə mən çox təəccübləndim və sevindim. Ertəsi gün bir gənc iqtisadçıya dedim ki, Azərbaycan Televiziyası ilə əlaqə saxlasın və o şeiri tapıb mənə çatdırsın. İndi bu sənət incisinin iki bəndini diqqətinizə çatdırmaq istəyirəm:
 
Göy bir məhəbbətə açıq qucaqdır,
Sanasan ulduzlar körpə uşaqdır,
Bizim gənc analar öz qucağında
Çox böylə ulduzlar parladacaqdır.
 ******
Kim yanılıb deyir: ömür masaldır,
Bir şirin uyğudur, bir xoş xəyaldır?
Hər an təbiəti gözəlləndirən
Bu insan tükənməz bir kapitaldır!
 
Mikayıl Müşfiqin 1937-ci ildə yazdığı
“Duyğu yarpaqları” şeiri.
 

Dünya inkişafının başlanğıcı Şərqdir. Qərbin kəşflərinə hörmətimizi bildirərək biz görürük ki, ən böyük məsələlərdən biri- insan kapitalı ifadəsinin və onun tükənməzliyinin kəşfi mənbəyi də Şərqdir, Azərbaycandır, Mikayıl Müşfiqdir!
Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır