AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

 

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında akademik Ziyad Səmədzadənin sədrliyi ilə növbəti dəyirmi masa keçirilmişdir. Həmin dəyirmi masada müzakirə olunan məsələləri olduğu kimi sizə təqdim edirik. 
Ziyad Səmədzadə: Hamınızı xoş gördük. Biz bundan əvvəl də iki dəyirmi masa keçirmişik. Birinci dəyirmi masamız rəqəmsal iqtisadiyyata, ikincisi isə iqtisadi potensiala, yəni onun müasir səviyyəsi və inkişafını zəruri edən amillərə, respublikada bu sahədə görülən işlərə həsr edilmişdir.
Bu gün isə dəyirmi masada müzakirə edəcəyimiz mövzu dünya iqtisadiyyatı ilə bağlıdır. Təbii ki, dünya iqtisadiyyatının dünəni, bu günü, sabahı barədə ətraflı fikir söyləmək üçün günlər, aylar kifayət etməz. Amma elə istiqamətlər, məsələlər var ki, onlar haqda müzakirə aparmaq çox vacibdir. Bugünkü də­yirmi masanın ətrafına da çox dəyərli insanlar - iqtisad elmləri doktorları, professorlar Dünyamalı Vəliyev, Məhiş Əhmədov, Elşən Hacızadə, Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşad Səmədzadə, Gəncə Dövlət Aqrar Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru Asif Həsənov, həmin universitetin dissertantı Vüqar Vəliyev və “RR GROUP OF COMPANIES”-in İdarə heyətinin sədri Rafiq Qarayev toplaşmışdır.
Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatı kontekstində necə inkişaf edir, xarici əməkdaşlıqdan faydalanmaq üçün biz nələrə daha çox fikir verməliyik? Qloballaşma və milli suverenliklər problemi varmı? Biz  iqtisadiyyatımızı tam açıq  etməliyikmi? III, IV sənaye  inqilablarının ölkə iqtisadiyyatına təsiri necədir? Biz nə kimi sosial-iqtisadi nəticələrə hazır olmalıyıq? Dünyanı idarə etməyin oyun qaydaları milli maraqlara nə dəcədə cavab verir? Dünya ölkələri arasında inkişaf səviyyəsinə görə fərqlər çox böyükdür.  Bu qədər haqsızlıq olmaz. Tox dünya var, ac dünya var. Dünya iqtisadiyyatında gedən proseslərə olduğu kimi baxsaq, onları qiymətləndirməsək, düzgün idarəetmə üsulları tapmaq mümkün olmaz. Əgər aparıcı təşkilatların dediyi kimi hərəkət etsəydik, biz bu nailiyyətləri əldə edə bilərdikmi?  Qətiyyən yox. Azərbaycanın böyük uğurlarının kökündə müstəqil  iqtisadi siyasət dayanır.
Suallar çoxdur, təbii ki, onlar barədə hər birimizin fikirləri, baxışları vardır. Amma bir məsələ hər birimiz üçün aydındır. Azərbaycan dünyanın bir parçasıdır və onun iqtisadi inkişafı dünyada gedən proseslərdən kənarda deyil, biz özümüzü belə qlobal risklərdən qorumalı,  həm də milli iqtisadiyyatımızın keyfiyyət göstəricilərini yaxşılaşdırmaqla dünya sivilizasiya proseslərində iştirak etməliyik.
İstərdim bu kimi məsələlər barədə fikir mübadiləsi aparaq, 2019-cu ilin əvvəlində keçirilmiş Davos Forumu barədə fikirlərimizi bölüşək.  Dəyirmi masanın  ana xəttini  ölkəmizin inkişafına xidmət edəcək tövsiyələr təşkil edir. Dünyamalı müəllim, Siz respublikamızın ağsaqqal, tanınmış iqtisadçı alimlərindən birisiniz.  İstərdim ki,  ilk olaraq sizin fikirlərinizi eşidək.
Dünyamalı Vəliyev: Hər şeydən əvvəl mən sizə öz dərin təşəkkürümü bildirirəm ki, belə bir gözəl məclisə məni də dəvət etmisiniz. Çox gözəl insanları bir yerə toplamısınız. Ağzınızdan çıxan hər bir söz mənim daxilimdə bir kitab açdı. Bu, olduqca çox mühüm bir başlanğıc, istiqamətdir.
Bizim qılıncla işimiz yoxdur, əlimizdə qələmimiz var. Ondan çox  səmərəli  istifadə etmək lazımdır.
İlk öncə onu deyim ki, Amerika artıq qloballaşma prosesindən bezib və orada antiqloballaşma gedir. Bütün bu məsələlərdə Amerika qloballaşma tərəfdarlarını silkələyir. ABŞ belə hesab edir ki, bunun böyük əsası var. Bir əsas kimi onu  sizin nəzərinizə çatdırmaq istəyirəm ki,  qlobal iqtisadi cinayətlər dünyanı bürüyüb gedir və  antiqloballaşma buradan yaranır. 
Ümumdünya miqyasında ən çox gəlir transmilli korporasiyalardan əldə edilir ki, onların böyük bir hissəsi qlobal cinayətlər hesabına baş verir. Bu cinayətlərin verdiyi ziyan haqqında heç bir ölkədə statistik məlumatlar yoxdur.
Qlobal cinayətlər üç qrupa bölünür:
- iqtisadi cinayətlər;
- fiziki cinayətlər;
- mənəvi cinayətlər.
ABŞ-da, AFR-də TMK-nın törətdiyi iqtisadi cinayətkarlığın miqyası  100 milyardlarla ölçülür, ölkə sərhədlərini keçir. Millətlərarası korporasiyaların törətdiyi cinayətlər ən çox inkişaf etmiş ölkələrə qarşı yönəlmişdir.
Fiziki ziyan ölüm hallarının artmasında özünü göstərir. Əksər müəssisələrdə texniki təhlükəsizlik qaydalarına riayət edilmir, tez-tez bədbəxt hadisələr, ətraf mühitin çirklənməsi, keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanma baş verir,  bunlar iqtisadi siyasətin çox mühüm sahəsidir. Mənəvi ziyan insanların dövlətə inamının itməsində özünü göstərir. Bütün bunlar dünya hadisələrinin  gedişini,  xüsusiyyətlərini dəyişir.  Bu gün dörd ailə ABŞ vasitəsilə bütün dünyanı istədikləri kimi idarə edir. Ən mühüm vasitə dolların hegemonluğudur. ABŞ dolları özünün daxilində istədiyi kimi istiqamətləndirir. Hansı prezident dollar hökmranlığına qarşı çıxırsa, onu dərhal aradan götürürlər. Şərqdə Qəddafi əmr verdi ki, dollardan imtina olunsun. Səddam Hüseyn dollara qarşı çıxdı, axırı nə oldu?! Bütün dünyada milli valyuta ilə hesablama sistemi fəaliyyətdədir.
Ziyad Səmədzadə: Çox sağ olun, Dünyamalı müəllim. Olduqca önəmli  məsələləri qeyd etdiniz.  Dünyada baş verən və qarşısı alınmayan proseslər davam edir. Bir çox ölkələr BMT-dən dəstək gözləyir. Təbii ki, TMK-lar barədə dünya iqtisadi ədəbiyyatında yekdil fikir yoxdur, amma bu, həqiqətdir ki, bir o qədər böyük olmayan ölkə TMK-nın  fəaliyyətinə özünün milli maraqları baxımından yanaşmalıdır.
Transmilli şirkətlərin ÜDM-də payı artdıqca, ölkə iqtisadiyyatına müdaxilə təhlükəsi də çoxalır. Məsələn, hansısa beş şirkət 90 faiz investisiya qoyur, sonra isə istədikləri kimi dünyanı idarə edirlər. Bu, düzgün deyil.
Məhiş Əhmədov: Həqiqətən, bu gün müzakirə etdiyimiz problem çox həyati və əməli bir problemdir. Azərbaycan həm dünya iqtisadiyyatına inteqrasiya olunur, həm də dünya bazarına qovuşmaq yolunda mühüm addımlar atılır.
Son 10 ildə dünya iqtisadiyyatında dörd mühüm istiqamət müşahidə olunur. Qloballaşmanın nəticəsi olaraq liberallaşma baş verir,  liberalizmin təsiri altında olan ölkələr öz realizminə əsaslanan siyasət yeridirlər. Liberalizmin təsiri altında dünyanı vahid bir mexanizmlə idarə etmək qloballaşmanın  əsas məqsədidir.
Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə Nyu-Yorkda keçirilən tədbirlərdən birində demişdir ki, Azərbaycan qloballaşmanın müsbət və mənfi nəticələrini öyrənməlidir, onları araşdırmalıdır. Nə varsa onu qəbul etsək, nə olar? 
Ulu öndərin və cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində biz dünyaya qoşulub, inkişaf edərək öz milli maraqlarımızı qorumuşuq. Belə bir söz var. Ölkədə həyata keçirilən bütün iqtisadi sistemin formalaşması, bütün sistem dəyişikliyi prosesi istisna bilməyən şəraiti, iqtisadi təhlükəsizliyi gözləməli olacaq. Azərbaycanın az itki ilə çıxmağının səbəblərindən biri də məhz bundan ibarətdir. Dünyamalı müəllim bunları çox gözəl qeyd etdi, bu gün deqloballaşma gedir. Heç kəs qloballaşmanı birmənalı qəbul etmir. Amerika ilə Çin arasında və Rusiya ilə Avropa ölkələri arasında nələr baş verir? Ölkələrin böyük əksəriyyəti Ümumdünya Ticarət Təşkilatının prinsiplərini pozur, ona əməl etmir. Azərbaycanın xoşbəxtliyi bundadır ki, o,  iqtisadi artım dalınca qaçmır, ölkənin milli fundamental əsaslarını yaradır. Azərbaycan qloballaşmaya gedərsə, iqtisadi artımının sürəti dəyişər. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına qovuşanda kəmiyyət  artımından keyfiyyət artımına keçir. Neftdən alınan gəlir hesabına deyil, qeyri-neft əsasında inkişaf edir.
Azərbaycan sənaye məhəllələri, sənaye qovşaqları yaradaraq, rəqabət qabiliyyətini artırmaq üçün siyasət yürüdür.  Milli maraqların mənəvi dəyərlərin qorunması qloballaşmanın mənfi təsirini minimuma endirmək üçün vacibdir.
Elşən Hacızadə: Dünya iqtisadiyyatı müasir cəmiyyətin fəaliyyətini şərtləndirən, maddi təməldə müxtəlif millətləri və xalqları birləşdirməyə imkan verən, beynəlxalq əmək bölgüsünə əsaslanaraq ayrı-ayrı ölkələrin iqtisadi, elmi-texniki, istehsal, maliyyə-valyuta və pul-kredit əlaqələrini özündə ehtiva edən çox funksional bir sistemdir, daha qısa ifadə etsək, dünya iqtisadiyyatı mürəkkəb sosial-iqtisadi sistemdir.
O, elmi-tədqiqat obyekti olaraq, digər elmlərlə yanaşı, insan cəmiyyətinin praktiki tələbatları ilə sıx rabitədə meydana gəlib və inkişaf edir.
Son onilliklərdə dünya təsərrüfatının sosial-iqtisadi siması xeyli dəyişmişdir. Dünya sosialist düşərgəsi dağılmış, soyuq müharibə sona çatmış, iki sistemin rəqabəti bitmiş, bir sıra ərazi-təsərrüfat quruluşları yeni tərəqqi yoluna qədəm qoyaraq, industrial ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsinə çatmışlar. Baş verən bu hadisələr ölkələr və altsistemlər arasında iqtisadi qüvvələr konfiqurasiyasını əsaslı dəyişmiş, dünya iqtisadiyyatında ikiqütblülüyü praktiki aradan qaldırmış və müəyyən qədər bu sferada ABŞ-ın hökmranlığına yol açmışdır. Bu zaman kəsiyində dünya iqtisadiyyatı nəinki sosial, həm də texnoloji cəhətdən dəyişmiş, inteqrasiya prosesləri daha da dərinləşmişdir.
Qlobal çağırışlara uyğun olaraq, hazırda dünya iqtisadiyyatı yeni texnoloji dönüş zamanını yaşayır. ETT-nin təsiri altında dünya məhsuldar qüvvələrinin keyfiyyət dəyişiklikləri baş verir, iqtisadi proseslərdə internetin, İKT-nin geniş tətbiqi zaman amilinin əhəmiyyətini azaldır, məhsul istehsalının siması və xarakteri dəyişikliklərə uğrayır, dünya istehsalı əhali artımını üstələyir, informasiya inqilabı yeni mərhələyə qədəm qoyur.
Dünyanın müasir dinamik xüsusiyyətləri inkişaf etməkdə olan ölkələrdə baş verən proseslərlə daha sıx bağlıdır. Belə ki, son iki onillikdə sənaye ölkələri ilə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişaf səviyyələrindəki fərq daha da artmışdır. Bu həm də Qərbin sənayecə inkişaf etmiş ölkələrində inkişafın intensiv tipinin üstünlük əldə etməsi ilə bağlıdır.
Qloballaşma proseslərinin dərinləşməsi ilə müşayiət olunan dünya iqtisadiyyatının strukturunda və fəaliyyətində baş verən bu köklü dəyişikliklərin əsasında həm də sahibkarlıq kapitalının beynəlxalq yerdəyişməsi dayanır. Bu yerdəyişmənin mühüm fenomenal nəticəsi olaraq təzahür edən TMŞ-lər və TMB-lər dünya iqtisadiyyatının strukturunu yaradan əsas amillərdən biri kimi çıxış edirlər. Onun təsiri ilə xarici ticarətin artımı istehsalın artımını xeyli qabaqlayır. İstehsal və ticarət isə, öz növbəsində, valyuta-kredit münasibətlərinin inkişafını üstələyir.
Ziyad Səmədzadə: Qlobal problemlər getdikcə dərinləşir və  onların həlli istiqamətində atılan addımlar, etiraf edək ki, heç də həmişə uğurlu olmur.
Elşən Hacızadə: Bəli. Bir sıra qlobal problemlərin həll edilməməsi bəşəriyyəti qaçılmaz məhvə apara bilər. Bir çox tədqiqatçılar bəşəriyyət qarşısında duran qlobal problemlərin siyahısını tərtib etməyə çalışır və müvafiq fərqləndirici meyarlar işləyib hazırlayırlar:
- Qlobal kapitalist sisteminin çatışmazlıqları;
- “Bretton-Vuds” sistemi və müasir qlobal maliyyə arxitekturası;
- “Soyuq müharibə” və onun siyasi-iqtisadi nəticələri;
- İnkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi gerilik problemi;
- Şimal-Cənub - inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olanların iqtisadi münasibətlər problemi;
-  Qlobal inhisarlar və oliqopoliyalar təhlükəsi;
-  İstehlak problemi - qlobal ərzaq problemi və ərzaq təhlükəsizliyi problemi;
-  Qlobal demoqrafik problem;
- Yoxsulluq və gender problemi;
-  Xammalın tükənməsi problemi;
-  Bəşəriyyətin enerjidaşıyıcılarla təchizatı və enerji təhlükəsizliyi problemi;
-  Nüvə energetikasının inkişaf problemləri və alternativ enerji mənbələrindən istifadə imkanları;
- Təbiət-cəmiyyət arasında qarşılıqlı münasibətlər - qlobal ekoloji problem (ekoloji iqtisadiyyat, dayanıqlı inkişaf konsepsiyası - qlobal ekoloji problemləri tənzimləyən beynəlxalq konvensiyalar);
- Dünya okeanı və ondan istifadənin qlobal problemləri (dünya okeanının beynəlxalq hüquq rejimi);
- İqtisadiyyatın militarizasiyası - qlobal hərbi problem (hərbi-siyasi ittifaqlar və hərbi güc nümayişinin yeni mərhələsi).
Təbii ki,  burada sadalanan problemlər, eyni zamanda, qlobal problemlərdir, yəni bə­şəriy­yətin inkişafının qlobal problemləri bir-birindən ayrı mövcud deyildir. Əksinə, onlar vahid şəkildə və qarşılıqlı əlaqədə fəaliyyət göstərir, bu da həll prosesinə əsaslı şəkildə yeni konseptual yanaşmalar tələb edir.
Müasir zamanda qlobal problemlərin həlli yolları üçün iki real mövqe vardır. Onlardan birincisi yüksək inkişaf etmiş dövlətlərin mövqeyidir. O, aşağıdakı məqamlardan ibarətdir:
- qlobal problemlərin həlli elə formalarda olmalıdır ki, inkişaf etmiş ölkələrin maraqlarına toxunmasın, onların bundan maksimum mənfəət əldə etməsinə kömək etsin;
- ehtiyatlarla təminat probleminin həlli başqa ölkələrin xammal və enerjidaşıyıcılar ehtiyatları hesabına olmalıdır və məhz bu yolla inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının aqrar-xammal kompleksləri üçün əlavə kimi onların birtərəfli inkişafını saxlamaq mümkündür;
- inkişaf etməkdə olan ölkələrdə ərzaq probleminin həlli elə həcm və formada ehtiva olunan müvafiq yardımlara istinad etməlidir ki, onların siyasi strukturlarına təzyiq göstərmək imkanı yaratsınlar;
- ekoloji problemlər, zəif inkişaf etmiş ölkələr də daxil olmaqla, bütün bəşəriyyət tərəfindən həll olunmalıdır.
Ziyad Səmədzadə: Bu cür yanaşmalar reallığı əks etdirir. Tox və ac dünyanın inkişaf meyillərinin son 50 il ərzində təhlili o qədər də nikbin nəticələr əks etdirmir. Dünyada aclıq, ifrat yoxsulluq hələ də geniş vüsət alıb. Bu, o deməkdir ki, artıq dünyada  bir qütb hakim olmayacaqdır. Yəni, super dövlətlər arasında rəqabət mübarizəsi dərinləşəcək, dünyanın oyun qaydalarında müəyyən dəyişikliklər baş verəcək.  Biz də bir iqtisadçı olaraq  bu prosesləri izləməliyik.
Elşən Hacızadə: İkinci mövqe bəşəriyyətin texniki və intellektual imkanlarını həyat təminatı problemlərinin həllinə yönəltməyi nəzərdə tutan yeni siyasi təfəkkürün reallıqlarına əsaslanır. Planetimizin bütün xalqlarının rəhbər tutmalı olduqları meyarlar bütün xalqların maraqlarının, onların arzu və iradələrinin, indiki və gələcək nəsillərin tələbatlarının ədalətli və humanist əsaslarla nəzərə alınmasını ehtiva edir.
Qlobal modelləşmədə dönüş nöqtəsi Roma Klubunun ümum­dünya sisteminin inkişafının proqnozlaşdırılması və model­ləşdirilməsi ilə bağlı genişləndirilən hesabatlarında öz əksini tapdı.
● Urbanizasiya prosesləri və meqapolislərin yaranışı;
● Müsəlman dünyasında əhali artımı və onun dünya iqtisadiyyatına təsir effektləri;
Dünya iqtisadiyyatının inkişaf perspektivləri ayrı-ayrı təhlil bucaqlarından müxtəlif cür qiymətləndirilir. Qloballaşma prosesində yaxın onilliklərdə ABŞ və Qərbi Çin mövqelərinin zəifləməsi ehtimalı artır. Bu dövrdə inkişaf etməkdə olan ölkələr önə keçəcəklər. Xüsusilə iki artan iqtisadiyyat - Hindistan və ÇXR iqtisadiyyatları böyük önəm alacaqdır.
Elşad Səmədzadə: Elşən müəllimin bildirdiyi kimi, dünya iqtisadiyyatı çoxfunksiyalı və mürəkkəb bir sistemdir. Onun öyrəniləsi tərəfi hədsizdir, amma hər halda hamımız çalışırıq ki, bu təhlili müəyyən sistemə gətirək. Mən çıxışımı “Dünya iqtisadiyyatında əsas dəyişikliklər və milli iqtisadiyyatlar üçün tövsiyələr” adı ilə ümumiləşdirmək istəyirəm.
Böyük coğrafi kəşflərdən sonra dünya iqtisadiyyatının inkişafında ciddi təkanverici hadisələr texnoloji inqilablardır. Fikirləri sistemli şəkildə ifadə etmək üçün mən tərtib etdiyim “Texnoloji inqilab dövrlərində dünya iqtisadiyyatının təkamülü sxemi”ni diqqətinizə çatdırmaq istəyirəm (Sxem 1).


Təbii ki, sxemlə bağlı mübahisəli fikirlər də var. Lakin biz əsas olaraq bütün qlobal meyillərin burada əks olunmasına çalışdıq. Sxemdə istifadə etdiyim sıralamaya uyğun olaraq milli iqtisadiyyatlar, o cümlədən Azərbaycan üçün faydalı saydığım fikirləri bölüşmək istərdim:
1. Biz dördüncü texnoloji inqilab dövrünə qədəm qoymuşuq, amma bu, o demək deyil ki, təkcə gen mühəndisliyinin inkişafı barədə düşünməliyik. Ötən texnoloji inqilabların nəticələrindən bəhrələnməliyik. Yəni, kompüter, məişət cihazı, təyyarə, pambıq parça (toxuculuq dəzgahının vasitəsilə) istehsal edilməlidir. Bu qəbildən sevindirici haldır ki, Azərbaycan şirkətinin qurduğu sistem əsasında Afrika qitəsində 9 ölkə təyyarə uçuşlarını təmin edir;
2. Maliyyə resursları real sektora istiqamətləndirilməlidir. Məzənnə təminatı, hecləmə mexanizmləri yaradılmalıdır ki, manatla kredit faizləri azalsın və vəsait istehsala getsin. Milli sərvətin törəmə maliyyə alətləri vasitəsilə xaricə axması ilə mübarizə gücləndirilməlidir. Maliyyə sistemindən kənarda da islahatlar davam etdirilməlidir ki, əmtəə istehsalı cazibəli olsun;
3.1. Emal sənayesinin və elmtutumlu məhsulların istehsalının artırılmasına nail olmalıyıq;
3.2. Sevindirici haldır ki, Azərbaycanda dövlət borcu çox deyil. Lakin əhalinin banklara borcu, vaxtı keçmiş borcu çoxdur. Bu istiqamətdə vəziyyətin yumşaldılması üçün iş aparılmalıdır. Habelə ehtiyatlar və real sektora qoyuluşlar arasında səmərəli nisbət gözlənilməlidir;
4. Dövlətin öz müstəqilliyini qoruması, lakin müsbət qlobal meyillərdən geri qalmamaq üçün transmilli korporasiyalarla mü­nasibətlərin səmərəli şəkildə formalaşması çox mühümdür;
5. Azərbaycan Çinlə (Cənub-­Şərqi Asiya ilə) Avropa arasındakı “Qədim İpək Yolu - Bir kəmər, bir yol (BKBY)” layihəsinin önəmli iştirakçısıdır. ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Zbiqnev Bzejinski “Böyük şahmat lövhəsi” əsərində nəzərdə tuturdu ki, Azərbaycan Xəzər regionunun açarıdır. Davos Qlobal İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu layihənin müzakirəsi zamanı göstərilən xüsusi diqqət beynəlxalq ictimaiyyət tərəfindən vətənimizin BKBY-də oynadığı rolun əhəmiyyətini bir daha təsdiqləyir;
6. Bu gün antiqloballaşma küçə­lər­dən dövlət siyasətinə keçir. Azərbaycan davamlı inkişafının təmin olunması üçün dərin düşünülmüş siyasət yeridir. Bu da əsas dünyəvi qütblərlə qurulan münasibətlərdə milli maraqlarımızın qorunmasına imkan verir.
Ziyad Səmədzadə: Dövlət sahibkarlığı bütün ölkələrdə var. Xüsusi çəki müxtəlifdir. Həmçinin,  çox vaxt səmərəliliyi də yüksəkdir. İqtisadiyyat təkcə Qərb tövsiyələri ilə idarə olunmur. Çin, kiçik pələng ölkələr Qərb üsulları ilə deyil, Şərqin öz mexanizmləri ilə idarə olunurlar. Nəticələr də bəllidir. Heydər Əliyevin  Azərbaycan dövləti,  xalqı qarşısında mühüm xidmətlərindən biri odur ki, o, Dövlət Neft şirkətini, neft sərvətlərini xaricin  təzyiqlərinə baxmayaraq, özəlləşdirmədi. Çünki əks təqdirdə dövlətimizin, iqtisadiyyatımızın müstəqilliyi olmayacaqdı. Vətənimizi, dövlətimizi istəməyənlər bu kimi təklifləri irəli sürürdülər.
Dünyamalı müəllim, ümumiyyətlə, dünya iqtisadiyyatı  idarə olunmalıdırmı?
Dünyamalı Vəliyev: Dünya idarə olunurmu? Bəli, idarə olunur. Bunun üçün ayrıca təşkilat lazım deyil. Dünyanı hazırda böyük dövlətlər idarə edir. Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi - bu yollarla dünyanı özünə tabe etdirmək istəyənlər siyasi, iqtisadi üsullarla buna nail olurlar: qloballaşma o dövlətin xeyrinə olur, kasıblar daha da kasıblaşır. Qloballaşmanı idarə etmək hakim ideologiyaya çevrilir.
Asif Həsənov: Apardığım müşahidələrə əsa­sən dünyada iqtisadi iqlim dəyişib və ya dünyanın psixologiyası pozulub desəm, daha uyğun olar. Filosoflar, tarixçilər, siyasətçilər nə qədər ictimai proseslərin gedişatının qanunauyğunluqlarını tapdıq­larını israr etsələr də, yenə gedişat proqnozlaşdırılmayan is­­ti­qamət götürür. Yəqin çoxları belə düşünürdü ki, XXI əsrdə sivilizasiyanın inkişafı elə bir səviyyəyə gəlib çıxacaq ki, insanlar daha sivil münasibətlərə üstünlük verəcək və intellektin güclənməsi sosial rifahı artıracaq. Elmi-texniki inkişaf dünyanı məst edib, yəni dünya dəyişib. Dünyanın sanki mənfi enerji  yükü artıb. İndiki zamanda  dünya gücləri arzularına  uyğun olanları həqiqət kimi qəbul etdirməyə çalışırlar.  Onların istifadə etdiyi terminlərdən olan “Humanitar yardım” arxasında baş verənlər iqtisadi və ya siyasi maraqları həyata keçirmək vasitəsi kimi görünür. Bəşər övladlarının bir-birinə olan inamının itməsi qlobal mənada dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Bütün bunlara baxmayaraq,  həyat davam edir...
2018-ci il ərzində dünya iqtisadiyyatında müşahidə olunan inkişaf meyilləri, parçalanmalar, zəifləmələr, geosiyasi fikir ayrılıqlarının gətirib çıxardığı iqtisadi itkilər, rəqəmsal valyutanın dünya iqtisadi gündəmindəki yeri və bu kimi qlobal maliyyə dəyişiklikləri diqqəti cəlb edir. Demək olar ki, 2018-ci il qlobal iqtisadiyyatın dayanıqlılığının sınaq ili oldu. 2018-ci il  ərzində dünya ticarət müharibələri, fond, valyuta və rəqəmsal bazarlarda ani yüksəliş və enişlər, Avropa Birliyinə qarşı meyillərin çoxalması neft qiymətlərində rekord  sıçrayış­larla müşayiət olundu. Bir sözlə, qlobal iqtisadiyyat üçün 2018-ci il yeni və  ciddi çətinliklərlə yadda qaldı.
Çoxşaxəli təhlil metodundan istifadə edərək müasir dünya iqtisadiyyatını bu cür  xarakterizə edərdim: çox hallarda iqtisadi qanunauyğunluqların pozulması dünya iqtisadiyyatına mənfi təsir göstərməkdədir; iqtisadi proqnozlar real iqtisadi hadisələr nəticəsində özünün təsdiqini tapmır; dünya iqtisadiyyatının idarə edilməsində sistem tələblərindən daha çox razılaşdırılmış qrup qərarları üstünlük təşkil etməkdədir; qloballaşma fundamental iqtisadi təhsilə və təfəkkürə təsir göstərir və s.
Mən bir iqtisadçı kimi müasir dünyada siyasətin iqtisadi həlləri (imkanlardan yararlanmaq) istiqamətini daha işlək mexanizm olaraq görürəm. Yəni,  düşünülmüş iqtisadi siyasət aparan ölkənin iqtisadiyyatının milli maraqları nəzərə almaqla dünya iqtisadiyyatına inteqrasiyası üçün əlverişli zəmin yaradır. Yuxarıda qeyd edilənlərin davamı olaraq  qeyd etmək olar ki,  Azərbaycan dünya iqtisadiyyatında nüfuzu olan TMK-larla sıx əməkdaşlıq edir, həm Azərbaycan, həm də dünya üçün əhəmiyyət kəsb edən iri layihələr həyata keçirir. Hazırda Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın 25-ci yeri tutması bu reytinqin tarixində ən müvəffəqiyyətli və ən böyük nailiyyətlərindən biri kimi qiymətləndirilir.
Ölkəmizdə müxtəlif iqlimə malik olan regionlar müxtəlif və keyfiyyətli məhsulun yetişdirilməsini mümkün hala gətirir. Dünyada mövcud olan 11 iqlim tipinin 9-u Azərbaycanda mövcuddur. Bu müxtəliflik subtropik iqlimdən tundra iqliminə qədər uzanır. Bir mövsümdə bir dəfədən çox məhsul əldə etmək mümkündür. İqlimi kənd təsərrüfatı üçün əlverişli olan Azərbaycanın başlıca kənd təsərrüfatı məhsulları buğda, pambıq, tütün, çay, zeytun, üzüm, meyvə və tərəvəzdir. Ölkənin özünü təmin edə biləcək qədər taxıl istehsal etmək potensialı vardır. Son illər qeyri-neft sektorunda ölkəyə valyuta gətirən məhsullar əsasən pomidor, fındıq və xurma olmuşdur.  
Təkcə bir faktı qeyd etmək istərdim. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda təqribən 35 min ton fındıq istehsal olunur və onun 90 faizi xarici ölkələrə ixrac edilir. İxracımız əsasən İtaliya, Rusiya və Almaniyayadır. Ümumilikdə, keçən il 25-ə yaxın ölkəyə fındıq ixrac etmişik. Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötüb. Bunun da 375 min dekalitri ixrac edilib. Şərab məhsulları Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib. Azərbaycan şərabının ixracının əsas istiqamətləri Rusiya (85 %), Çin (7 %) olsa da, Avropa Birliyi, Belarus və Qırğızıstan da siyahıya daxildir. Ümumiyyətlə isə,  getdikcə belə ölkələrin sayı artır.
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından görüləcək hər bir işin sistemli araşdırılması və iqtisadi səmərəlilik baxımından qiymətləndirilməsi daim gözlənilməlidir. Bu istiqamətdə re­gional xüsusiyyətlər və real imkanlar nəzərə alınmalıdır.
Ziyad Səmədzadə: Çox maraqlı məsələlərə toxundunuz. İqtisadi təfəkkür məsələsini də ayrıca müzakirə edəcəyik. Tədris, proqramlar, dərsliklər nəinki qlobal çağırışlar, həm də milli maraqlar baxımından qiymətləndirilməlidir.
Vüqar Vəliyev: Qlobal dünya iqtisadiyyatının müasir vəziyyəti, Azərbaycanın dünya iqtisadiyyatında tutduğu yer və gələcək istiqamətlər barədə bəzi fikirlərimi açıqlamaq istərdim. Belə bir deyim var: siyasət iqtisadiyyatın kvadratlaşmış formasıdır. Dünya iqtisadiyyatı dedikdə, dünya əhalisi, transmilli korporasiyalar, dövlətlər və s. nəzərdə tutulur.
Bəs, dünya əhalisinin dünya iqtisadiyyatından gözləntisi nədir? Əlbəttə, ilk olaraq çoxluğun gözləntisi olan sosial ədalət. Dünya iqtisadiyyatı bu istiqamətdə hansı addımlar atır? İnkişaf etmiş iri iqtisadiyyatlarda bu məsələ öz həllini tapıb. Lakin qeyd edək ki,  həmin iri dövlətlər öz iqtisadiyyatlarını ya birbaşa, ya da  dolayı yolla inkişaf etməkdə olan  və ya kasıb iqtisadiyyata malik olan ölkələrin təbii və digər  sərvətləri hesabına əldə ediblər. Biz hər gün mətbuatda bu və digər Afrika və Asiya ölkələrində davam edən yoxsulluq, aclıq barədə məlumatlar görürük. Halbuki, həmin iri dövlətlərin silahlanmaya və müharibələrə çəkdiyi xərclərin cəmi 1-2%-ni bu istiqamətə xərcləməklə dünyada aclıq problemini həll etmək olar. Şükürlər olsun ki, hər bir sahədə olduğu kimi, Azərbaycan dövləti dünya iqtisadiyyatının bir parçası olaraq iqtisadiyyatda sosial ədalət prinsipini hər zaman önə çəkir. Bu gün biz artıq qəti deyə bilirik ki, əhalinin rifahı ildən-ilə yaxşılaşır, daha  keyfiyyətli tədbirlərin görülməsi üçün proqramlar müəyyənləşdirilir. 
Azərbaycanın dünya iqtisadi mü­nasibətlər zəncirinə verə biləcəyi töhfə və bununla yanaşı tutduğu yer  dedikdə əvvəlcə aşağıdakılar nəzərdə tutulmalıdır.
Təməli 1994-cü ildə qoyulan “Əsrin müqaviləsi” nəticəsində Azərbaycan dünya iqtisadi sisteminin bir parçasına çevrildi. Bu gün artıq biz diversifikasiyalaşmış neft və qaz təminatçısına, eyni zamanda, Avropanın enerji sektorunda ciddi oyunçuya çevrilmişik. Tutduğumuz coğrafi mövqe və istifadəyə verilən tranzit dəhlizləri. Bu istiqamətdə aparılan işlər deməyə əsas verir ki, Azərbaycan dünya iqtisadiyyatında ciddi tranzit ölkə kimi mühüm rol oynayır. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu, İpək yolu vasitəsilə Çin və Avropa tranzit xətləri istifadəyə verilib. Bununla yanaşı, şimal-cənub dəhlizi Hindistan və İran dövlətlərinin Avropa və Rusiya bazarlarına çıxışını təmin edəcək. TAP və TANAP layihələri isə gələcəkdə mümkün ola biləcək Orta Asiya qazının Avropa bazarlarına çıxışını təmin etmək iqtidarındadır.
Ziyad Səmədzadə: Rafiq müəllim, Siz  həm Qarabağ döyüşlərinin fəal iştirakçısı, həm də bacarıqlı iş adamısınız. Ona görə sizin fikirləriniz də bizim üçün  çox maraqlıdır.
Rafiq Qarayev: Bu gün biz elmlə iqtisadi gücü birləşdirməliyik. Sahibkarlığın inkişafı üçün ölkədə böyük işlər görülür. Mən xatırlayıram ulu öndər Heydər Əliyev ölkədə sa­hibkarlığın inkişafı üçün hü­quqi bazanı formalaşdırdı, onlara hər cür dəstək göstərdi. Prezident İlham Əliyev də bu siyasəti uğurla  davam etdirir, onların fəaliyyətinə müdaxilələrin olmaması üçün  konkret tədbirlər görür. Razılıq hissi ilə qeyd etməliyəm ki, regionlarda sahibkarların infrastruktur layihələrində iştirakı artır. Bununla belə  sahibkarlığın inkişafı üçün  imkanlardan daha səmərəli istifadə  etməklə bağlı bir sıra  məsələlər diqqət mərkəzində olmalıdır. Dünya iqtisadiyyatı rəqabəti, mübarizəni artıran bir siyasətdir.  Güclülər qalib gəlir, zəiflər daha da zəifləyir, ağır vəziyyətə düşürlər. Bu barədə çoxlu misallar çəkmək olar. Azərbaycanın coğrafi mövqeyi elədir ki, bu amil hesabına iqtisadiyyatını daha sürətlə inkişaf etdirə bilər. Dövlət  başçısı bu şansdan istifadə etmək üçün böyük işlər  görür. 
Kiçik sahibkarlar bəzən haqsız rəqabətlə üzləşirlər. Supermarketlərin yerləşdirilməsi, onların yerli məhsullarla təmin edilməsində problemlər var. Araşdırmalar göstərir ki, bir supermarketin istifadəyə verilməsi ətrafda olan  çoxsaylı kiçik, xırda  sahibkarlığı, demək olar ki, sıradan çıxarır. Burada güclünün gücsüz üzərində qələbə çalması üçün mübarizə gedir. Orta  sahibkarlıq, kiçik, xırda sahibkarlıq üçün problemlər yaranır. Mənə elə gəlir ki, bu  barədə düşünməyə dəyər. Azərbaycan müstəqil dövlətdir. Biz də sahibkar olaraq dövlətimizin, onun iqtisadiyyatının daha da güclənməsi üçün əlimizdən gələni edəcəyik. Biz niyə  iri marketləri kənd yerlərində cəmləşdiririk? Müvafiq qurumlar bu məsələyə fikir verməlidirlər.
Bankların sahibkarlara verdiyi kredit faizləri yüksəkdir, real sektora aşağı faizlərlə kredit  verilməlidir. Elə  məsələlər var ki, onlar daim diqqət mərkəzində olmalıdır. Kəndlinin əlində olan məhsulu sata bilməsi üçün hər cür şərait yaradılmalıdır. Kəndlilərə  ixtisaslaşmada kömək, dəstək göstərilməlidir. Bir misal çəkim. Bir il soğan bol olur, sonrakı il, məsələn, kartof və ya noxud.
Növbəti illərdə vəziyyət tam dəyişir, bu və ya digər məhsulun qiyməti aşağı düşür. İstehsalçı çətin vəziyyətə düşür.  Nə etməli? Bazarı  ətraflı təhlil etmək və tövsiyələr  hazırlamaq lazımdır. Yekun olaraq onu demək istəyirəm ki, dövlətimiz güclüdür, onu daha  güclü etmək üçün sahibkarlığa hər cür şərait yaradılmalıdır.
Ziyad Səmədzadə: Çox sağ olun. Burada çox dəyərli fikirlər səsləndirildi. Orta təbəqə zəifdir. Sistemli yanaşma tələb edilir. Daha irimiqyaslı hədəflər qoyulmalıdır. Dünyada, regionda ixracla mövqeyimizi yaxşılaşdırmalıyıq. İsteh­salın ixtisaslaşmasında komp­leks amillər nəzərə alınmalıdır. Hər bir  rayonun ixrac imkanları müəyyənləşdirilməlidir. Dünya iqtisadiyyatı ilə bağlı fikirlərə aşağıdakıları da əlavə etmək  istərdim.
“Gələcək necə olacaq?” problemi ilə bağlı Con  Hecbittin tədqiqatları çox maraqlıdır. Onun 1982-ci ildə nəşr olunmuş “Meqameyillər” (meqameyillər müəyyən dövr ərzində baş verən əsas dəyişikliklərin miqyası və xarakterini ifadə edir) adlı kitabında 80-ci illərdə dünyada əsaslı proseslərin baş verəcəyi göstərilmişdir. Azərbaycanın dünya inteqrasiyasına qovuşması prosesi ilk növbədə milli dövlət mənafelərinin qorunması vəzifələri ilə əlaqələndirilməlidir. Təbii ki, ildən-ilə ölkənin əsaslandırılmış inkişaf strategiyası, iqtisadi islahatların dərinləşməsi, iqtisadiyyatda müsbət meyillərin güclənməsi, ölkəmizin  xarici ticarət dövriyyəsi və tədiyyə balansının göstəricilərinin daha da yaxşılaşması ilə müşayiət olunacaqdır. Misal üçün, əgər 30 il bundan əvvəl biz Beynəlxalq Valyuta Fondundan kredit almaq istəyəndə çox çətinliklərlə üzləşirdiksə, bu gün bizim o  kreditlərə ehtiyacımız yoxdur. Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Milli dövlət mənafelərini rəhbər tutmaqla alimlərimiz, mütəxəssislərimiz Azərbaycan və Avropa, Azərbaycan və Şərq, Azərbaycan və Amerika, Azərbaycan və Rusiya, Azərbaycan və Qafqaz, Azərbaycan  və Türk dünyası və s. ilə bağlı strateji əhəmiyyət kəsb edən məsələləri araşdırmalıdır və bütün bunlar da  müstəqillik illərində böyük sınaqlardan keçmiş inkişafın Azərbaycan modelinin reallaşması prosesində qlobal risklərin, çağırışların milli maraqlar baxımından qiymətləndirilməsini təmin edəcəkdir. Ölkəmizin dinamik inkişafı onun əhalisinin firavan yaşaması imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəkdir.
Bir daha hamınıza dəyərli fikirlərinizə görə təşəkkür edirəm.

Hadisələr
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
11.10.2018

Ərzaq təhlükəsizliyi davamlı inkişafın mühüm amili kimi

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır