AZ RU EN
daha ətraflı...
Əlaqə nömrələri

+994 12 5660960

Fəal xarici iqtisadi siyasət davamlı inkişafın mühüm amili kimi

Fəal xarici iqtisadi siyasət davamlı inkişafın mühüm amili kimi

 

Elşad Ziyad oğlu Səmədzadə, İqtisad üzrə fəlsəfə doktoru,

Azərbaycan Iqtisadçilar İttifaqının Sədr muavini,  ADIU-nun dosenti

 

Xülasə

   Məqalədə Azərbaycan şirkətlərinin xaricdəki fəaliyyətinin  səmərəliliyinin artırılması problemləri araşdırılır. Şanlı gələcək naminə şanlı keçmiş bünövrəsinin olduğu vurğulanır. Ölkənin maliyyə, institusional, informasiya resurslarının bu istiqamətə köməyinin vacibliyi əsaslandırılır. Beynəlxalq əməkdaşlıqda milli  maraqların qorunması önə çəkilir.

Açar sözlər: xarici iqtisadi siyasət, ixrac, maliyyə, investisiya, beynəlxalq mühit, Azərbaycan şirkətləri, informasiya, sənayeləşmə, Vətən, Azərbaycan.

 

“...Bizim banklar xarici bazarlara çıxmalıdır, çıxır, daha da sürətlə çıxmalıdır. Bir yox, iki yox, beş, on bankımız niyə başqa ölkələrdə işləməsin?! Niyə orada böyük mövqelərə nail olmasın?! Dövlət öz tərəfindən dəstək verəcəkdir. Lazım olsa siyasi dəstək də, başqa dəstək də veriləcək”.  

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışından (28 fevral 2012-ci il)[1].

 

Azərbaycan dinamik inkişaf edir. Ölkəmiz  beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. İnkişafın bu məqamında Azərbaycan hökuməti gələcək istiqamətlər haqqında fikirləşir. İqtisadiyyatın diversifikasiyası, modernləşmə və s. Bu baxımdan da fəal xarici iqtisadi siyasət, artıq sərhədləri aşan  Azərbaycan şirkətlərinin fəaliyyət  səmərəliliyinin artırılması mövzusu aktual istiqamət kimi  tərəfimizdən  seçilmişdir.

İstənilən praktiki fikir nəzəriyyəyə söykənərkən tam olur. Biz də iqtisadiyyatın əsas göstəriciləri  kimi Ümumi Daxili Məhsul və Ümumi Milli Məhsul anlayışlarını götürürük. Əgər Umumi Daxili Məhsul ölkə daxilində milli və xarici sahibkarlar tərəfindən istehsal olunan məhsulun dəyəridirsə, Ümumi Milli Məhsul  bizim üçün yerli sahibkarlar tərəfindən Azərbaycan ərazisində və Azərbaycan ərazisindən kənarda istehsal olunan məhsulların toplam dəyəridir. ÜMM-in artırılması diqqət mərkəzində olmalıdır.  İsaak Nyutondan soruşanda ki, bu günkü uğurlara necə gəlib çatib, o bildirir ki, bu günkü uğurlara keçmiş fiziklərin çiyni üstündə gəlib. Bizim də dünya səviyyəsində deməyə sözümüz var, belə ki, bəşər əhəmiyyətli nümunələrimiz mövcuddur. Əsrin  müqaviləsi, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s.  Bu nümunələrdən bir platsdarm kimi istifadə edərək hücuma keçmək olar. Amma əvvəl bizə informasiya lazımdır.    

İnformasiyanın da mühüm mənbələrindən biri Azərbaycanın xaricdə olan səfirlikləridir. Bilirsiniz ki, vətənimizin bu parçalarında iqtisadi attaşelər fəaliyyət göstərir. Xaricdə  olan yeniliklər, texnologiyalar, satış imkanları  barədə onlar Azərbaycana faydalı məlumatlar çatdıra bilər ki, bunun əsasında xarici fəaliyyət potensialı arta bilər. Hazırda Azərbaycanın 66 ölkədə səfirliyi var.

O cümlədən iqtisadi informasiyanın mühüm mənbəyi ali təhsilimizdir. Biz Leonardo da Vinçini “Elm sərkərdədir, praktika  əsgərlər” sözləri ilə yada salırıq. İştirak etdiyim beynəlxalq tədbirlərdə universitet professorları ilə qarşılaşıram. Misal üçün, bu yaxınlarda Albaniyada tədbirdə idim. Birləşmiş Ştatların  Corc  Vaşinqton Universitetinin professoru tədbirdə iştirak edərək  fərqli mövzulara münasibət bildirdi. Universitet  professorları iştirak etdikləri tədbirlərdə öz praktik fikirlərini deyir, eyni zamanda, tədris auditoriyalarına dəyərli məlumatlar aparır. Düşünürəm ki, Azərbaycan təhsilində praktik sahə ilə təmasın böyük inkişaf perspektivləri var.

Statistikaya muraciət etsək gorərik ki, 2011-ci ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 36,33 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 9,76 mlrd. ABŞ dolları, ixracın həcmi isə 26,57 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 149 ölkə ilə ticarət sahəsində əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 16,81 mlrd. ABŞ dolları olmuşdur. Bunun əsas hissəsi ixracdır, əlbəttə, onun həcminin və keyfiyyətinin artması imkanları da mövcuddur.

Azərbaycan Dövlət maliyyəsinin imkanları artmaqdadır. Son məlumatlara görə, Dövlət büdcəsi xərcləri –  15 779 160 000 manat [2] (2012-ci il), Dövlət Neft Fondunun vəsaiti –10 751 304 000 manat  [3] (2012-ci il), Mərkəzi Bankin valyuta  ehtiyyatları  - 10 583 800 000 manat   [4]/ (10.04.2012), Dövlət Neft Şirkətinin aktivləri – 17 milyard ABŞ dolları [5]  (2012-ci il) təşkil edir.

Qeyd edim ki, şirkətlərimizin xarici fəaliyyətində təkcə bu alətlər deyil, başqaları da var. İqtisadi İnkişaf Nazirliyinin Azpromo təskilatı səmərəli fəaliyyət göstərir. Dövlət və özəl sektorun birgə təşəbbüsü olan Azərbaycanda ixracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) İqtisadi İnkişaf Nazirliyi nəzdində 2003-cü ildə təsis edilmişdir. Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri xarici investorlar, yerli istehsalçılar və hökumət arasında körpü funksiyası həyata keçirməsindən ibarətdir [6]. O cümlədən, Satinalmalar üzrə Dövlət Agentliyi Azərbaycan sirkətlərinin xarici bazara çıxması üçün calisir. Bu qurum Azərbaycan şirkətlərinin  digər dövlətlərin dövlət satınalmalarında iştirakına səy edir.

Bütün bu proseslərin uğurla həyata keçməsi  üçün Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq etməli, səmərəli fəaliyyət göstərməlidir. Ölkəmiz Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır. Azərbaycanın bu sahəni tənzimləyən qanunvericiliyi xarici şirkətlərə münasibətdə liberaldır. Azərbaycan qanunlarına görə istənilən ölkənin şirkəti (əlbəttə ki, Ermənistan istisna olunmaqla) Azərbaycan dövlət satınalmalarında iştirak edə bilər. Belə ki, Azərbaycanda heç bir şirkət heç bir dövləti mənsubiyyətinə görə dövlət satınalmalarından kənarlaşdıra bilməz (əlbəttə ki Ermənistan istisna olunmaqla). Təəssüf olsun ki,  bu hal köhnə Avropa ölkələri tərəfindən qarşılıqlı şəkildə gözlənilmir. Azərbaycan şirkəti ölkə mənsubiyyətinə görə köhnə Avropa ölkələrinin qanunvericiliyə görə dövlət satınalmalarından kənarlaşdırıla bilər.

Azərbaycanda ixracın artması üçün real imkanlar var.  Ölkə  reklam məkanında populyar ifadə var: Əyləncənin dəyişməz ünvanı – Bakı Əyləncə Mərkəzi. Bu ifadənin şəklini dəyişərək belə demək olar:  İntellektin yeni ünvanı - Hilton. Çünki, bugünkü tədbir kimi indi sitat gətirəcəyim hər iki tədbir də burada keçirilib.  Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı ilə keçən İkinci iqtisadi siyasət forumunda Çilinin sabiq prezidenti cənab Rikardo Laqos çıxış etdi. O, dedi: “Çili Avropa İttifaqı ilə sərbəst ticarət sazişi imzaladı. Biz düşündük ki, ixracımızı dərhal artıra biləcəyik. Amma Avropa rəsmiləri bildirdilər  ki, meyvə-tərəvəzə verilən su Avropa sanitar normalarına uyğun deyil. Ona görə də biz su sistemimizi Avropa səviyyəsinə uyğun yeniləşdirməli olduq. Bu da bir neçə il vaxt tələb etdi.” Deyiləndən belə nəticə çıxara bilərik ki, əvvəl Avropa normalarına uyğunlaşmaq, sonra öhdəlik götürmək daha səmərəli olar. İkinci tədbir Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi tədbir idi. Tədbirdə Malayziyanın sabiq baş naziri Mohatir Məhəmməd çıxış etdi. O, bildirdi: ”Biz hədəf kimi məşğulluq problemini götürmüşdük. Düşündük ki, əgər 1 hektar ərazini kənd təsərrüfatı məqsədilə istifadə etsək, 1-2 nəfər çalışacaq. Sənaye üçün istifadə etsək, 100 nəfər işləyəcək. Düzdür, Azərbaycan əhalisinin təqribən yarısı kənddə yaşayır. Onun bir qismi sırf kənd təsərrüfatı ilə məşğul olur. Onların məşğulluğu, kənd həyat tərzinin - ənənələrin qorunması, habelə ölkənin ərzaq təhlükəsizliyi, süfrələrimizə saf məhsulların gəlməsi baxımından bu məsələ vacibdir. Amma gələcək baxımından, dünya iqtisadiyyatı ilə bir addımlamaq baxımından keyfiyyətli, çoxistiqamətli sənayeləşmə zəruridir. Habelə postindustrial cəmiyyətin tələbləri də nəzərə alınmalıdır.

 Bir vacib məsələ də var. Azərbaycanlıların rahat fəaliyyəti üçün xaricdə Azərbaycan məktəbləri gərəkdir. İlk məqamda əsas iqtisadi partnyorların paytaxtlarında atalar rahat işləsin, övladlar azərbaycanlı kimi böyüyə bilsin. 

Fəxrlə qeyd edə bilərik ki, Azərbaycan şirkətləri artıq beynəlxalq müstəvidə fəaliyyət göstərir.

Dövlət Neft Sirkətinin  xaricdəki nümayəndəlikləri: Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, İsveçrə, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya,  Ukrayna, İsveçrə, Sinqapur, Vyetnam, Nigeriya və birgə müəssisələri ilə dünya enerji bazarında mövqelərini gücləndirmişdir. Gürcüstanda Kulevi Qara dəniz Terminalı yüksək səviyyədə fəaliyyət göstərir. Türkiyədəki “Petkim” neft-kimya şirkətinin genişləndirilməsi və xammalla etibarlı təchiz olunması böyük nailiyyətlərdir. İzmirdə neft emalı zavoduna yatırılan 5 milyard ABŞ dolları nəticəsində Azərbaycan Türkiyəyə daha çox sərmayə yatırmış oldu, nəinki Türkiyə Azərbaycana. Dövlət Neft Şirkətinin istehsal etdiyi məhsulların enerji bazarında istehlakçılara birbaşa və daha əlverişli şərtlərlə çatdırılmasını təmin etmək məqsədi ilə İsveçrədə “SOCAR TRADİNG” şirkəti təsis edilmişdir. Avropaya neft ixracı fəaliyyətinin səmərəliliyini artırmağa, xarici təcrübədən faydalanmağa imkan verən “SOCAR TRADİNG” qısa bir müddət ərzində əhatə dairəsini genişləndirmək üçün dünyanın digər bölgələrində də biznes strukturlarının təşkili istiqamətində mühüm addımlar atmış və 2009-cu ildə Sinqapurda öz törəmə müəssisəsini yaratmışdır [7].

Azərbaycan Beynəlxalq Bankının Moskva, Tiflis, Frankfurt, London, Lyuksemburq, Nyu York və Dubayda nümayəndəlikləri vardır. Qafqaz İnkişaf Bankının Tiflisdə numayəndəliyi fəaliyyət göstərir.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC də xaricdə iri infrastruktur layihələrini icra edir. Məsələn, bu ölkələrdən biri də Əfqanıstandır. 2010-cu ilin may ayından etibarən Korporasiya bu ölkənin Məzari-Şərif şəhəri yaxınlığındakı Kəmp-Şahin məntəqəsində NATO qoşunları ucun dəyəri 16 milyon AZN təşkil edən hərbi düşərgənin tikintisinə baslayib (US Army camp Solicitation number: W917PM-09-R-0070)[8].  «Mətanət A» - şirkəti qloballaşaraq “Mətanət A” ticarət markası adı altında istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər ölkələrə  ixrac edir. Şirkətin Moskva, Aktau və Tbilisi şəhərlərində nümayəndəlikləri vardır. Hazirda Rusiyanin Krasnodar vilayətində tikinti materialları zavodunu insa edir [9]. Bu cür nümunələr yenə var.  

 

Dəyişən beynəlxalq mühit.

Böhran dövründə almanlar Yunanıstanda  aktivləri alır. Azərbaycan artan maliyyə imkanları və beynəlxalq nüfuzundan istifadə edərək bu gün pulla ifadədə  ucuzlaşmış strateji nöqtələri, habelə ölkəmizə mal idxal edən istehsalları ala bilər.

Fəal xarici iqtisadi siyasət = hücum iqtisadiyyatı formulunu qəbul edərək eyni zamanda, o cümlədən, ölkədə yüksək məşğulluq səviyyəsini təmin etmək üçün daxili investisiyalarla xarici investisiyaların səmərəli nisbətini təmin etməyin gərək olduğunu da vurğulayırıq. Bu, milli kapitalın xaricə axını yox, onun strateji nöqtələrdə platsdarm quraraq, yeni Azərbaycan investorları üçün dayaq nöqtəsi yaradaraq, dəyər artırıb şərəflə geri dönüşü olmalıdır.

- Bu qədər gərgin iqtisadi muzakirələrdən sonra bir qədər lirikaya ehtiyac var. Düşünürəm, bir iqtisadi bayatı yerinə düşər:

Əzizinəm bank yaxşı,

Qarabağda tank yaxşı.

Yığmağa qərib ölkə,

Sərfinə Vətən yaxşı!

 

Müzakirələrdən sonra qeyri-ixtiyari belə sual çıxır:

Azərbaycan qarşıya qoyulan bu məqsədlərə çatmağa qadirdirmi?

 Əlbəttə, qadirdir! Çünki:

 

-    AZƏRBAYCAN BMT-nin  Təhlükəsizlik Şurasının SƏDRİDİR!

-    AZƏRBAYCAN Avroviziyanin ev  SAHİBİDİR!

- AZƏRBAYCAN sərhədləri  aşa bilən güclülərin VƏTƏNİDİR!

 

Ədəbiyyat:

1.  www.apa.az

2.  www.maliyye.gov.az

3.  www.oilfund.az

4. www.cbar.az

5. www.president.az

6. www.azpromo.az

7. www.socar.az

8. www.akkord.az

9. www.matanata.com

 

Активная внешнеэкономическая политика как важный фактор устойчивого развития

 

Эльшад Зияд оглы Самедзаде, доктор философии по экономике,

 заместитель председателя Союза Экономистов Азербайджана, доцент АГЭУ

 

Резюме

В статье исследуются проблемы повышения эффективности внешнеэкономической деятельности азербайджанских компаний. Подчеркивается, что есть прочный фундамент прошлого для построения достойного будущего.  Обосновывается необходимость подключения финансовых, институциональных, информационных ресурсов для ускорения этих процессов.  Выдвигается вперед приоритетность защиты национальных интересов в международном сотрудничестве.

 

Ключевые слова: внешнеэкономическая политика, экспорт, финансы, инвестиции, международная среда, азербайджанские компании, информация, индустриализация, Родина, Азербайджан.

 

Active foreign economic society, as the important factor of the solid

development

Elshad Ziyad oglu Samedzadeh

The doctor of philosophy on economy, chairman deputy of the Azerbaijan

Economist Union, ASEU reader.

Essence

  The problem of the increase of the rationality of the activity of Azerbaijan companies in abroad  is investigated in the article. Being of the glorious past foundation for glorious future is stressed. The importance of the transfer of the finance, institutional and information resources to this direction is grounded. The protection of the national interest in international cooperation is drawn.   

Key words: foreign economic society, export, finance, investment, international environment, Azerbaijan companies, information, to become industrialized, motherland, Azerbaijan.  

 

Hadisələr
16.07.2020

Qlobal pandemik çağırışlar və davamlı inkişaf

daha ətraflı...
14.02.2019

Dünya iqtisadiyyatı, qloballaşma və milli maraqlar

daha ətraflı...
24.01.2019

Bu günlərdə «İqtisadiyyat» qəzeti redaksiyasında...

daha ətraflı...
24.01.2019

Rəqəmsal iqtisadiyyat, elektron ticarət

daha ətraflı...
 
 
Copyright © 2010 Aİİ! Bütün hüquqlar qorunur. Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır