Professor Şamil Səmədzadənin 80 illiyinə həsr olunmuş Elmi Konfrans
Hörmətli tədbir iştirakçıları, mən də sizi Azərbaycan İqtisadçılar İttifaqı adından salamlayıram. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Öncə Şamil müəllimin əziz xatirəsini anaraq, ruhunun şad olmasını diləyirəm. Şamil müəllim uzun illər idarəetmə sisteminin səmərəliliyinin artırılmasına yönəldilmiş elmi-nəzəri əsasların hazırlanmasında iştirak etmişdir. O zamanlar Sovet İttifaqının görkəmli iqtisadçıları, kibernetikləri azərbaycanlı həmkarları ilə fəal dialoq şəklində idarəetmə qərarlarının optimallaşdırılmasına xidmət edən elmi-tətbiqi sistemlərin yaradılması ilə məşğul olmuşdur. Dünyada gedən proseslər texniki və iqtisadi elmlərin kəsişməsində yerləşən mərkəzlərin rolunu artırır. Çünki bu təsisatların real iqtisadiyyatla əlaqəsi çoxdur, innovasiyalara açıq olur, onlar hətta nobel mükafatları laureatlarının yetişdirilməsində də mühüm rol oynayırlar. Şamil müəllimin elmi fəaliyyətinin son dövrünün Azərbaycan Texniki Universitetilə bağlanması da Azərbaycan iqtisadiyyatına real nəticələrin verilməsi ilə bağlıdır. Şamil müəllim haqqında şirin xatirələr çoxdur. Onların bir hissəsini mən "İqtisadiyyat" qəzetinin dərc etdiyi Professorun 70 illik yubileyinə təbrik olaraq yazdığım “Əllərində bel, zəkasında sistemli fikir olan cəngavər qamətli alim” məqaləmdə bölüşmüşəm. Görkəmli alim daim sistemli yanaşmanın təbliğatçısı olub. Onun fəaliyyət dairəsi idarəetmə olduğundan mən də bugün Azərbaycan üçün vacib olan məsələrədən birinə - davamlı inkişafın idarə olunması probleminə yığcam da olsa, sistemli şəkildə toxunmaq istəyirəm.
Davamlı inkişaf Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır
İnsan yarandığı gündən öz rifahını yüksəltməyə çalışıb. Daş dövründə ov ovlamaqdan, orta əsrlərdə sənətkarlıqdan gələn yol indiki dövrdə innovasiyalı, informasiya texnologiyalarına əsaslanan istehsalla davam edir. Lakin inkişafının müəyyən anında insan düşünür. Görəsən rifahı artırmaq, iqtisadiyyatı gücləndirmək naminə yaşadığı ətraf mühiti korlamağa, insanlarla münasibəti ikinci plana atmağa dəyərmi? Bu fikirlər sistemləşərək BMT çərçivəsində bizim ümumi gələcəyimiz kimi elmi sistemlərin yaranması ilə nəticənib, davamlı inkişaf konsepsiyasını yaradıb. Bu konsepsiyanın əsasında 3 sistemin ahəngli inkişafı nəzərdə tutulur: iqtisadiyyat, ətraf mühit və sosial mühit. İngilis dilində davamlı sustainable, rus dilində ustoyçevoe razvitiye, Azərbaycan dilində isə bəzi tədqiqatçılar tərəfindən davamlı, bəziləri tərəfindən isə dayanıqlı inkişaf kimi tərcümə olunub. Biz davamlı inkişaf ifadəsinin tərəfdarıyıq, çünki dinamik proses dayanıbsa, demək o inkişafda deyil. Amma dayanıqlılıq istilahının (kateqoriyasının) burada vacib fəlsəfi yükü var. 3 alt sistem arasında dayanıqlılıq təmin olunmalıdır ki, cəmiyyət dayanıqlı, inkişaf isə davamlı olsun. Bu gün Azərbaycan cəmiyyətini maraqlandıran suallardan biri də beynəlxalq bazarlarda dəyişən vəziyyət və Azərbaycan iqtisadiyyatının buna cavab reaksiyasıdır. Azərbaycanın inkişaf strategiyası var, lakin bir daha arzulamaq istəyirik ki, istənilən vəziyyətdə qeyd etdiyimiz beynəlxalq prinsiplər nəzərə alınmalıdır. Sonrakı məsələ həqiqətin axtarılmasıdır. Şamil müəllimin çox hörmətlə xatırladığı Leonardo Da Vinçidən sitat gətirmək istəyirəm: “Elm sərkərdədir, təcrübə əsgərlər”. Biz indiki məqamda iqtisadi nəzəriyyəyə baxmalıyıq. Qəbul olunmuş bir faktdır ki, dünya iqtisadiyyatında baş vermiş ən böyük kataklizm ABŞ-da baş vermiş Böyük İqtisadi Depressiya olmuşdur (1929-1933). Birləşmiş Ştatları isə bu vəziyyətdən iqtisadi ideoloq Con Meynard Keyns çıxarmışdır. Ona görə iqtisadiyyatda çətinlik baş verdikdə deyirlər ki, keynsçilərin sayı artır. Amma bu gün Azərbaycanda da, dünyada da baş verən hadisələr liberallaşmağa, rəqabət mühitinin artırılmasına, ixracın təşviqinə yönəldilmişdir. Buradan belə nəticə çıxır ki, meyil klassik məktəbə istiqamətlənmişdir. Lakin milli iqtisadiyyat çərçivəsində liberallaşma olduqdan sonra iqtisadi ədədlərin necə hərəkət etməsi də maraqlı olacaq. Deməli, həm sərt tənzimlənməni, həm azad bazarı, həm rasional elmi istiqamətləri özündə birləşdirən nəzəriyyə çələngi Azərbaycanın dövlət iqtisadi siyasətinin əsasında dayanmalıdır. Növbəti sual aralıq məqsədin müəyyənləşdirilməsidir. Xatırladım ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra əsas məsələ sabitliyin, xüsusilə makromaliyyə sabitliyinin təmin olunması olub. Sonra institusional, daha sonra ifrastruktur inkişafı diqqət mərkəzində dayanıb. Hazırda isə əsas diqqət məşğuluq olmalıdır. Cənab Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının 2-ci ilinin yekunlarına həsr olunmuş konfransda da vurğuladı ki, məşğulluq öncül istiqamətdir.
Nə qədər iş yeri yaradılmalıdır? Statistikaya müraciət edərək qeyd edim ki, ölkəmizdə əmək qabiliyyətli əhalinin, yəni 18 yaşına çatmış şəxslərin bu il üçün təqribən 76 900 nəfər (1998-ci il əhali artımı) artdığını nəzərə alaraq deyə bilərik ki, bu qədər yeni iş yerinin yaradılmasına da çalışmaq lazımdır. Amma əvvəlki dövrlərin kəsrlərini, bugünkü ixtisarları nəzərə alaraq deyə bilərk ki, daha artıq yeni iş yerinin yaradılmasına ehtiyac var. Bunu isə sərmayələrin artırılması yolu ilə etmək lazımdır. Sual yaranır ki, bir iş yerinin yaradılması üçün nə qədər vəsait lazımdır? Sahibkarlığa Kömək Milli Fondunun Statistikasına əsasən, deyə bilərik verilmiş hər 19741 manata 1 iş yeri yaradılmışdır. Amma sahibkarların öz vəsaitlərini və məzənnə dəyişikliyini nəzərə alaraq deyə bilərik ki, bu, 30-40 000 manat arasında dəyişir. Bunu 100 000 yeni iş yeri hesabı ilə götürsək, il ərzində 3-4 milyard manat və daha böyük həcmdə sərmayə yatırılmalıdır. Azərbaycan İqtisadcılar İttifaqında biz bu sərmayələrin dövlət büdcəsi, digər institutlarla əlaqəsi, sahibkarlara çatması sxemini və sahibkarlara veriləcək intellektual dəstək sxemini hazırlamışıq. Bunu da yaxın zamanlarda ictimaiyyətə açıqlamaq niyyətindəyik. Onu da bildirmək istəyirəm ki, makromaliyyə sabitliyinin qorunub saxlanması, islahatlar aparılması üçün dövlət idarəetmə qurumları arasında koordinasiyanın gücləndirilmıəsi, biznesin müdafiəsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Nəticə etibarilə Azərbaycanın həm beynəlxalq enerji, həm nəqliyyat layihələrində iştirakı...
Texniki Universitetdə nəqliyyatçıların hazırlanması ilə əlaqədar bir faktı da qeyd edim - rus alimi, RTEA-nın həqiqi üzvü K.Sencaqov iqtisadi təhlükəsizliklə bağlı bir tədqiqat aparmışdır ki, nəqliyyatın inkişafından nəqliyyat özü daha çox gəlir əldə edir, yoxsa ümumilikdə cəmiyyət? Müəyyən olunmuşdur ki, bundan cəmiyyət nəqliyyata nisbətən 7 dəfə daha çox gəlir əldə edir. Nəqliyyat inkişaf etdikcə ətraf ərazilər abadlaşaraq qiyməti artır, göz qabağında nəql olunan yüklər əsasında rahat çevik marketinq nəticəsində istehsal yaranır, düzgün korporativ inkişaf strategiyaları seçilir. Bu baxımdan cəmiyyətə verilən səmərə çoxalır. Bayaqkı fikri tamamlayaraq, yəni Azərbaycanın potensialını qiymətləndirəndə, demək olar ki, ölkəmizin həm beynəlxalq enerji, həm nəqliyyat layihələrində iştirakı, zəngin təbiəti, elmli, yaradıcı insanlarının olması və bu gücü cəmləndirərək hədəfə istiqamətləndirən dövlət iqtisadi siyasəti davamlı inkişaf üçün bütün şərtlərin mövcud olduğunu göstərir. Diqqətinizə görə təşəkkür edirəm.
Tarix: 10/03/2016
Elşad Səmədzadə
Professor Şamil Səmədzadənin 80 illiyinə
həsr olunmuş Elmi Konfransından
|